novruz bayrami

Novruz bayramı günlərində allergik qidalara necə yanaşmalı? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 608

Novruz bayramı günlərində diqqət edilməli vacib nüanslardan biri də allergik reaksiyalardır.

Qida allergiyası – tərkibində allergenlərin olduğu qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır. Qida məhsullarının səbəb olduğu anafilaksiya – ciddi allergik reaksiya olub, qəfil meydana gəlir və bu zaman hətta ölüm halı da baş verə bilər. Allergik reaksiyalar adətən qidanın istehlakından bir neçə dəqiqə sonra başlayır və 2 saat ərzində özünü göstərir.

Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi A.Həsənovanın hazırladığı elmi məqalədə bu barədə bəhs olunur.

Qida allergiyası adətən 2 yaşdan etibarən özünü büruzə verir. Yerfındığı və qoz-fındıq kimi çərəzlərə qarşı allergiya isə yetkin yaşlarda da müşahidə olunur.

Ümumilikdə həmin reaksiyalara səbəb olan 170 növ qida məhsulu var ki, onlara süd, yerfındığı, qoz, buğda, soya, balıq, yumurta və digər məhsullar aid edilir.

Novruzda yumurta boyanması zamanı kimyəvi maddələrdən istifadə edilməsi xüsusilə də uşaqlarda müəyyən fəsadlara səbəb ola bilər. Qeyd edək ki, uşaqlarda yumurtaya qarşı (toyuq yumurtası) allergik reaksiya daha geniş yayılıb və həmin prosesdən erkən yaşda uşaqların 1-2 faizi əziyyət çəkir. Eyni zamanda, inək südündə olduğu kimi, uşaqlıq və yeniyetməlik dövründə də orqanizmdə dözümlülük yaradır. Yumurtaya qarşı allergiya mütəmadi şəkildə aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır və həmin hal sonralar astmanın inkişafına səbəb olur.

Bu qida məhsuluna qarşı allergik reaksiyanın simptomları həzm sistemi pozuntuları, xüsusən də qarın nahiyəsində ağrılar, dəridə səpgilər, eləcə də respirator problemlər, nadir hallarda isə anafilaksiyadır. Allergik reaksiya yumurta zülalına və ya sarısına qarşı yarana bilər. Lakin aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, allergiyaya səbəb olan zülalların əksəriyyəti yumurta ağında olur. Qeyd edək ki, yumurtanın tam bişirilməsi zamanı zülalların molekulyar strukturu dəyişir, bu da orqanizmin həmin zülalların zərərli maddə kimi qəbuluna mane olur.

Güclü allergik qidalar hesab edilən qoz, fındıq, badam, fıstıq kimi çərəzlərə gəldikdə, həmin çeşid qidalara qarşı allergiyası olanlar onlardan hazırlanan məhsullardan da imtina etməlidirlər. Həmçinin yalnız bir növ çərəzə qarşı allergiyası olanlar digərlərindən də istifadə etməməlidirlər, çünki bir növ çərəzin səbəb olduğu allergik reaksiya digərlərinə qarşı da allergiya riskinin yaranmasına səbəb olur. Bəzi allergik qidalardan fərqli olaraq, çərəzlərə qarşı allergiya ömür boyu qalır. Xüsusən də yerfındığına qarşı allergik reaksiya üzündən hətta anafilaksiya halları da baş verir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8 faizi, yetkin insanların isə 1-2 faizi əziyyət çəkir.

Novruzun əvəzedilməz şirniyyatlarının hazırlanmasında istifadə olunan digər başlıca məhsul buğda unudur. Buğdaya qarşı allergiya məhsulda aşkar olunan bir növ zülala qarşı allergik reaksiyadır və həzm prosesində pozuntulara, qusma, səpki, ödem, daha ağır hallarda isə anafilaksiyaya səbəb ola bilir. Oxşar simptomlara görə buğda allergiyası qlütenə qarşı dözümsüzlüklə qarışdırılır. Halbuki buğdaya qarşı allergik reaksiya onun tərkibində olan yüzlərlə zülalın yalnız birinə qarşı verilmiş immun cavabdır.

Qazlı-şəkərli içkilərdən də allergik reaksiyalar baş verir. Həmin içkilərin əsas inqrediyentlərinə su, karbon qazı, dadlandırıcı, aromatizator, rəngləyici maddə və turşular daxildir. Ona görə də həddindən artıq qəbul ediləndə maddələr mübadiləsini pozmaqla yanaşı, güclü allergik reaksiyalara səbəb ola bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir