Istirahet

Novruz bayramı günlərində harada istirahət etmək sərfəlidir?

Baxış sayı: 640

Novruz bayramını evdə qeyd etmək kimi adətimiz olsa da, son illər bayram günlərini rayonların birində keçirmək ənənəsi də formalaşır. Bayramla əlaqədar istirahət günlərinin sayının çox olması buna əsl şərait yaradır. Bəs istirahəti necə planlamalı? Qalmaq üçün necə bir yer seçməli: hotel nömrəsi, kotec, yoxsa günlük icarəyə verilən fərdi ev? Bunların hansı mənfi və müsbət tərəfləri var?

Turizm üzrə ekspert Əziz Şiriyev bildirir ki, Novruz bayramı günlərində regionlara axının dörd istiqaməti gözlənilir: cənub, şimal, şimal-qərb və qərb rayonları:

“Nəzərə almaq lazımdır ki, hazırda hotellərin əksəriyyəti çalışmır. Çalışanlar isə 4 və 5 ulduzlulardır. Onların da yalnız əsas binaları işləkdir. Koteclər bir az baha olduğu üçün insanlar daha çox ana binadakı nömrələrə üstünlük verirlər. Bu gün rayonlarda otaq nömrələri səhər yeməyi daxil olmaqla 60 manatdan başlayır. Bu 4 ulduzlu hotellərə aiddir. Beşulduzlu hotellərdə isə qiymətlər 100 manatdan çoxdur. Hələ ki, Şahdağ istiqamətinə səfərlər aktuallığını saxlayır. Qəbələ, Quba hələ də seçimlər arasında ilk yerdədir. Bayram günlərində cənub rayonlarına da axın gözlənilir. Amma bayrama qədər də aksiyalar var. Məsələn, bir neçə hoteldə “2+1” aksiyası keçirilir. Yəni, iki gecə qalana üçüncüsü hədiyyə olunur. Amma Novruz bayramı günlərində qiymətlər qalxacaq və bu kampaniyalar olmayacaq”.

Ekspert deyir ki, günlük evlər ucuz olsa da, hotellərdə mövcud olan xidmətləri orada tapmaq olmur. Məsələn, sauna, SPA, fitnes, 24 saat açıq restoran, resepşena zəng edərək tur təşkil etmək həmin evlərdə mümkünsüzdür.

“Şəhərdən gedən insanlara hotellərdə qalmağı daha çox məsləhət görərdim, nəinki hansısa evlərdə qalmaq. Evlərin yerləşməsindən və otaq sayından başlayaraq günlük qiymətləri 60 manatdan 300-500 manata qədər ola bilir”, – deyə ekspert təxmini qiymətlər haqqında məlumat verib.

ISTIRAHET

Turizm şirkətlərindən birinin mütəxəssisi Xuraman Alməmmədova deyir ki, günlük evlər daha ucuz olsa da, mənfi tərəfi odur ki, bu evlərdə hər işi özün görməlisən:

“Özün otaqları səliqəyə salmalı, özün yeməyini bişirməlisən. Hotellərdə isə qiymət baha olsa da, komfort yüksək səviyyədə olur. Gündəlik evlərin qiyməti yerləşməsindən, sahəsindən, dövründən asılı olaraq dəyişir. Hətta gecəsi 15 manata olan evlər də tapmaq olar. Təbii ki, bu evlər sadəcə yatmağa yer verir”.

Mütəxəssis koteclərin orta qiymətinin təxminən 280 manat olduğunu deyir:

“Lazım gəldikdə qiymətə əlavə etməklə çarpayı götürmək də olur. Koteclər həyət evlərini xatırlatsa da, amma eyni rahatlığı almaq olmur. Məsələn, əksər hotellərdə kotecin qarşısında kabab bişirməyə icazə verilmir.

Hazırda ən böyük tələbat hotellərdə olan standart nömrələrədir. Burada həm rahatlıq var, həm də təhlükəsizlik. Belə nömrələrin qiyməti təxminən 100 manatdan başlayır”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Novruz bayramı ilə bağlı hansısa situasiyanı qiymətləndirmək tezdir:

“Doğrudur, artıq bayram günləri təsdiqlənib. Yəni, insanlar buna uyğun istirahət planlarını qura bilərlər. Bir məqamı da qeyd edim ki, öncədən planlamaq bizim xalqımıza o qədər də uyğun deyil. Bizdə adətən məhz bayram günlərində istirahət planları qurulur.

Regionlarda ildə bir neçə dəfə bayramlarla əlaqədar istirahət mövsümləri olur. Bu da regionlara turist axınına təsir göstərir. Daha çox turistik cəhətdən formalaşmış, hər cür şəraiti olan bölgələrə tələbat çox olur. Amma bunlarla yanaşı, görürük ki, digər regionlarımızda da turizm canlanması baş verir”.

S.Dübəndi deyir ki, son iki ildə yaşadığımız pandemiya inkişaf prosesini müəyyən qədər ləngitdi: “Yoxsa bu sahə daha da inkişaf edərdi, nəzərə alsaq ki, turizmlə bağlı həm dövlət proqramları ciddi işlənilir, həm də ayrı-ayrı iş adamları bu biznesə maraqlıdır”.

Onun sözlərinə görə, regionlara üz tutan turistlər həm hotellərdə, həm koteclərdə, həm də şəxsi evlərdə qalırlar: “Hər birinin mənfi və müsbət tərəfləri var. Bir tərəfdən mənzillər, şəxsi evlər, rezidensiyalar icarəyə verilərkən turistə əlavə imkanlar yaradır. Daha çox böyük ailə ilə səyahətə çıxanlar bu tip yaşayış yerləri seçirlər. Xüsusilə də, körfəz dövlətlərinə nəzər yetirsək, onlar böyük ailə şəklində səyahətə çıxırlar. Bunun nəticəsində, həm paytaxtda, həm də regionlarda mənzil fondu canlanıb. Yəni, bu cür evlərin icarəsi həm turistə sərf edir, həm də icarəyə verən vətəndaş qazanc əldə edir. Amma bunun mənfi tərəfləri də var. Baxmayaraq ki, 2015-ci ildə qəbul olunmuş “AZS745” dövlət standartında yerləşmə tipi olaraq apartamentlər və rezidensiyalar da göstərilib, amma kənd evlərinin və ya şəhərdəki mənzillərin turistlərə təklif olunmasında bizim heç bir qaydamız mövcud deyil. Turistin komfortunu və təhlükəsizliyini təmin edə bilən qayda və ya normativlərə ehtiyac var. Qonşu ölkələrdə bu sahədə müsbət təcrübələr var. Problemlər nədən ibarət olur? Məsələn, turist kənd evinə gələndə görür ki, burada sanitar qovşağı düzgün qurulmayıb və ya insan payına düşən sahə – kvadratmetr uyğun deyil. Bunlar da komfort anlayışını pozan detallardır”.

S.Dübəndi əlavə edir ki, qısamüddətli icarədən gələn gəlirlər bu gün tam boz, hətta qara zonadadır: “Çünki bu sektordan vergi ödənilmir. Buna arxayın olan ev sahibi istədiyi qiyməti müəyyən edir. Amma hotel sahibləri bunu etmir. Çünki onların personalı, xidmətləri, təhlükəsizlik sistemləri, müxtəlif xərcləri, o cümlədən ödədiyi vergilər var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir