et

Süfrələrin şahından imtina: riskli, yoxsa faydalı?

Baxış sayı: 572
Biz ət yeməyi sevən xalqıq. Mətbəximizdə də əksər yeməklərin ətli olduğunu düşünsək, kiminsə ətdən imtina etməsi bir qədər qəribə, hətta mümkünsüz kimi görünür. Bu halda ət yeyənlərin ilk reaksiyası adətən elə belə olur: “Ətsiz yaşamaqmı olar? Əti nə ilə əvəzləyəcən? Ət yeməsən, immunitetin zəifləyər, xəstəlik taparsan və s”.Amma bunun qarşılığında ətdən imtina edən insanlar da əks arqumentlərlə çıxış edir, öz seçimlərini müdafiə edirlər.Bəs ət yemək bizə nə verir? Ət yemədiyimiz halda orqanizmimizdə nə baş verir? Ət yeməyənlər ətsiz nə yeyir, necə yaşayırlar? Bu və digər suallara bu yazımızda cavab tapmağa çalışmışıq.Qida mütəxəssisi Ağa Salamov deyir ki, əti tamamilə əvəzləyəcək alternativ qida yoxdur: “Biz B12 vitaminini yalnız qırmızı ətdən əldə edə bilərik. Doğrudur, bu vitamin təbiətdə bəzi göbələklərdə və digər bitkilərdə də var, amma orqanizmimizə lazım olan miqdarda onlardan ala bilmərik. Buna görə də mütləq ət məhsullarını istehlak etməliyik. Eyni zamanda ətə qırmızı rəngi verən mioqlobin maddəsi əzələlərə oksigeni daşıyan bir piqmentdir. Bu da olmayanda infarkt kimi risklər yüksəlir”.

Həmsöhbətimizin dediyinə görə, ət yemədiyimiz halda qan azlığı, başgicəllənmə, immun sisteminin zəifləməsi kimi xoşagəlməz hallarla qarşılaşa bilərik: “Çünki ətin tərkibində B12 vitamini ilə yanaşı ümumilikdə B qrupu vitaminləri də var. B qrup vitaminlər, eləcə də qeyd etdiyim mioqlobin maddəsi orqanizmimiz üçün mütləq şəkildə vacibdir”.

Ekspert qeyd edir ki, adambaşına hər kiloqrama görə bir qram zülal düşür və bu zülal da ancaq ət məhsullarından alınmalı deyil: “Yəni hər kiloqrama bir qram zülal düşürsə, bunun 0.5-i bitki mənşəli (çərəzlər, göbələk, paxlalı bitkilər), 0.5-qram zülalı isə yumurta, ağartı və ət məhsullarından əldə etməliyik. Burada adambaşına 250 qram ət düşür anlamına gəlmir. Çünki 250 qram ətdə 28 qram zülal var. Yəni bir adam qida rasionuna görə 150-200 qram ət istehlak edə bilər. Lakin zülalın yarısının bitki mənşəli qidalardan, yarısının yumurtadan, ağartı məhsullarından, kərə yağdan əldə edilməsi o demək deyil ki, əti rasionumuzdan çıxarda bilərik”.

“Yaxşı olar ki, həftə üzrə günlərə bölməklə bir gün toyuq əti, bir gün balıq əti, bir gün ağartı məhsulları günü, bir gün vegeterian və s. günü olsun. Qeyd edim ki, ağartı məhsulları gündəlik istehlak olunmalıdır, onları rasiondan çıxarmaq olmaz, əks halda orqanizmimizdə kalsium çatışmazlığı yarana bilər”, – deyə müsahibimiz diqqətə çatdırır.

Əlavə edir ki, ətsiz olmadığı kimi, əti hədsiz dərəcədə istehlak etmək də olmaz: “Ət hədsiz dərəcədə istehlak olunduğu zaman da ziyandır. İnsan omnivor qrupuna daxildir, yəni həm bitki, həm də heyvan mənşəli qidalar yeyə bilər. İnsanlarda həm yırtıcı, həm üyüdücü, həm kəsici diş var. Ona görə də insan mütləq bitki mənşəli qida ilə yanaşı heyvan mənşəli qidaları da istehlak etməlidir. Heyvan mənşəli qidalar amin turşusu olaraq qana keçir, bu, qara ciyərdə IGF hormonunun ifrazına səbəb olur və bu da insulinlə əlaqəyə girərək hüceyrələrə “böyü, parçalan və inkişaf et” əmri verir. Lakin insan orqanizmində 25 yaşdan sonra böyümə dayanır. Buna görə də “böyü, parçalan” yox, “xərçəng hüceyrəsinə çevril” əmri verilir və qida rasionunda miqdardan artıq heyvan mənşəli zülallar birbaşa xərçəng hüceyrəsinin yaranmasına səbəb olur”.

Digər bir həmsöhbətimiz Şahsultan Cəfərov isə ət yeməyi 4 ildir tamamilə dayandırıb, lakin bundan sonra səhhətində hansısa narahatlıq hiss etməyib: “Uşaqlıqdan ət yeməyi sevmirdim. Çox az hallarda toyuq əti yeyirdim. Lakin sonradan ət yeməyi tamamilə dayandırdım və 4 ildir vegeterianam. Hətta deyərdim ki, ət yeməyi tamamilə dayandırdıqdan sonra özümü əvvəlkindən də yaxşı hiss edirəm”.

Onun sözlərinə görə, onsuz da bütün həkimlər vegeterian həyat tərzinin tərəfdarıdır: “Bütün həkimlər vegeterian yaşamın daha sağlam olduğu qənaətindədir. İnsanlar da ətin sadəcə faydalı tərəflərinə fokslanıblar. Əslində isə ətin xeyrindən çox ziyanı var”.

Müsahibimizin sözlərinə görə, ət yemədiyinə görə qarşılaşdığı tək problem cəmiyyətin bu barədə əks düşüncələridir: “Ət yemədən də doymaq olur, acından ölmürəm. Bizim insanlar bütün yeməklərdə adətən ətdən istifadə edirlər deyə, elə düşünürlər ki, ət olmasa, yeməyə, doymağa nəsə tapa bilməzlər. Bu, Türk millətinə xas yanaşmadır. Əslində isə düyü, qarabaşaq, kartof, tərəvəzlər və s. var və bunlar əsas qidalardır. Bunları ətsiz istehlak edə, doya bilərik”

Cəfərov ət yemədiyinə görə vitamin çatışmazlığı hiss etməyib və əti digər qidalarla əvəzləyərək gününü enerjili başa vurmağa nail olur: “Əti əvəz edəcək məhsullar çoxdur, məsələn, paxlalı bitkilər. Enerjili olmaq üçün səhər yeməyini yaxşı yemək lazımdır”.

Daha bir həmsöhbətimiz Səbinə Səmidxan da 5 ildir vegeteriandır və qida rasionunda ətin heç bir növündən istifadə etmir: “Ətlərdən ala biləcəyim vitaminləri bitki mənşəli qidalardan almağa çalışıram. Özümü çox yaxşı hiss edirəm. Artıq 17 ildir donoram və davamlı olaraq qan verirəm. Ət yeməyi dayandırdıqdan sonra heç bir fərq və ya diskomfort hiss etməmişəm”.

Bu xanım ətdən imtina etdiyində həkimlə məsləhətləşməyə də ehtiyac duymayıb: “Baxmayaraq ki, dostlarımın sırasında estetik cərrahdan tutmuş göz həkiminə qədər var, heç bir həkimlə məsləhətləşmədim. Çünki ətdən imtina səbəbim elə bir amildir ki, orda heç bir həkim fikrimdən döndərə bilməzdi”.

“İstənilən halda müəyyən yaşdan və ya ilin müəyyən fəsillərində hər birimiz konkret vitamin və ya vitaminlər kompleksindən istifadə etməliyik. Buna səbəb ətdən imtina etməyim deyil, artıq məruz qaldığım stress, iqlim və ümumilikdə yaşam tərzi tələb edir”, – deyə Səmidxan vurğulayır.

Onun “Ət yeməyi dayandırdığınızdan bəri hansısa problemlə qarşılaşmısınız?” sualına cavabı belə olub: “Ət yeməməyimlə əlaqəli yeganə narahatlığım insanların ət yemədiyim halda niyə kilolu olduğuma verdikləri reaksiyadır. Çünki hamı elə bilir ki, ətdən məhz arıqlamaq üçün imtina edirlər. Azərbaycan mətbəxi əsasən ət yeməkləri ilə zəngin olduğu üçün, dostlarım arasında “Azərbaycanlı olasan, ət yeməyəsən? Sən necə Azərbaycanlısan?” deyənlər də var”.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir