bosanma

Erkən nikahlar, ödənməyən alimentlər, qeyri-sivil ayrılmalar… və psixoloji sarsıntılarla böyüyən uşaqlar

Baxış sayı: 815

– Niyə boşanırsız?

– Onunla sevərək evlənməmişdim, valideynlərimin məsləhəti ilə ailə qurmuşdum. 7 il evli olduq, heç zaman qadın kimi özümü xoşbəxt hiss etmədim. Həyat yoldaşım araq içir, nəşə çəkirdi, hər zaman bir bəhanə ilə məni döyürdü. Onun ailə üzvlərindən biri mənə qarşı bir necə dəfə əxlaqsız təklif etmişdi. Bunu yoldaşıma deyəndə əvvəl mənə inanmadı, amma ona bunu sübut edə bildim. “Gəl, kirayə yaşamağa gedək, onlarla birgə yaşamayaq” təklifimi də qəbul etmədi, tək yaşamaqdan çəkinirdi. Yoldaşım sonuncu dəfə məni döyəndə “7 ildir ki, dözürəm, artıq boşanıram” dedim (ağlayır). Ailəmi dağıtmaq istəmirdim, illərlə uşaqqlarıma görə dözürdüm.

– Məhkəməyə boşanma üçün hansı iddia ilə müraciət etdiniz?

– Boşanma qərarını mən vermişəm. Amma məhkəməyə mən deyil, ərim xəyanət iddiası ilə müraciət etdi. Guya mən xəyanət etdiyim üçün yoldaşım məndən boşanmaq istəyir. Hakimə dedim ki, bu iddianı qəbul etmirəm, çünki xəyanət etməmişəm, amma boşanmaq istəyirəm. Artıq iki məhkəmə iclası olub.

– Uşaqlarınızı özünüzlə götürə bildiniz?

– Evdən gedəndə 6 yaşlı qızım, 5 yaşlı oğlum qaynanamgildə qaldı. Onları mənə vermədilər, amma 3 yaşlı qızım mənimlədir. O, azyaşlı olduğundan mənimlə qalmasına etiraz etmədilər. Ancaq o iki övladımı da onlardan geri istəyəcəyəm…

Sivil olmayan boşanma

Bu, XXI əsrin sivil insanının qeyri-sivil boşanmasının yaratdığı nəticələrdir.

Etik baxımdan adını qeyd etmədiyimiz 25 yaşlı müsahibimizlə söhbətdən məlum olur ki, boşanma ilə bağlı əri və onun ailəsi ilə qarşılıqlı razılaşmaya gələ bilmir, əri və qaynatası uşaqlarını ona geri verməyəcəklərini deyirlər. Gedəcək bir qapısı olmadığı üçün Bakıdakı sığınacaq mərkəzinə yerləşən gənc qadın ərinin ailəsi tərəfindən ona göstərilən təzyiqlərdən də qorxur.

“Bu yaşımda həyatın ən sərt üzünü gördüm, artıq bilmirəm ki, kimə güvənim” deyən həmsöhbətimiz ədalətin bərpa olunaraq xəyanət damğasının onun üzərindən götürüləcəyi, övladlarına qoşuvaçağı günü gözləyir.

Azərbaycan cəmiyyəti üçün boşanmaların bir çox hallarda dava-dalaşla, tərəflərin düşmənçiliyi ilə, uşaqlı ailələrdə uşaqların valideynlərin birindən tam olaraq ayrılması ilə nəticələnməsi müəyyən qədər xarakterik sayııla bilər. Sivil boşanma halları olsa belə bu hal cəmiyyətimizdə o qədər də geniş yayılmayıb.

Qalmaqallı boşanma prosedurundan keçən müsahibimiz də uşağı əlindən alınan, ərinə guya “xəyanət etdi” iddiası ilə ayrılan tək qadın deyil. Ailələrin dağılmasına görə daha çox qadınları günahkar qismində görən stereotipli cəmiyyətə boşanmaların və bu hala gətirib çxaran qadın zorakılıqlarının “namus”a görə edildiyi də təlqin edilir.

bosanma

Rədd edilmək kişi üçün daha ağırdır

Ailə institutu üzrə davamlı araşdırmalar aparan Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı tədqiqatlarına əsasən bildirir ki, valideynlərin məsləhəti ilə qurulan ailələrdə çox hallarda boşanma qərarı qadınlar tərəfindən verilir: “Bəziləri sonda nəticənin eyni olduğunu nəzərə alıb, bu qərara birinci kimin gəlməsini əhəmiyyətsiz sayırlar. Ancaq bu, çox yanlış mövqedir. Çünki söhbət qadının və yaxud kişinin rədd edilməsindən gedir. Bu sahədə aparılan müşahidələr də göstərir ki, rədd edilmək kişi üçün daha ağırdır. Bu zaman kişinin özünə inamı azalır, cəmiyyətdə dost-tanış arasında özünü təhqir olunmuş, mənən alçalmış sayır. Belə hallarda bəzi kişilər qadına müəyyən damğa vuraraq boşanırlar”.

Ebulfez Suleymanli

Sosioloq qeyd edir ki, ölkəmizin regionlarında sırf valideynlərin təkidi ilə erkən yaşda qurulan ailələrdə boşanma halları daha çox olur. Belə ailələrdə fiziki və cinsi zorakılığa məruz qalma halları da müşahidə edilir.

Əbülfəz Süleymanlının sözlərinə görə, belə cütlüklər çox hallarda normal təhsil almadıqlarından onların işlə təminatında problemlər yaranır. Buna görə də həmin cütlüklər maliyyə baxımından valideynlərdən asılı olur və gənc ailə olaraq, özləri müstəqil qərar verə bilmirlər.

 

Əsl və gizli səbəblər

Ədliyyə Nazirliyinin məlumatına əsasən, ölkəmizdə nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluğa, narkomaniyaya aludəçilik, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən nikahlarının pozulduğunu qeyd edirlər.

elgun seferov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyir ki, Azərbaycanda boşanma üçün müraciət edənlərin əksəriyyəti rəsmi səbəb kimi xasiyyətlərinin uyğunsuzluğunu göstərsələr də, real səbəbi gizlədirlər. Real səbəblər sırasında sonsuzluq, alkoqol içkilərə və narkotik maddələrə aludəçilik, bir-birinə psixoloji təsirlərin göstərilməsi və s. kimi məsələlər var.

Komitə rəsmisi açıqlayır ki, hazırda Azərbaycanda ailələr arasında sonsuzluq probleminin müşahidə olunması çox aktualdır. Övladları olmayan ailələr uşaq himayəyə götürmək istəmədikdə boşanma üçün müraciət edirlər.

Elgün Səfərov hesab edir ki, boşanmaların əsas səbəbləri həm də nikaha daxil olanlarda məsuliyyət hissinin olmaması, ailədə psixi və fiziki zorakılıqların edilməsi, müəyyən məhdudiyyətlərin tətbiqidir. Onun fikrincə, iqtisadi çətinliklər ailələrin dağılması üçün əsas problemlərdən sayıla bilsə də, Azərbaycanda bu məsələ ilk beşliyə daxil olan səbəb kimi qeyd edilə bilməz. Çünki 1990-cı illərdə Azərbaycanda iqtisadi çətinliklərin daha çox olmasına baxmayaraq, ölkədə müharibə aparıldığı halda boşanma hallarının sayı az olub.

 

Gənclərin ailə məsuliyyəti haqqında fikirləri

Elgün Səfərov bildirir ki, ailə quranlar ailə məsuliyyəti məsələsinə diqqət yetirməlidirlər. Lakin çox təəssüf ki, gənclərin əksəriyyəti ailə quranda bu məsələni, eləcə də ailə dəyərlərinin qorunmasını nəzərə almırlar.

Əbülfəz Süleymanlı Azərbaycanda və xaricdə təhsil alan 900 gənc respondent arasında apardığı tədqiqatlarına əsasən qeyd edir ki, gənclərin əksəriyyəti həqiqətən də evləndikləri zaman üzərlərinə məsuliyyət götürməkdən qorxurlar. Sosioloq bildirir ki, gənclərə ünvanlanan “Evlilik sizi qorxudurmu?” sualına respondentlərin 48,3 faizi “xeyr, qorxutmur”, 38,6 faizi “bəli qorxudur” , 13,1 faizi isə “bu haqda fikirim yoxdur” cavabını veriblər.

“Evlənmək məni qorxudur” deyən respondentlərə “Evlənməkdən niyə qorxursunuz?” sualını verəndə onların 63,7 faizi “üzərimə məsuliyyət götürməkdən qorxduğum üçün” cavabını verib.

 

Boşanma sayı statistikada

Statistik rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 15 659 boşanma halları qeydə alınıb. 11 ayda 15 mindən çox boşanmanın qeydə alınması rekord göstəricidir.

bosanma

Ailə həyatı üçün dörd təhlükəli dövr

Əbülfəz Süleymanlının sözlərinə görə, evlilik həyatının uğurunu və uğursuzluğunu səciyyələndirən amillərdən biri də evlilik illəridir. Elmi ədəbiyyatda bütün ölkələr üzrə ailə həyatı üçün dörd dövr təhlükəli hesab olunur. Bunlardan birincisi, nikahdan sonrakı ilk aylar, yəni bal ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının üçüncü ilinin sonudur. Ailə həyatı üçün üçüncü təhlükəli dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda, sonuncusu isə evliliyin kifayət qədər inkişaf etmiş bir dövründə – 15-ci ilə təsadüf edir. Mütəxəssislər hər altı cütlükdən birinin bu dövrlərdə ailə problemi ilə üzləşdiyini qeyd edirlər.

 

Boşanmadan sonrakı problemlər və təkliflər

Elgün Səfərov söyləyir ki, boşanmadan sonra yalnız qadınlara deyil, kişilərə qarşı da təhdidlər olur: “Biz həmişə qurban kimi qadını göstəririk, amma kişi də psixoloji travmalara məruz qalır. Boşanmadan sonra bir çox hallarda kişilər uşaqları iə görüşmək hüquqlarını itirirlər”.

Onun sözlərinə görə, boşanmış ailələrdə yaranan əsas probemlərdən biri alimentlərin ödənilməməsi ilə bağlıdır. Komitə rəsmisi əlavə edir ki, alimentlərin ödənilməməsi bu gün Azərbaycanda çox aktual məsələdir. Dövlət komitəsinə edilən müraciətlərin də 25-28 faizi alimentlərin ödənilməsinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır.

Boşanan ailələrə mütəmadi olaraq psixoloji dəstəyin göstərilməsini vacib sayan Elgün Səfərov bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini zəruri sayır:  “Azərbaycanda boşanma ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün qanunvericilikdə mütəmadi dəyişikliklər olması, yeni məsuliyyət növləri müəyyən edilməlidir. İnternet resurslarının ailələrə, uşaqlara təsiri ilə bağlı qiymətləndirmə aparılmalı və bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət növü müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 154 maddəsinə şəxsin, xüsusilə yetkinlik yaşına çatmayanların bərabərlik hüququnun pozulması ilə bağlı ağırlaşdırıcı hallar əlavə edilməlidir”.

 

Boşanmış qadınlar yenidən ailə həyatı qurmaqda çətinlik çəkirlər

Boşanmadan sonrakı problemlər yalnız hüquqi məsələlərlə bağlı olmur. Azərbaycandakı real vəziyyət budur ki, qadınlar boşandıqdan sonra ailə həyatı qurmaqda çətinlik çəkirlər.

Ailənin dağılmasında qadın amilini xüsusilə qabardan bəzi şəxslər boşanmış qadının ikinci dəfə ailə həyatı qurması cəhdlərini qınaqla qarşılayırlar. Qadının yeni ailə həyatı qurmaq səylərinə hətta əxlaqsızlıq donu geyindirmək istəyənlər də tapılır.

Boşandığı üçün kənardan özünə qarşı hər cür qara ləkə yaxılmasını gözləyən qadınlar çox zaman ailə qurmaq üçün yeni insanlarla tanış olmağa ürək etmirlər. Bəzi hallarda qadınların, xüsusilə uşaqlı qadınların yenidən ailə həyatı qurmasına keçmiş ər mane olmağa çalışır.

Kişilər isə bu məsələdə daha sərbəstdirlər və özlərini çərçivəyə salınmamış hiss edirlər. Bir kişinin boşandıqdan sonra subay qalmasını təəccüblə qarşılayan yaxınları ikinci nikah ləngidiyi zaman onu yenidən evləndirmək üçün bütün səylərini ortaya qoyurlar.

bosanma

Stereotiplərin aradan qaldırılması boşanmaların azalmasına imkan verəcək

Elgün Səfərovun qənaətinə görə, Azərbaycanda normal boşanma vərdişlərinin olması, boşanmış qadınlara normal yanaşılma üçün cəmiyyətdəki stereotiplərlə mübarizə aparılmalıdır: “Bu stereotipləri nə qadın, nə kişi, nə qaynana formalaşdırmır. Cəmiyyətin özündə bu  stereotiplər var. Buna görə də bu stereotiplərə görə hansısa cinsi, hansısa yaş qrupunu qınamaq düzgün deyil. Amma stereotiplərlə böyüyən uşaqlar da gələcəkdə belə addım atacaqlar”.

Komitə nümayəndəsi bu fikirdədir ki, stereotiplərin aradan qaldırılması üçün hələ 3-4 yaşları olarkən uşaqlarla bu istiqamət üzrə müəyyən işlər aparılmalıdır: “Yetkinlik yaşına çatmayanların maarifləndirilməsindən ötəri orta məktəblər üçün “Ailə dəyərləri” adlı kitab hazırlanmalıdır. Ümumi təhsil məktəblərindən başlayan bu layihə daha sonra yuxarı səviyyəli təhsil ocaqlarında davam etdirilməlidir. Çox təəssüf ki, ali məktəblərdə ailə hüququ ilə bağlı araşdırmalar aparılmır, bununla bağlı Azərbaycan dilində çap edilən dərs vəsaitlərinin sayı kifayət qədər deyil. Azərbaycan dilində elmi resursların, eləcə də dərs vəsaitlərinin sayı çoxaldılmalı, proqramlar genişləndirilməlidir. Bu siyasət ardıcıl aparılmalıdır”.

Gender bərabərliyi proqramının tətbiqi üçün bir sıra ali məktəblərlə birgə iş aparmağa başladıqlarını deyən E.Səfərov hesab edir ki, belə proqramların istifadəsi ailə dəyərlərinin gücləndirilməsinə, ölkəmizdə sağlam ailələrin qurulmasına təsir edəcək. Ümumən stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə işinin gücləndirilməsi boşanmaların, intiharların sayının azalmasına imkan verəcək”.

Uyğunsuzluqların, müəyyən problemlərin özünü göstərdiyi ailələrdə ər-arvadın boşanma qərarını verməsi normal qarşılanmalıdır. Bütün sivil cəmiyyətlərdə belə qərarlara hörmətlə yanaşılır və tərəflərin elə özləri mümkün qədər aralarında heç bir problem yaratmamağa, boşanmanın uşaqların həyatına təsir göstərməməsinə çalışırlar.

Azərbaycanda isə əksər hallarda boşanma tərəflərdən birinin sanki cinayət törətməsi kimi başa düşülür. Boşanmış ər və ya arvad qarşı tərəflə bütün əlaqələri kəsir, uşaqlarının digər valideynlə görüşməsinə imkan verilmir. Nəticədə ortada həyatı param-parça olmuş bir uşaq qalır.

Cəmiyyətin belə böyütdüyü uşaq sonradan özü də bu yanaşmanı davam etdirir və beləliklə, qırılmayan stereotiplər qırılmaz zəncir kimi davam edir…

Lakin bunların aradan qaldırılması mümkündür. Təbii ki, dövlətin qanunvericiliyi boşanma və boşanmadan sonra yarana bilən bütün problemlərin həllini nəzərdə tutur. Lakin stereotiplərin qırılması qanunvericiliklə həll edilə bilməz. Bunun üçün cəmiyyətin düşüncəsinin dəyişməsi lazımdır.

 

İlhamə İSABALAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir