deniz

Xəzərin sahilində: Çimərliklərdə qiymətlər sərinləməyə imkan vermir

Baxış sayı: 1. 040

Nazirlər Kabinetinin qərarına əsasən iyun ayının 10-dan etibarən çimərliklərin fəaliyyətinə icazə verilib. Anomal istilərdə paytaxt sakinlərinin ən çox üz tutduğu məkan da elə çimərliklərdir. Sputnik Azərbaycan çimərliklərdə şərait, qiymətlər, xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı vəziyyəti araşdırıb.

Dünən hava isti olduğundan çimərliklərə gedən yollarda avtomobillərin sıxlığı müşahidə olunurdu. Amma əvvəlki illərdən fərqli olaraq çimərliklərin yollarının asfaltlanması, abad olması dənizə üz tutanların çətinliyini xeyli azaltmışdı. Pirşağı istiqamətində çimərlik çox olduğundan seçimi etmək də bir qədər çətin idi. Ta ki, çimərliklərə yaxınlaşıb xidmətin keyfiyyətini və qiymətini görənədək…

Çimərliklər sahibkarların əsarətində – Vətəndaşlar pulsuz içəri buraxılmır!

Elə biz də çoxları kimi çimərliklərdən hansında dayanıb istirahət edəcəyimizi müəyyənləşdirənədək bir neçə çimərliyə baş çəkməli olduq. Əvvəlcə yolumuzu əhali arasında xidmətin daha yaxşı olduğu çimərlik kimi tanınan “Həyat” çimərliyindən salırıq. Çimərliyin girişində girişin pulsuz olduğu yazılsa da, qapıdakı mühafizəçi hər kəs kimi bizdən də bir manat ödəniş etməyi tələb edir. Etiraz edəndə isə pulun avtodayanacaq üçün ödənilməli olduğunu bildirir. Deyir ki, içəridə ödəməli olacağımız 15 manat ancaq kölgəlik və stol-stul üçündür. Giriş üçün ödənilən məbləğin isə həmin qiymətə aidiyyəti yoxdur. Burada sudan pis qoxu gəldiyindən çimərliyə gələnlərin çoxu kimi biz də dərhal çıxmalı oluruq. Daha sonra üz tuturuq yaxın ərazidəki digər çimərliklərə.

Qiymətlər iki-üç dəfə bahalaşıb – 25-30-50 manata…

“Caspian” çimərliyinə daxil olmamış girişdəcə bələdçi bizi qiymətlərlə tanış edir. Məlum olur ki, bu çimərliyə giriş pulsuz olsa da, çimərlik ərazisində kölgəlik və 4 nəfərlik stol-stulun qiyməti 25 manatdan 50 manata qədər dəyişir: “Əgər dənizə yaxın yerdə kölgəlik kirayələmək istəyirsinizsə, qiyməti 50 manatdır. İkinci sırada kölgəliklər 30, üçüncü sırada isə 25 manata təklif edirik. Əlavə nə sifariş versəniz, menyuya uyğun pulunu ödəyəcəksiniz”, – deyə bələdçi bildirir. Bu çimərlikdə günlüklər, stol-stul və şezlonq verilsə də, qiymətlərin çox baha olması səbəbindən digər çimərliyə üz tuturuq. “Sun” çimərliyində isə elə qapıdaca giriş üçün 2 manat, kölgəlik və stol-stul üçün 30 manat ödəniş etməli olduğumuzu bildirirlər.

Beləcə bir neçə çimərliyə yaxınlaşdıqdan sonra məlum olur ki, dənizkənarını icarəyə götürənlər çimərliklərə giriş üçün hər kəsdən 1-2 manat civarında pul tələb edirlər. Halbuki çimərliklərə girişin pulsuz olduğu, bunun üçün vətəndaşlardan pul tələb olunmasının qanunsuz olduğu dəfələrlə aidiyyətə qurumlar tərəfindən bildirilib.

Çimərliklərin vaksin fırıldağı…

İsti havada sərinləmək üçün dənizə üz tutanlar da çimərliklərə vətəndaşların pulla buraxılmasından, eləcə də qiymətlərin bahalığından şikayətləndilər. Paytaxt sakini Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu mövsüm Bakıda pulsuz çimərlik tapmaq müşkülə çevrilib. Ötən mövsüm 10-15 manata icarəyə verilən kölgəlik və stolların qiyməti isə 50 manatadək bahalaşıb:

“Bir neçə çimərlikdə qiymətlərlə maraqlanmışam. Ötən il 10 manata kölgəlik icarəyə verilən çimərliklərdə qiymətlər 25-30, 15 manata olanlarda isə bahalaşaraq 50 manat olub. Çimərliklərdə səbəbini COVID-19-a görə vaksin tələb olunması ilə əlaqələndirirlər. Deyirlər ki, yoxlama aparılmaması üçün aidiyyəti qurumlara pul verdiklərindən qiymətləri bahalaşdırmalı olublar”.

“Caspian” çimərliyində nəzarətçi də bizə eyni fikri söylədi. Çimərliklərə giriş üçün vaksin tələbi olmadığını nəzarətçiyə xatırlatsaq da, o, vaksinə görə yoxlama aparıldığını, bu səbəbdən də qiyməti bahalaşdırmalı olduqlarını söylədi. “Sun” çimərliyində isə bildirdilər ki, rəhbərlik onlara qiyməti qəti aşağı salmamaq barədə göstəriş verib: “Müdiriyyət qiymətləri müəyyən edir. Bizə də tapşırıb ki, yerlər boş qalsa belə, ucuz verməyin. Bizə nə tapşırıblar, onu edirik. Qiyməti aşağı salsaq, gərək öz cibimizdən ödəyək”, – deyə nəzarətçi bildirib.

Ümid qalıb ictimai çimərliklərə

Pirşağı ətrafında çimərliklərdə qiymətlər və xidmətlərlə tanış olduqdan sonra bu ərazidə vətəndaşlar üçün yaradılmış ictimai çimərliyə gəlirik. İctimai çimərlikdə giriş və avtomobillərin parklanması üçün ödəniş tələb olunmurdu. Hətta kölgəliklər belə, dincəlməyə gələnlərin pulsuz istifadəsinə verilmişdi. Yalnız stol və stul icarəyə götürmək üçün 10 manat tələb olunurdu.

Çimərliyə giriş pulsuz olsa da, pullu çimərliklərin çoxundan təmiz və səliqəli idi. Üstəlik burada heç bir çimərlikdə rastlaşmadığımız qaydaya, sosial məsafəyə də əməl olunurdu. Bunun üçün kölgəliklərin ətrafına ip çəkilmişdi. Qida qalıqlarını atmaq üçün isə zibil qabları qoyulmuşdu. Çimərlikdə duş, sanitar qovşaqdan da istifadə etmək imkanı yaradılıb. Pullu çimərliklərin çoxundan fərqli olaraq burada FHN-nin xilasetmə məntəqəsi də fəaliyyət göstərir.

Bu vaxt dənizdə üzmək təhlükəlidir – Xilasedicidən tövsiyələr…

Xilasedici Zahir Ramazanovla söhbət zamanı öyrənirik ki, çimərlikdə təhlükəsizliyə ciddi nəzarət edilir. Şarlardan o tərəfə keçmək istəyən vətəndaşlara dərhal xəbərdarlıq edilir. Bununla belə, xilasedici bildirir ki, çimərliyə gələnlər arasında qaydaları pozaraq özünü təhlükəyə atanlar da az olmur: “Axşama doğru gənclər, yaxud da çimərliyə içkili gələnlər qaydaları pozmağa cəhd edirlər. Sözsüz ki, biz onları dənizdən çıxartmaq səlahiyyətində deyilik. Onlara dənizdə şarlardan o tərəfə keçməyin təhlükəli olduğunu xatırladırıq. Kimsə buna baxmayaraq keçirsə, boğulmaq təhlükəsi yaranırsa, dərhal xilas edirik”, – deyə xilasedici bildirir.

12 ildir ki, bu peşədə çalışan xilasedici valideynlərin uşaqlarını çimərlik ərazisində nəzarətsiz buraxmasından da gileylənir: “Dünən 3 yaşında bir qız valideynlərini itirmişdi. Mən onun əlindən tutub çimərlik boyu gəzə-gəzə valideynlərini tapdım. Belə körpə uşaqları çimərlikdə nəzarətsiz qoymaq qəti yolverilməzdir. Uşaqla çimərliyə gələn bütün valideynlər bunun məsuliyyətini dərk etməlidirlər”.

Digər xilasedici Ceyhun Fərziyev isə peşəsinin məsuliyyətli olduğunu, çətin olsa belə, şərəfli olduğunu bildirir: “İnsanları xilas etmək üçün bütün günü günün altında işləməyə dəyər. Çünki insan həyatından qiymətli heç nə yoxdur. Çox arzu edərdik ki, insanlar dənizdə küləkli havada üzməsinlər. Şimal küləyi bərkiyirsə, dənizdə suyun altında axın yaranır. Biz bu zaman çimməyə qadağa qoyuruq”, – deyə Ceyhun Fərziyev bildirir.

Mövsüm başlayandan hələ ki, bu çimərlikdə batan olmadığını deyən xilasedicilər ehtiyatı da əldən vermirlər. Gün ərzində, xüsusilə axşam saatlarında xilasedici gəmisi ilə dənizdə dövrə vuraraq vəziyyəti nəzarətdə saxladıqlarını söyləyirlər. Dənizdə isə dincələnlər arasında isə bu tövsiyələrə əməl edənlər də var, həyatlarını riskə atıb qoyulan məsafəni keçənlər də.

Çimərliklərdən gələn pis qoxu insanları dənizə həsrət qoyub..

Çimərlik ərazisinə gələnlərin bəziləri isə dənizə təhlükəyə görə yox, suyun çirkli olması üzündən girmədiklərini bildirdilər. Pirşağı ərazisində çimərliklərdə infrastruktur yaradılsa da, dənizin suyunun natəmiz olması səbəbindən insanların çoxu isti qumun üstündə dincəlməklə kifayətlənməli olurdu. Burada həmsöhbət olduğumuz paytaxt sakini Pirzadə Abdulla deyir ki, dənizdə üzməyi sevsə də, Xəzərin suyunun çirkli olması üzündən dənizin mehində sərinləməklə kifayətlənir: “Dənizə hər yerdən kanalizasiya suları axır. Buraya gələnə qədər bir neçə çimərliyə getmişəm.

Çoxunun kənarında əyləşmək belə, mümkün deyil. Kanalizasiya qoxusu adamı dənizin 10 metrliyindən adamı vurur. Burdan əvvəlki çimərlikdə su sapsarı rəngdə idi. Dənizə yaxınlaşdıqca pis qoxu gəlirdi. Ona görə də dənizə kənardan baxıram. Çox arzu edərdik ki, çimərliklərdə yaratdıqları şərait kimi dənizə natəmiz suların axıdılmasının qarşısını da alsınlar”, – deyə sakin bildirir.

Çimərlik turizminin inkişafı nağıl oldu

Qeyd edək ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı strateji yol xəritəsi və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” qəbul edilib. Strateji yol xəritəsində bildirilir ki, turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görülməlidir. Buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxildir.

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamına əsasən hazırlanan tədbirlər planına görə, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Həmin sənədə əsasən, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.

Çimərliklərdəki hazırkı şərait, qiymətlər və dəniz suyunun vəziyyəti isə ölkəmizdə çimərlik turizminin inkişafı üçün hələ çox iş görülməli olduğundan xəbər verir. 2020-ci ildə başa çatan “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin isə demək olar ki, cüzi hissəsi belə həyata keçirilməyib. Hər il çimərlik turizmindən küllü məbləğdə gəlir əldə edən qonşu Türkiyə və Gürcüstandan isə belə görünür ki, öyrənəcəyimiz çox şey var. Ölkəmizdə çimərlik turizmini inkişaf etdirmək üçün bu məkanlara gedən yolların asfaltlanması isə sadəcə turistləri çimərliyə qədər aparan vasitədir. Dəniz suyunun vəziyyəti, çimərliklərdə xidmətlə üst-üstə düşməyən qiymətlər, natəmizlik belə davam edərsə çimərliyə abad yolla gedən turistlərin elə dənizə baş vurmamış geri qayıdacağı qaçılmazdır.

6 yerdə ictimai çimərlik yaradılıb

Xatırladaq ki, çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb. İki il ərzində Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Burada yaradılan şərait və ən başlıcası pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhər qonaqlarının böyük rəğbətini qazanıb. Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar mütəmadi olaraq yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılır.

Qeyd edək ki, COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir. Xatırladaq ki, çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir