“Valideynlər arasında nikah olmadan dünyaya gələn uşaqların ailələri bir çox hallarda natamam olur. Hətta nikahdankənar doğulan uşaqları bəzən ataları istəmir”.
Bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyir.
Bilirik ki, cəmiyyətdə də qeyri-rəsmi nikahdan doğulan uşaqlara baxışlar fərqli olur. Onlar tək anasız və yaxud da atasız olmurlar. Elə uşaqlar ətraflarında olanlar tərəfindən də bir çox hallarda təklənirlər. Bir sözlə, onlar çox yerdən tam olmurlar…
Bu uşaqlar heç də az deyil. Bunu biz demirik, İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva söyləyir. Ombudsmanın sözlərinə görə 2020-ci ildə nikahdankənar doğulan uşaqların sayı rəsmi nikahdan doğulan uşaqların 14 faizini təşkil edib. Bu göstərici risk altında olan uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz. Bu cür ailələrdə doğulmuş uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Bəs, nikahdankənar doğulan uşaqların hansı hüquqları pozulur?
Nigar Ağayeva bildirir ki, 1998-ci ildə qəbul olunmuş Uşaq Hüquqları haqqında qanununa əsasən, nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları var:
“Qeyd edək ki, ölkəmiz “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına qoşulub. Qanunvericiliyə əsasən, nikahdankənar doğulan uşaqların nikahdan doğulan uşaqlarla bərabər hüquqlara malik olmasına baxmayaraq, təcrübədə bununla bağlı bəzi problemlərə rast gəlirik”.
Onun sözlərinə görə, bəzən atalar nikahdankənar doğulan uşaqlarını istəmir:
“Bəzi hallarda atalar nikahdankənar doğulan uşaqlarını qəbul etmir, onlardan imtina edir və bu zaman uşağın atalığının müəyyən edilməsi kimi problemlər ortaya çıxır. Bu halda isə məhkəmə tərəfindən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edilməsi mümkün olmur. Atalığın müəyyən edilmədiyi halda uşağın həmçinin mülkiyyət və sosial təminat hüququ pozulur, uşaq ataya məxsus əmlakdan istifadə hüququndan və əmlakındakı paya mülkiyyət hüququndan, həmçinin vərəsəlik hüququndan məhrum olur”.
Nigar xanım bildirir ki, həmçinin belə uşaqların sağlamlığı da təhlükədə olur:
“Rəsmi qeydə alınmamış, xüsusilə erkən nikah halı baş verdikdə ailə quran tərəflər tibbi müayinədən keçmirlər, bu da bir çox hallarda doğulacaq körpənin sağlamlığını təhlükə altında qoyur.
Bəzi ailələrlə, xüsusilə sosial təhlükəli vəziyyətdə olan ailələrlə rastlaşırıq ki, nikahı olmadan övlad dünyaya gətirirlər və valideyn məsuliyyətsizliyi səbəbindən uşaqların doğumunun qeydə alınması üçün aidiyyəti orqana müraciət etmirlər, doğum haqqında şəhadətnamənin olmaması isə öz növbəsində onların təhsil və digər hüquqlarının pozulmasına gətirib çıxarır”.
Nigar Ağayeva nikahdankənar doğulan uşaqların valideynlə ünsiyyət hüququnun da pozulduğunu qeyd edir:
“Valideynlər arasında nikah olmadan dünyaya gələn uşaqların ailələri bir çox hallarda natamam olduğundan, uşaqların valideynlə ünsiyyət hüququnun pozulmasına gətirib çıxarır. Aparılan araşdırmalar göstərir ki, erkən yaş dövründə valideynlər tərəfindən ünsiyyətin və qayğının təmin olunması uşaqların sosial, fiziki və əqli inkişafında həlledici rola malikdir”.
Aytəkin Cəlali