Istirahet

May tətilində hara sərfəlidir?

Baxış sayı: 702

Ramazan bayramı ilə əlaqədar may ayında bir həftəlik tətil günləri şəhər əhlini rayonlara üz tutmağa sövq edir. Elə bu səbəbdən də öncəki aylar, günlərlə müqayisədə bölgələrdə kirayə mənzil bazarında, müəyyən qədər də olsa, canlanma müşahidə edilir.

Ən turistik məkanlardan biri olan İsmayıllı və Qəbələdə bir günlük kirayə evlərin qiyməti 60-350 manat arasında dəyişilir. Quba-Qusar bölgəsində isə qiymətlər 60-230 manat arasında dəyişilir. Qax-Zaqatala, Balakəndə bir günlük kirayə evlərin qiyməti 35-300 manatdır.

Hotellərə gəldikdə isə qiymətlər bir qədər də qalxır. Belə ki, Qəbələdə 3 ulduzlu hotellərin qiyməti 97 manatdan başlayır. 5 ulduzlu hotellərin qiyməti isə bir o qədər də yüksək deyil. Belə ki, bu hotellərdə qiymətlər 100-180 manat arasında dəyişilir. Qaxda isə 3 və 5 ulduzlu hotellərin qiyməti 60-160 manat arasında dəyişir. Qubada isə birgünlük qiymətlər 60-130 manat arasında dəyişir.

elnur ferzeliyev

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, bayram olsa da bununla əlaqədar olaraq kirayə mənzil bazarında elə bir canlanma yoxdur:

“Pandemiyadan öncəki dövrlərdə bayram ərəfələrində Azərbaycana ən çox kənardan gəlirdilər. Xüsusən də Cənubi Azərbaycandan axın olurdu. Lakin artıq iki ildir ki, bu sahə tamamilə tükənib”.

E.Fərzəliyev deyir ki, digər bayramlarla müqayisədə Ramazan bayramı ərəfəsində insanlar hotelə, gəzintiyə bir o qədər də zaman ayırmırlar: “Bu bayramda özü Bakıda yaşayan, ata-anası rayonlarda qalanlar öz bölgələrinə axın edirlər. Yəni bunun da kirayə evlərə, hotellərə heç bir təsiri olmur. İnsanlar bu bayramlarda dincəlmir, maksimum qohumları, yaxınları ilə birgə zaman keçirirlər”. O, kirayə mənzil bazarında qiymətlərdə artım olmadığını deyir: “Digər bayramlarda, hətta pandemiya dövründə də kirayə mənzil, hotellərdə qiymət artımı olur. Lakin bu bayramda heç bir qiymət artımı olmur. Bir sözlə, bu bayramın iqtisadiyyata heç bir faydası olmur. Yalnız Ramazandan sonra biz kafe-restoranlarda canlanmaları görə bilərik”.

E.Fərzəliyev bildirir ki, Bakıda turistik hesab edilən ərazilərdə də belə bir canlanma müşahidə edilmir: “Bu dini bayramda insanlar içki, kef məclislərindən uzaq dururlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir