bosanma

Azərbaycanda boşanmalarda antirekord: 15 min…

Baxış sayı: 655

Son dövrlər aparılan müxtəlif sorğular zamanı məlum olub ki, əhalinin sosial rifahı, sosial şəbəkələr, xəyanət kimi amillər daha çox boşanmalara səbəb olan amillərdir

Açıqlanan statistik rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 15 659 boşanma halları qeydə alınıb. 11 ayda 15 mindən çox boşanmanın qeydə alınması rekord göstəricidir. Ekspertlər boşanmaların sürətlə artmasından narahatlıq hissi keçirir. Gənclər evlilikdə hansı məsuliyyətlər var, ailə dəyərləri nədən ibarətdir  kimi suallardan əksər vaxtlarda xəbərsiz olurlar.  Son dövrlər aparılan müxtəlif sorğular zamanı məlum olub ki, əhalinin sosial rifahi, sosial şəbəkələr, xəyanət kimi amillər daha çox boşanmalara səbəb olan amillərdir.

Millət vəkili Fazil Mustafa bir müddət əvvəl boşanmalara səbəb kimi sosial şəbəkələrin böyük təsirindən danışıb. O qeyd edib ki, insanlar fikirlərini, hisslərini virtual mühitdə lazımi səviyyədə ifadə etmədiklərinə görə ailədə problemlər yaşanır: “Amma bu, sosial şəbəkənin günahı deyil. Məsələn, sosial şəbəkələr elmi tədqiqatın, Kolumbiyada narkotikin, Azərbaycanda da qeybətin inkişafına təsir edir. Biz sosial şəbəkələrdə artıq mədəniləşmə amilini inkişaf etdirə bilmirik. Mədəni insanlar virtual mühitdən uzaqlaşmağa başlayıb. Burada dedi-qodu, gəvəzəlik, lağlağı ilə məşğul olanların sayı artıb. Ailə dəyərlərini də bu cür açıqlığa çıxaranda, onun necə idarə olunacağı, hansı istiqamətə doğru irəliləyəcəyi müəmmalı qalır”.

Fazıl Mustafa - Vikipedi

Millət vəkili əlavə edib ki, klassik ailə modelini bərpa etmək missiyasını yerinə yetirmirik: “Ailə münasibətlərini araşdırma imitasiyasından uzaqlaşdıra bilsək, daha böyük məsafə qət edə bilərik. Sağlamlıqla bağlı imitasiya var. Uşaqların məcburi dispanzerasiyasını normal həyata keçirə bilmədiyimizə görə gələcək ailələrin problemlərini əvvəlcədən hazırlayırıq. Ailənin ilk problemi sağlamlıqla bağlı problemdir. İkinci, təhsil imitasiyası bizə imkan vermir ki, mədəni ailə modelinə keçid edək. Bu gün iki ailə bir-biri ilə mədəni səviyyədə müzakirə apara bilmir. Bu da təhsil səviyyəsinin yaratdığı problemlərdən biridir. Üçüncü problem isə tipik şəhər və kənd mədəniyyətinin ortadan qalxmasıdır. Azərbaycanda şəhərdə gecəqondu mədəniyyəti şəhər mədəniyyətini üstələyir. Kənddə isə şəhərdəki imitasiya kənd həyatını üstələyir. Ailə kiçik dövlətdir deyirik. Əslində bu gün qapalı ailə modelindən sosial şəbəkələr nəticəsində açıq ailə modelinə keçməyə məcbur oluruq. Bu gün qapalı mühitdən çıxan ailə açıq rəqabətə dayana bilmir”.

Mahirə Əmirhüseynova: 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğal faktoruna son qoyuldu - "İki sahil"

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mahirə Əmirhüseynova da bizimlə söhbətdə yaxın günlərdə Azərbaycanda mövcud ailə münasibətləri barədə  ictimai rəy sorğusu və sosioloji tədqiqatın keçirildiyini bildirdi. O qeyd etdi ki, sorğu zamanı bir sıra məqamlar ortaya çıxıb: “Sorğuda iştirak edən 3 respondent sosial şəbəkələr üzərindən qurulan tanışlıqların ailə strukturuna iki formada ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Çoxsaylı boşanmış ailələrlə işləyən hüquqşünas bu problemin olduqca ciddi olduğunu, 7 illik baş məsləhətçi olaraq çalışan respondent isə sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsinin sonradan ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarmasından narahat olduğunu bildirib. 4 respondent isə sosial şəbəkələrin ailə daxilində ünsiyyət problemi yaratdığını nəzərə çatdırıb. Onlar düşünürlər ki, sosial şəbəkələrin müsbət tərəfi yoxdur. Sosial şəbəkələr ailədə fərdləri bir-birindən uzaqlaşdırır. İnsanlar sanki sosial şəbəkələrlə yaşayırlar. Ünsiyyət yoxluğu yaranır”.

Bir çox hallarda evlənənlər arasında  şiddət, bir-birini təhqir, hətta zorakılıqla davam edən münasibətlər bir gün son həddə çatır. Acınacaqlısı isə odur ki, bundan ən çox əziyyət çəkən tərəf həmin evliliklərdən dünyaya göz açan uşaqlar olur. Bəs, görəsən, ölkəmizdə yaranan bu arzuolunmaz vəziyyətin qarşısı necə alınmalıdır.  Evlilik öncəsi nələrə diqqət edilməlidir?

Rövşən Nəcəfov. Son müsahib (HEKAYƏ) » Yarpaq.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov isə mövzunu belə şərh etdi: “Ailə institutu yalnız qadın və kişinin bir dam altında yaşaması demək deyil. Ailə institutu həm hüquqi, həm də psixoloji bir anlayışdır. İki şəxs arasında ailə qurmadan öncə həm bioloji, həm də psixoloji uyğunluq olarsa, artıq hüquqi uyğunluğu müəyyən edirlər və nikaha girirlər. Məsələn, bir çox ölkələrdə rəsmi nikahdan öncə cütlüklər ilk olaraq bioloji və psixoloji olaraq bir yerdə yaşayırlar. Sadəcə olaraq, artıq ailənin qurulması həm də iki insanın bir-birilərinə hüquqi olaraq bağlılığını formalaşdırmaqdır. Ailədə psixoloji olaraq boşanma baş veribsə, mənəvi olaraq bağlar ayrılıbsa, artıq hüquqi boşanma da olmalıdır. İstənilən formada hüquq və psixologiya burada birlikdə istiqamətlənməlidir. Bu baxımdan hazırda ailə qurmuş insanları, ailə qurmağa hazırlaşanları hüquqi və psixoloji cəhətdən maarifləndirmək lazımdır. Onlar öz hüquqlarını və o uyğunluqları bilməlidirlər. Gələcəkdə onları nələrin gözlədiyini bilməlidirlər. Bu gün hər şey çox gözəl görünə bilər. Toyda və bu xeyir işdə hər şey çox gözəl, nağıl kimi görünür. Amma həyatın reallıqları var və insanlar buna həm psixoloji, həm maddi, həm sosial olaraq hazır olmalıdırlar ki, sabah nağıl kimi başlayan ailə münasibətləri faciə ilə bitməsin. Kişilər elə düşünürlər ki, qadınlar onların şəxsi mülküdür. Belə olan halda həm insan hüquqları pozulur, həm də fiziki, psixoloji şiddət ortaya çıxır, ailə institutu tamamilə dağılır. Bununla bağlı atılacaq əsas addımlar hüquqi və psixoloji maarifləndirmədir. Cəmiyyəti bu haqda geniş məlumatlandırmaq lazımdır ki, ailə qurmadan öncə cütlüklər həm bioloji, həm də psixoloji uyğunluqlarını müəyyən etsinlər. Bioloji uyğunluq dedikdə, burada onların tibbi yoxlamadan keçməsi nəzərdə tutulur. Dünya təcrübəsində də var ki, evlilikdən öncə cütlüklər psixoloji ailə testlərindən keçirlər və daha sonra onlarla konsultasiya aparılır. Nə qədər ailə qurmağa uyğunluq var, ya yox, bu, müzakirə edilir, empatiya hissi izah olunur. Hazırda ailələrdə münaqişələrin yaranmasına əsas səbəb empatiyanın olmamasıdır. Yəni heç bir cins özünü qarşı tərəfin yerinə qoymur. Bu gün ailələr haqqında danışanda, oradakı cinayətlərlə bağlı fikirlər bildirəndə bir məqamı unuduruq. Ailədə heç bir münaqişə birdən-birə baş vermir. Çox təəssüf ki, Azərbaycanda ailə psixoloqları ilə bağlı bir ənənə yoxdur. Ailələr psixoloqlara müraciət eləmirlər və bunu doğru saymırlar. Elə düşünürlər ki, yalnız dəli olduğumuz halda biz psixoloqa getməliyik və buna görə də yaranmış xırda münaqişələr gələcəkdə böyük cinayətlərə çevrilir”.

Terlan Tagiyeva

Bakı Dövlət Universitetinin Sosial İş kafedrasının müəllimi, sosioloq Tərlan Tağıyeva da mövzuyla bağlı fikirlərini bildirdi: “Müasir dövrdə ailə dəyərlərinin itirildiyini müşahidə edirik. Gənclər evliliyin fərqinə varmadan evləndirilir və ya öz qərarları ilə ailə qururlar. Hər xırda problemə görə boşanırlar. Boşanma hallarının artması natamam ailədə böyüyən uşaqların da artması deməkdir. Həmin uşaqlar travmalı böyüyür. Ailədə ata və ananın olması mütləqdir. Ailədə hər bir valideynin öz rolu və funksiyası var. Natamam ailənin övladları ailə modelinin əksikliklərini yaşayır. Qızlarımızın bir qismi, xüsusilə də rayon yerlərində 18 yaşına çatmamış evləndirilir. Onlar təhsildən uzaqlaşdırılır və nəticədə övladlarına lazımi tərbiyəni verə bilmirlər. Eləcə də  öz hüquqlarını bilmirlər”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir