kitab

Uşaq və gənclər niyə kitab oxumurlar?

Baxış sayı: 842

Alimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Bu səbəbdən iki yaşından, hətta bir yaşından uşağı mütaliəyə öyrətmək lazımdır. Valideynlər 1 yaşından etibarən uşaqlara onlar üçün xüsusi hazırlanan kitablar verməlidir. Kağız kitabları təbii ki, 1 yaşında uşağa vermək olmaz. Amma yumşaq kitablar, parçadan, plasmasdan olan kitablar var ki, onlar müxtəlif səslər çıxarır, səhifələrində müxtəlif şəkillər olur. Artıq kitab o yaşdan uşağın canına, qanına, qəlbinə işləyir. Uşaq böyüdükcə, təbii ki, kitablar da böyüyür. Bundan sonra isə kitab oxumaq onun həyat normasına çevrilir.

Uşaqlar üçün elektron kitablar son dərəcə az buraxılır və uşaq ədəbiyyatı yox dərəcəsindədir. Bu problemin qarşısını almaq üçün yeni uşaq kitabları nəşr edilməlidir.

Bəli, Azərbaycanda uşaq və gənclərin problemlərindən biri də mütaliə ilə bağlıdır. Kim, nə qədər kitab oxuyur, mütaliə niyə gündəlik vərdiş olmaqdan çıxıb, bunu necə aradan qaldıraq?

 

Son bir ildə nə qədər kitab oxumusuz? – sorğu nəticələri

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Beynəlxalq Gənclik Günü ərəfəsində son aylarda Azərbaycanda və xaricdə təhsil alan 900 azərbaycanlı gənc respondent arasında keçirilmiş genişmiqyaslı gənclik sorğusunun mütaliə vərdişlərilə bağlı bölümünün nəticələrini açıqlayıb.

Azərbaycanda və xaricdə bakalvr, magistratura və doktorantura pilləsində təhsil alan 900 gənc respondent arasında keçirilən 80 suallıq anket tədqiqatında qoyulan “Son bir ildə oxuduğunuz kitab sayı (pdf formatında kitablar daxil)?” sualına gənclərin 22 faizi 3-5 kitab, 21.3 faizi 6-10 kitab, 17.3 faizi 2-3 kitab, 9,9 faizi 10-15 kitab, 6.1 faizi bir kitab, 5.2 faiz isə heç kitab oxumadıqlarını qeyd deyib.

Bütövlükdə sorğunun nəticələrini təhlil etdikdə gənclərimizin kitab mütaliə vərdişlərinin digər ölkələrlə müqayisə etdikdə orta səviyyədə olduğunu qeyd etmək mümkündür. Dünyada bu sahədə aparılan tədqiqatlarda İsveç, İngiltərə, Hollandiya və Yaponiya kimi inkişaf etmiş ölkələrin gənclərində kitab oxuma səviyyələrinin daha yüksək olduğu məlum olur. Tədqiqatın nəticələrində ən çox narahat edən məqam isə respondentlərin təxminən 10 faizə yaxın bir bölümünün, ya heç kitab oxumamaları və yaxud cəmi bir kitab oxuması olub.

Yeri gəlmişkən, çox kiçik bir kəsim isə yolda kitab oxumaqdan kompleks hissi keçirir. Çünki cəmiyyətdə hələ də nümayişkaranə şəkildə kitab oxuyanları “ədabaz”, “özünü camaata ağıllı göstərmək istəyən” olaraq təqdim edənlər var. Hətta şəxsi müşahidələrimə görə, bəzən ictimai nəqliyyatda kitab oxuyan cavan qızlara sataşmaq, söz atmaq istəyən gənclər bu faktdan gen-bol istifadə edirlər. “Çox oxuma, alim olarsan”, “Oxuduğun kitab olaydım kaş, məni oxu, mən daha maraqlıyam” kimi səviyyəsiz atmacalar özünə hörmət edən xanımları da yolda kitab oxumaqdan az qala soyudur.

 

Ölkəmizə yenidən qayıdacağıq. Hələliksə bir az dünya miqyasına baxaq. Məsələn, Yaponiyada oxumağı çox sevən və metro, ictimai nəqliyyatda mütaliəni adət halına çevirən yaponların bu hərəkətinə “taşiyomi” deyirlər. Bir əli ilə qələbəliyin içində özünə yer tapan, yıxılmamaq üçün harasa dirsəklənən yapon o biri əli ilə kitabını saxlayır. Nahaq yerə onlara dünyanın ən çox mütaliə edən milləti demirlər.

Yaponiyada bir nəfər ildə orta hesabla 25 kitab oxuyur. Türkiyədə isə 6 nəfər bir kitab oxuyur. Readfaster.com internet saytı yazır ki, Amerikada gənclərin 56 faizi ilə 10-dan artıq kitab oxuyur.

Amma informasiya texnologiyalarının inkişafı Birləşmiş Ştatlarda da kitaba marağı azaldıb. Veronis, Suhler& Associates investment bankerin araşdırmasına görə, Amerikada hər bir adam gündə dörd saat televizora baxır, üç saat radioya qulaq asır, cəmi 14 dəqiqə ərzində jurnal oxuyur. «Exo Moskvı» radiosunun məlumatına görə, rusların 52 faizi kitab almır, 37 faizi kitab oxumur. Əhalinin 79 faizi kitabxanalara getmir.

 

150 dəqiqəni seriala ayırmaqdansa, 75 səhifə kitaba ayır

Yaxşı, bəs niyə az kitab oxuyuruq? Doğrudanmı ancaq vaxt qıtlığıdır? Bir neçə hesablama edək. Adi misal: Türkiyə kanallarında yayımlanan bir serialın reklamlarla birgə orta hesabla müddəti 2.5 saatdır. Hər gün 1 serial izləyən şəxs rəsmən 150 dəqiqəlik bir zamanını boş yerə xərcləyir. Orta hesabla bir insanın bir səhifəni 2 dəqiqə müddətində oxuduğunu, bir kitabın da ən azı 200 səhifə olduğunu nəzərə alsaq, bəsit bir hesablama edək. İzləyici bu zaman içində gündə 75 səhifə olmaq üzrə 3 gündə bir kitabı bitirmiş olur. Aylıq olaraq isə 10 kitab oxumuş olur. Gün ərzində təqib edilən digər serial və proqramlar isə bu hesaba qatılmayıb.

Keçək digər hesablamaya. Hər gün işə, məktəbə gedərkən eyni mənzərəyə baxıb xəyallar quraraq xərclənən zamanın bir qismi dəyərləndirilə bilər. Varma nöqtəsinə qədər sadəcə 10 sahifə kitab oxuduğumuz zaman aylıq 300 səhifə oxumuş oluruq. Bu da ən azı 1 ayda 2 kitab oxumaq mənasına gəlir.

Yaponiyada “taşiyomi” deyilən bu termin ilə xalq oxumaq işini vərdişdən daha çox ehtiyac olaraq görür. Bizim də savada, mədəniyyətə, elmə ehtiyacımız var. Bunun üçün dərhal ouma vərdişi qazanmalıyıq. Amma bəzi ölkələrdə hökumət bu işi xalqın iradəsinin, əhvalının öhdəsinə buraxmaq istəmir. Məsələn, Türkiyədə Metro Turizm rəhbərliyi uzaq səfər sərnişinlərinə bir jest edir. Demək, şəhərlərası avtobuslarda onlara çay, kofe, sərinləşdirici içki ikramı ilə yanaşı, yolboyu oxumaq üçün kitab da təklif edilir.

Özü də sözügedən addım “Oxuyan sərnişin” layihəsi çərçivəsində edilir. Metro Turizm rəhbərliyi dünya və türk klassikası, habelə uşaq ədəbiyyatından nümunələri artıq 150 avtobus şirkətinə paylayıb. Layihənin davamı daha geniş spektri əhatə edəcək.

 

Gənc kitab almır, çünki bahadır…

Bilənlər bilir, ölkəmizdə kitab qiymətləri dəhşətli dərəcədə yüksəkdir. İki uşağınla kitab mağazasına girmisənsə, ən yaxşı halda onlardan birini mağazadan narazı halda çıxarırsan. Çünki sən mağazalarda ən yaxşı halda qiyməti 7-8 manatdan başlayan kitablarla qarşılaşırsan. Kitab mağazalarında arzuladığın kitabları almaq orta statistik azərbaycanlının büdcəsini “tozsoran” kimi sovurmağa bənzəyir. 7-8 manatdan başlanan kitab qiymətləri bəzən 18-19 manatda bitir. Türkiyə türkcəsində olanların qiymətindən isə heç danışmaq istəmirəm. 25 manatla qurtarsan, böyük işdir. Mən bu kitabların niyə baha olmasını, buna gətirilən arqumentləri dəfələrlə dinləmişəm. Əlavə dəyər vergisi, gömrük haqqı, xaricdən baha qiymətə gətirilən kitabların öz xərcini çıxarması, bəzi nəşriyyatların çap etdiyi kitabın kağızlarını xaricdən, dollarla sifariş etməsi, devalvasyadan sonra bahalaşmış kağızdan hazırlanan kitabın qiymətinin də avtomatik olaraq artması… Bütün bunları anlayacaq durumdayıq.

Mən nəşriyyat künclərində də, mağaza vitrinlərində də toza bələnmiş minlərlə kitab görmüşəm. Onları baha qiymətə, göz dağı kimi vitrinlərə düzməkdənsə, daha ucuz qiymətə satmaq məntiqli deyilmi?

Hansının maddi itkisi daha böyük olur? Axı məhz bu bahalığın ucbatından saxta kitab bazarı da inkişaf edir. Oxucu oxumaq istədiyi kitabın orjinalının 15 AZN, saxtasının isə 4-5 manata satıldığını görəndə təbii ki, ucuz versiyaya üstünlük verir. Əgər bir kitabın maya dəyəri 1,5 manatdırsa, onu 7-8 manata satmaq… sadəcə, olmaz. Hansısa müəllif öz eqosunu, nüfuz savaşını… qiymətin üzərinə əlavə etməməlidir.

 

Mən bu cür polemikalarda ən çox uğursuz müqayisələrdən qıcıqlanıram. Tələbə niyə kafedə oturmağa pul tapır, ətir almağa pul tapır, amma kitaba yox? Uşağınıza fast foodda bir oturuma 15 manat xərcləyirsiz, amma kitab almırsız… Siz də işbazların bu arqumentini, paralelini eşitmisiz? Ümumilikdə bunu dilə gətirməyi dayandırmaq lazımdır. Çünki əgər bir ölkədə kitab oxuma faizindən narazıyıqsa, belə cığallıq və dirəşməklə heç nəyə nail olmayacağıq. Sadəcə Məhəmməd dağa sarı getmirsə, dağ Məhəmmədə sarı getməlidir məntiqi işə düşməlidir. Kiminçünsə uşağının əyləncəsi, qidalanması daha ön sırada gələ bilər. O baxımdan kitabı daha əlçatan qiymətə salmaq lazımdır ki, o yeməyini yeyəndən sonra uşağı ilə kitab almağa da gəlsin. Yoxsa ki… “sən qarnını doyurursan, amma beynini yox” deyib, soyuq ittihamla insanları kitabdan küsdürmək olmaz.

Qız qalasının yanındakı ucuz kitab mağazası barədə eşitmisiz? O mağazanın sahibi Elman adlı kişidir. Müsahibələrindən birində oxumuşdum ki, “kitabı baha satmaq olmaz. Çünki kitabı baha satsan, birini alacaqlar, ikincini almağa gəlməyəcəklər. İnsanlara 20 qəpik də olsa, 50 qəpik də olsa ucuz kitab satsan, sonra yenə kitab almağa gəlirlər”.

Zarafat deyil, tələbə bir kitabı alar, iki kitabı alar, amma növbəti dəfə kitab almaq üçün gələn ayı gözləməyə məcbur olar. Əvvəllər kitablar ucuz, oxucu az olduğu halda, indi kitab bol, oxucu bol, qiymət bahadır. Özüm dəfələrlə kitab mağazasında iki kitab arasında tərəddüd edən, onun birini götürüb o birini qoyan gənclər görmüşəm.

kitabxana

Kim deyir ki, gənclər kitab oxumur? Kim iddia edir ki, insanlar uşaqlarını əyləncə yerlərinə aparırlar, amma kitab almağa yox?

Səhvdir, yanlışdır. Sizə bir sirr də açımmı? Bir çox valideynlər o bahalı kitab mağazalarına həm də niyə getmirlər, xəbəriniz varmı? Adi mağazalarda 60 qəpiyə olan qələmlər orada 2 manata, plastilinlər, rəngli qələmlər, albomlar… “ceyran belində” oturduğu üçün. Orada şəhadət barmağı boyda bir oyuncaq maşının 15 manata satıldığını görən gözlərin sahibiyəm. Uşaq bunu – istəyəcək, tələb edəcək, israr edəcək. Siz hansı uşağın oyuncağı atıb, kitabı tutduğunu görmüsüz? Kİtabı biz ona aşılamalıyıq, maddi durumumuz imkan verdiyi müddətdə təbii ki.

Müasir dövrün tələblərinə cavab verməyən kitabxana da, cəmiyyət də, təbii ki, oxucusuz qalacaq. Amma bu məsələnin həlli təkcə insanların kitaba qayıtmasına kifayət etmir. Digər tələblər də ortaya çıxır – oxucu nə istəyir, hansı kitabları oxumalıdır, yazılan, nəşr olunan əsərlər onun tələblərini ödəyə bilirmi, yaxud insanları kitaba qaytarmaq üçün nə etməli və s.

İllərdir deyirlər ki, kitab sıradan çıxacaq, düzdür, mən də o fikirdəyəm ki, getdikcə kitab öz yerini elektron kitablara verəcək. Ola bilsin ki, elektron versiyadan da bir az irəli gedəcək. Çünki bu gün Amerikada bir kitabın bir neçə versiyası hazırlanır, əsər yaxşı əsərdirsə, onun həm elektron forması, həm disk formatı, əsərə film çəkilibsə film, tamaşa oynanılıbsa tamaşa və bir də əsərin audio-səsli variantı hazırlanır. Yəni bunlar kompleks şəkildə oxuculara təqdim olunur. Kimə necə rahatdırsa, əsəri elə oxuyur. Şübhəsiz ki, bizdə də bu formalar yavaş-yavaş inkişaf etməyə başlayır. Yəqin ki, gələcəkdə deyilən mətləbə də gəlib çatacağıq. Ancaq hansı formada olmasına baxmayaraq, kitabı heç nə əvəz etmir və etməyəcək. Ona görə ki, Tanrı tərəfindən də Yer üzünə göndərilən kitab olub.

Maraqlı məqam isə odur ki, gənc nəsil hazırda daha çox kompüterdən kitab oxumağa üstünlük verir. Kiril əlifbası ilə çıxan çoxlu sayda kitablar var ki, onları yeni nəsil oxuya bilmir. Ona görə də evlərdə yük olmasın deyə bu kitablar atılır. Həmçinin yaşlı insanların evində o qədər köhnəlmiş sovet ideologiyasına xidmət edən kitablar var ki, yeni nəsil onları gərəksiz hesab etdiyinə görə atır. Ümumiyyətlə isə yeni nəslin kitaba marağının azlığı ciddi problemdir. Bununla bağlı biz həmişə demişik ki, faciəvi bir haldır ki, Azərbaycanın bir sıra rayonlarında kitab mağazaları yoxdur.

Gənclərin niyə kitab oxumağa marağı azalıb sualının cavabı isə çoxdur. İnsanlar görürlər ki, kitab oxuyan adamla kitab oxumayan adamın fərqi yoxdur. Kitab oxuyan adam cəmiyyətdə o qədər də uğur qazana bilmir, xırda-xuruş maaşla akademiyada, yaxud digər müəssisələrdə müəllim kimi işləyir. Kitab oxumayan isə hər hansısa ticarət, biznes sahəsində uğurlar qazanır. Amma ümumi götürəndə son 5 ildə cavanların kitaba marağı xeyli dərəcədə artıb.

 

Azərbaycan insanı isə kağız kitaba öyrəşib və onu sevir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir