miq

MİQ-də yeniliklər dalğası: bəziləri təqdir, bəziləri tənqid olunur

Baxış sayı: 636
Fevralın 16-da “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilmiş onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib ki, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilmiş qaydalarda çox ciddi dəyişikliklər olub: “Həm beynəlxalq təcrübə, həm də müraciətlər, fikirlər, təhsil müəssisələrindən gələn rəylər nəzərə alınır və hər il müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır. Bu il də təkmilləşmələr aparılıb və yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə üzrədir – həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi”.

“Dəyişikliyə əsasən, imtahan vaxtının 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavaba 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zaman da düzgün cavablandırılmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək”, – deyə şöbə müdiri bildirib.

Vakansiya seçimi mərhələsində də dəyişiklik edilib. Dəyişikliyə əsasən, vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvünə veriləcək. Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi 1.05, beş il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1.1 artım əmsalı ilə hesablanacaq. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda tutulmayan və yeni yaranan vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

Müsabiqədə iştirak qaydasına əsasən, digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəlllimlər təyin olunduqları müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Bağırov onu da qeyd edib ki, son illər müəllimlərin işə qəbulu müsabiqəsinə müraciət edən namizədlərin sayı artıb: “Əvvəlki vaxtlarda müəllimlik üçün namizədlərin sayı 10 min idisə, 2021-ci ildə 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib”.

Mövcud dəyişikliklərlə bağlı vəziyyəti şərh edən təhsil eksperti Elçin Əfəndinin fikrincə, bu, olmalı idi: “Əsasən də vaxt məsələsində dəyişikliyin olnası zəruri idi – 90 dəqiqə azlıq təşkil edirdi. Artıq 120 dəqiqə vaxtın verilməsi namizədlərin daha yaxşı nəticə əldə etməsinə imkan yaradacaq”.

“Digər dəyişikliyə əsasən, əvvəl maksimum bal 60 idisə, indi 100-dür. Namizədlər 80 balı ixtisas üzrə, 20 balı isə kurikulum üzrə əldə edə biləcəklər. Sadəcə hər 1 səhv doğru cavaba təsir edəcək deyə (kurikulum üzrə 0.25 bal, ixtisas üzrə isə 0.5 bal aparacaq), namizədlər daha diqqətli olmalıdırlar”, – deyə ekspert qeyd edib.

Onun qənaətincə, təkcə imtahanların məzmun və formasında dəyişiklik kifayət etmir: “Hər il 50-60 min nəfər müraciət etdiyi halda, cəmi 9-10 min nəfər üçün vakansiya çıxarılır. Bu isə çox azdır. Yaxşı olar ki, bu məsələdə də dəyişiklik olsun. Yəni Nazirlik gizlədilmiş vakansiyaları üzə çıxara bilsin. Belə olan halda, ən azı 15 mindən çox şəxs imtahandan sonra işlə təmin oluna bilər”.

Elan olunmuş dəyişikliyin hansı nəticələrə səbəb olacağına qaldıqda isə, ekspertin fikri belə olub: “Fikrimcə, ilk növbədə, bal artımı, həmçinin də keçid balının artması müşahidə olunacaq. Daha sonra isə peşəkar şəxslər müvafiq olaraq yaxşı nəticələr əldə edə biləcəklər. Bu isə onların təyinat alacaqları təhsil müəssisələrində təhsil göstəricilərinə müsbət təsir etmiş olacaq”.

“Mənfi məqamlara gəldikdə, onlardan biri 3 ildən aşağı stajı olanların yerdəyişmədə iştirak edə bilməməsidir. Görünən odur ki, qərardan yenə də narazılıq var və fikrimcə, imtahanlardan sonra kəskin etirazlar olacaq”, – deyə Əfəndi fikrini yekunlaşdırdı.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi Şəlalə Nuriyeva mövzu ilə bağlı deyir ki, dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri olacaq: “Hazırda dəyişikliyi sırf bir istiqamətdə qiymətləndirmək çətindir. Hələlik ən yaxşı və lazımlı tərəfi vaxtın 30 dəqiqə artırılmasıdır ki, MİQ imtahanında demək olar, hər kəs tərəfindən narazılıq yaradan məqamlardan biri idi. Digər müsbət tərəfi 3 ilə qədər iş stajı olmayanların yerdəyişmə zamanı iştirak etmələrinə imkan verilməməsidir”.

“Ancaq yenə də bu, yalnız bir qisim üçün müsbət hal hesab olunur. Bu da MİQ-də iştirak etmək hüququ qazananlara şamildir. Digər tərəfdən baxdıqda, 3 ilə qədər stajı olmayan, amma daimi işləyən müəllimlər üçün müsbət hesab olunmaya bilər. Çünki hələ 1 ildir ki, hanısa ucqar kənddə işləyən müəllim yerdəyişməyə hazırlaşırdısa, indi məcbur qalıb həmin məktəbdə minimum 3 il işləməlidir. Müsbət tərəfi isə digər namizədlərdə bir qədər ümid yaradır ki, seçim edənlərin sayı bir qədər azalır və şərait yarana bilər”, – deyə müəllim söyləyir.

Nuriyeva hər fənnin öz çətinliyi olduğunu qeyd edib: “Bəziləri Azərbaycan dili və ədəbiyyatı fənninə dəqiq fənlər qədər vaxt lazım olmadığını hesab edirlər, amma ən azı sonuncu imtahanda iştirak edənlər bir daha təsdiq edə bilər ki, vaxt qətiyyən kifayət etmirdir. Bu cəhətdən vaxtın artırılması çox xoş oldu. Yarım saat sualları təkrar nəzərdən keçirməyə kifayət edir”.

 

Aəmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir