SAHIB ALTAY

Şəxsi münasibətlərdə mentalitet və hüquq amili

Baxış sayı: 2. 193

Şəxsi münasibət (qadın-kişi) həm bioloji aktdır, həm də sosial. Ümumilikdə isə təbii aktdır. Ailə insan və cəmiyyətin sonradan yaratdığı, şəxsi əmlak hüququndan sonra meydana gəlmiş rəsmi sosial quruluşdur. İqtisadi tərəfi əmlak hüququ, mənəvi-sosial tərəfi atalıq anlayışı və övladın böyüdülməsində ata-ananın paralel iştirak etməsidir. Bu rəsmi quruluş müasir dünya hüququnun mövcud olmadığı dönəmlərdə adət-ənənə, din və kiçik hüquqi aktlarla təşkil olunub.

Tarix boyu toplumların yaradıb, ortaya çıxardığı kültür, mədəniyyət, adət-ənənə sistemi mövcuddur. Bütün dünyada şəxsi münasibətlər eyni istiqamətdə qurulub, eyni mahiyyəti daşısa da, bu prosedur toplumlara görə ayrı-ayrı prinsiplərlə həyata keçirilir. Məsələn, Azərbaycan adət-ənənəsinə görə ciddi şəxsi münasibət yalnız və yalnız ailəyə hesablanır. Yəni qurulub, artıq müəyyən mərhələni keçmiş münasibət aktı mütləq ailəylə nəticələnməlidir. Bunun isə ənənəyə xas müxtəlif səbəbləri var. İlkin səbəblərdən biri də bioloji bakirəliyin əsas sayılmasıdır. Patriarxat təfəkkürə görə Azərbaycanda subay oğlanlar evliliyə qədər müxtəlif qeyri-leqal yollarla intim münasibət qura bilərlər. Qadınlara isə belə bir münasibətin qurulması mental əxlaq tərəfindən qadağan olunub. Ailə qurmaq əsnasında ailəsi uğursuz alınan, boşanmayla və ya hansısa səbəbdən birinci qurduğu ailəni davam etdirə bilməyən kişilər haradasa ikinci dəfə ailə quranda onların bakirə olmayan qadınla evlənməsinə dırnaqarası baxılmır (hətta çox vaxt ikinci dəfə ailə quran kişilər belə bakirəliyi əsas götürür). İlk ailə qurmaq prosesində isə bakirəlik ön planda olur. Bu, toplumun kişisi tərəfindən də, qadını tərəfindən belə qəbul olunub.

Azərbaycan adət-ənənəsində münasibətdə rəsmiyyət anlayışı da təkcə hüquqa əsaslanmır. Münasibətlərdə rəsmiyyət bir neçə mərhələyə ayrılır – elçilik, nişan və evlilik. Bizim ənənəmiz evliliyə qədər münasibətdə olan qadınla, kişinin intim münasibətinə icazə vermir. Bunu kimlərsə edəndə belə ətrafdan kimlərsə xəbər tutsa, onlar tərəfindən pis qarşılanır. İntim münasibətdə öncə cütlüklərin birlikdə vaxt keçirməsi belə çox vaxt onların valideynləri, qohumları tərəfindən birmənalı qarşılanmır, çox vaxt ənənyə əsaslı rəsmiyyət prinsipi – elçilik, nişan tələb olunur.

Müasir dövrdə müəyyən mühitlərdə isə bu prinsiplər pozulur. Zaman-zaman insanın təfəkkürü, dünyagörüşü dəyişdiyi, inkişaf etdiyi kimi, onun həyat tərzi də dəyişir. İnkişaf birmənalı proses deyil. İnkişaf bir tərəfdə insan həyatını rahatlaşdırır, digər tərəfdən insan həyatına maddi, mənəvi, sosial, psixoloji yeni şərtlər daxil edir. Məsələn, müasir dövrün yaşam şərtləri, ailə münasibətləri, ailə büdcəsi, tələbatları, 30 il öncənin şərtlərinə görə xeyli fərqlənir. Ailə cəmiyyətə fərd yetişdirən sosial institutdur. Böyük bir məsuliyyətdir. Bu məsuliyyətin qarşısında bugünkü gəncliyin bütün şərtləri dərk edən qismi daha çox oxumağa, inkişaf etməyə, karyera qurmağa, iş sahibi olmağa, xülasə müəyyən imkanları əldə edib, daha sonra ailə qurmağı hədəfləyir. Dünyada həm aktual mövzuya, həm də zərurətə çevrilmiş gender aktı da bunu dəstəkləyir. Nəticədə gənclik əvvəlki dövrlərə nisbətdə bir az gec ailə məsuliyyətini daşımağı hədəfləyir. O dövrə kimi də bəzi cütlüklər qarşılıqlı münasibətlər əsasında həm də intim həyatlarını yaşayırlar. Bu münasibətlər sonradan evliliyə çevrilə də bilir, çevrilməyə də.

Digər səbəb isə mədəniyyətlərin mübarizəsiylə bağlıdır. Müasir dünyanın inkişaf tendensiyasının xammalı olan elmi, mədəni, iqtisadi sistemin mərkəzi XVIII əsrin ortalarında bu intibaha nail olmuş Avropadır. Sən nəyin yaradıcısısansa, onun dominantısan. Təbii ki, dünyda elmi, iqtisadi, siyasi dominantlığa sahib Avropa ölkələri və ABŞ eyni zamanda bütün bu dominantlıq növlərinin fonunda mədəniyyətlərini dominant mədəniyyət kimi əks etdirirlər. Bu, tarixin qanunudur. Necə ki, İslam mədəniyyətini əsas götürən Osmanlı imperiyası da zamanında öz təmsil etdiyi mədəniyyəti əks etdirib, öz hökmranlığı fonunda o mədəniyyəti təbliğ edirdi.

Bu günün ABŞ və Avropa toplumlarında bakirəlik fenomeni mövcud deyil. Müasir avropalı ailəsi də təkcə cütlüklərin bir-birini psixoloji, mənəvi, xarakter etibarilə tanıması əsasında yox, həm də bir-birinin bütün potensiallarını öyrənməsi əsasında qurulur. “Vətəndaş nikahı” deyilən bir sosial quruluş mövcuddur. Sevgili cütlüklər özlərinə məxsus bir ev tutub, bir müddət birlikdə yaşayırlar. Bir-birlərinin zövqünü, potensialını öyrənirlər, bir-birilərinə nə qədər dözümlü olub, olmadıqlarını sınaqdan keçirib, daha sonra ailə qururlar. Səbəb isə məlumdur, nikah əlavə məsuliyyət yükləyir. Bundan əlavə övlad məsələsi ön plana keçir. Bu münasibətlərin əsas səbəblərindən biri də ailə münaqişələri və problemləridir. Bir ailəni qurub, bir-iki uşaqla həm qadının, həm kişinin üzərinə hüquqi məsuliyyət yükləməkdənsə, bu cür münasibətlərlə nəticəyə gəlib, daha sağlam ailə qurmağı hədəfləyirlər. Təbii ki, bu cür modellər atıq təkcə ABŞ və Avropada deyil, müxtəlif ölkələrdə mövcuddur. Qloballaşan dünyada Azərbaycanda da bu cür münasibətlər qurulur. Burada qeyri-adi bir şey yoxdur. Bizim kütə insanımıza yad gələn məqam məişət təfəkkürü və mental əxlaqdır. Bizdə evliliyə qədər mövcud olan bu münasibətlər çox deyil, əyalət insanlarının əksəriyyəti mental əxlaq və təfəkkür əsasında ailə qurur. Və sırf buna görə rayonlarda, kəndlərdə erkən evlilik, erkən nikah, məcburi evlilik aktları mövcuddur.

Ümumilikdə isə mən təbiiliyin tərəfindəyəm. İnsanın bu günə kimi gəlib, keçdiyi mədəni təkamül mərhələləri mövcuddur. Müasir düşüncə bizə, məqsədsiz çoxalma instiktinə tabe olub, şərtləri, quruluşu, uşaq yetişdirmək prosesini, valideynliyi dərk etmədən ailə qurmağın absurd olduğunu təlqin edir. Bir də münasibətlər sərf ailə qurmağa xatir qurulmamalıdır. Bu, artıq bir növ təmənnaya çevrilir. Uzlaşmayan münasibətlər uğursuz ailələrə gətirib, çıxarır. Ailə gözəldir, ancaq uzlaşan fərdlərin münasibətindən doğanda, şərtləri dərk edəndə və.s. Bu gün Azərbaycan məhkəmələri, mətbuatı uğursuz ailə müraciətləriylə dolub, daşır. Qurulan münasibətin statusundan asılı olmayaraq, tərəflər arasındakı fikir, düşüncə, psixoloji, mənəvi, maddi, xarakter uzlaşmaları, səmimiyyət və dürüstlük mövcud olmalıdır. Bu səmimiyyət və sevgi mövcud olduqdan sonra münasibətin statusundan, istiqamətindən asılı olmayarq insanlar birlikdə xoşbəxt ola bilirlər. İnsanın sosial təkamülü irəlilədikcə özünə daha rahat həyat tərzi arzu edir. Bizim müasir gəncliyi də heç kim, heç nəyə təhrik etmir, sadəcə yuxarıda qeyd etdiyim şərtlər əsasında yeni modellər ortaya çıxır. Hər kəs öz şəxsi həyatında azaddır.

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir