“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Camaləddin İsmayılovun dediyinə görə, bugünlərdə Federasiya universitet və kolleclərdən birinin II kurs tələbələri üçün “Əmək bazarında təhsil səviyyəsinin rəqabətədavamlılığı” və “Əmək bazarında gənclərin təhsil səviyyəsinin aspektləri” mövzularında tədbirlər keçirib: “Gənclər əmək bazarında öz yerlərini tapmaq, məzun olduqdan sonra layiqli işlə məşğul olmaq üçün təhsil alırlar. Ancaq bunun üçün təkcə bir diplom kifayət deyil. Onların bilik səviyyəsinin rəqabətli olması vacibdir. İndi Sovet İttifaqını çoxları tənqid edir, amma o, pulsuz təhsil verirdi ki, onun da səviyyəsi indikindən qat-qat yüksək idi. İndi isə təhsilin səviyyəsi son dərəcə aşağıdır. Təhsildə nə baş verir? Yaxşı heç nə yoxdur və bunu keçirdiyimiz tədbirlər bir daha nümayiş etdirdi”.
İsmayılov bildirir ki, bilik səviyyəsinin əmək bazarının tələblərinə uyğun gəlməməsi ali və peşə təhsili diplomu sahiblərinin çox vaxt gözlədikləri işi ala bilməməsinin səbəblərindən biridir: “Niyə belə təhsil almaq əvəzinə, deyək ki, qaynaqçı, telekommunikasiya ustası, istilik sistemlərinin quraşdırılması və s. peşəsi öyrənməyək? Onlara ehtiyac var, yaxşı pul qazanırlar, amma indi belə bir işə getmək istəyənlər azdır”.
Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov da təsdiqləyir ki, məzunların səviyyəsinin işəgötürənlərin tələblərinə uyğun gəlməməsi problemi mövcuddur: “Universitet və ya kolleci yeni bitirənlərin əsas çətinliyi təcrübənin olmamasıdır. Onları çox vaxt ya ümumiyyətlə işə götürmürlər, ya da əvvəlcədən kurslara göndərirlər. Bir tərəfdən işçinin çiyinləri arxasında təcrübə olmasını istəyən işəgötürənləri başa düşmək olar, digər tərəfdən də təhsilini təzəcə bitiribsə, o təcrübəni haradan və necə əldə etmək olar? Məsələn, Sovet dövründə pedaqoji institutların tələbələri dördüncü kursda praktiki təcrübə keçirdilər və onlar tədris prosesinin vaxtının təxminən yarısını ona ayırırdılar. Tələbə artıq hazır müəllim idi. Digər ali təhsil müəssisələrində də hər şey analoji sxem üzrə baş verirdi. Biri fabrikdə, digəri zavodda təcrübə keçib. SSRİ-nin dağılmasından sonra uzun müddət bu təcrübə itirildi, lakin son vaxtlar bu təcrübə yenidən canlanır ki, bu da yaxşı xəbərdir”.
Xarici dillərə və kompüter proqramlarına gəlincə, ekspert bunun zamanın tələbi olduğunu vurğulayıb: “Amma ali məktəblərə 1 ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “İnformatika” fənnini tətbiq etməyə hazırlaşması birmənalı olmayan reaksiyaya səbəb olub. Kimsə əmindir ki, informatika o qədər vacib fəndir ki, imtahanların sırasında bütün qruplara daxil edilməlidir. Digərləri bunun yanlış yanaşma olduğuna inanırlar və hesab edirlər ki, bir çox peşələr üçün bu vacib deyil”.
Xarici dillərdən danışan İsrafilov qeyd edib ki, bəziləri Azərbaycanda rus dilini öyrənməyə ehtiyac olmadığını düşünürlər: “Amma bu, belə deyil, bizim əmək bazarında konkret vakansiyaya müraciət edənlərdən çox vaxt bu dili bilməsi gözlənilir. Əmək bazarı ilə təhsil müəssisələri arasında uyğunluq olmalıdır”.
Elya Belskaya