u

Uşaqlar arasında boğaz infeksiyası yayılıb

Baxış sayı: 12. 246

Son günlər ölkədə havaların soyuması ilə əlaqədar uşaqlar arasında kəskin respirator virus xəstəlikləri artıb. Belə ki, valideynlər poliklinikalara uşaqlarında öskürək, yüksək hərarət, mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən xəstəliklə bağlı daha çox müraciət edirlər.

Pediatr Könül Əhmədovanın sözlərinə görə, xəstəliklər adətən kütləvi yerlərdə – məktəblərdə, uşaq bağçalarında yayılır. “Gün ərzində kəskin öskürək və yüksək hərarətlə müraciət edənlər olsa da, bu xəstəlik epedemiya deyil. Keçən illə müqayisə etsək, bu il uşaqlar arasında xəstəliklər daha azdır”.

Həkim bildirir ki, xəstələnən uşaqda əvvəlcə halsızlıq, boğaz ağrısı, baş ağrısı və yüksək hərarət müşahidə edilir. Öskürək zamanı onlarda öyümə, qusma görülür. Bu simptomlar qrip və soyuqdəymə zamanı da özünü göstərir. Xəstəlik bir həftə müddətində sağalmağa başlayır. Xəstə uşaqlara bol maye vermək məsləhət görülür. Ağırlaşmalar zamanı həkimə müraciət etmək lazımdır. “Qışda uşaqlarda əsasən tez-tez üst tənəffüs yolu xəstəlikləri – soyuqdəymə, qrip, tonzillit, qulaq iltihabı, pnevmaniya və bronxit infeksiyaları daha çox müşahidə edilir. Bu xəstəliklər arasında uşaqların ən kəskin keçirdiyi boğaz infeksiyasıdır ki, bu, məktəbli uşaqlarda daha çox rast gəlinir və onlar arasında sürətlə yayılır. Xəstə uşağın badamcıqları şişir, udqunarkən və nəfəs alarkən çətinlik çəkir. Bəzən yatarkən boğulma müşahidə edilir. Əgər müayinə zamanı beta mikrobu təyin edilərsə, mütləq antibiotik müalicəsinə başlanmalı və 10 gün davam etdirilməlidir. Əgər bu xəstəlik zamanı antibiotik istifadə olunmazsa, ürək revmaztizminə yol aça bilər”.

Müsahibimizin sözlərinə görə, qış aylarında suçiçəyi, qızılca, məxmərək və s. bu kimi xəstəliklər də geniş yayılır və uşaqdan uşağa ötürülür. K.Əhmədova hesab edir ki, əsasən uşaq bağçasına gedən uşaqlar, məktəblilər risk altında olurlar. Risk qrupundakı bütün uşaqların qrip və digər tənəffüs yolu xəstəliklərinə qarşı peyvənd edilməsi lazımdır.

Xəstəliyin mikrobları asqırma və öskürmə zamanı havaya yayılır. Məktəblərdə sıralara, partalara, qapı dəstəklərinə yerləşən mikroblar uşaqları xəstə edir. “Buna görə də uşaqlarınızı xəstəlikdən qorumaq üçün ona əllərini yuma vərdişini qazandırmaq lazımdır. Yalnız əllərini yuyaraq bir çox xəstəliklərdən qorunmaq mümkündür. Boğazı ağrıyan uşaqlar ilk iki günü evdə keçirsələr yaxşı olar. İctimai yerlərdə olmaları məcburi olduğu vəziyyətdə xüsusi maskalardan istifadə etmələri məsləhət görülür”.

Öleənin baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, xəstəliklərin artmasına səbəb havaların soyuq keçməsidir. Yəni ölkədə heç bir epedemiya halından söhbət gedə bilməz. “Bu xəstəliklər əsasən məktəb və baxçalarda müşahidə edilir. Kəskin respirator virus xəstəlikləri mövsümi xarakter daşıyır. İlin soyuq fəsilləri üçün xarakterik olan hava-damcı yolu ilə yoluxan xəstəliklər, soyuqdəymə xəstəlikləri artıb. Ölkədə qorxulu heç bir epedemiya yoxdur, amma soyuqdəymə xəstəlikləri var və yayılır”.

Quliyev hesab edir ki, xəstəliklərin yayılmasının 3 səbəbkarı – valideynlər, həkimlər və hava şəraiti – var. Onun sözlərinə görə, valideynlər uşaqların düzgün qulluq etsələr, onların geyimlərinə fikir versələr təbii ki, uşaq da xəstələnməz. “Fəsilləri biz müəyyən etmirik. Havaların soyuq olması da xəstəliklərin yayılma səbəbidir. İmmuniteti zəif olan uşaqlar xəstələnir və digər uşaqlara da yayılır. Həkimlər də vaxtlı vaxtında doğru xidmət etsələr, xəstəliklərin qarşısını almış olarıq”.

Baş pediatr məktəblərdə suçiçəyi xəstəliyinin yayılmasından da danışıb. Dediyinə görə, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da suçiçəyinə qarşı peyvənd aparılmır. Çünki suçiçəyinə qarşı hazırlanmış peyvəndlər tam təkmil deyil. Suçiçəyinin qorxulu, ağır fəsadları olmadığına görə bir qisim ölkələr peyvəndlərdən istifadə etmirlər. “Suçiçəyi olan uşaqlar həkim məsləhəti ilə müalicə edilməlidir. Suçiçəyi zamanı konkret dərman müalicəsi yoxdur. Bu zaman uşağa sadəcə qulluq lazımdır. Xəstə uşağı evdə saxlamaq, həyətə buraxmamaq, hərarət salıcı və antiallergik dərman vermək lazımdır. Spesifik müalicə yoxdur”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir