bal ayi

Bal ayı üçün ən əvəzolmaz məkanlar

Baxış sayı: 555

Bizim planetimizdə elə yerlər var ki, onlar sanki bir-birini sevən  cütlüklər üçün  yaranıb. Bal ayına getmək istəyən gənclər mütləq bu romantik guşələrə üz tutmalıdırlar. Bu yazıda sizə  dünyanın ən romantik şəhərləri haqqında danışacağıq.

 

Paris

Paris şəhəri  sevginin, stilin, dəbin və gözəlliyin paytaxtıdır. Hüqo, Düma tərəfindən mədh edilmiş şəhər dünyanın hər bir yerindən sevgililəri cəlb edir. Monmartr, Eyfel qülləsi, Luvr, Fonteneblo, Yelisey çölləri, Lüksemburq bağı, Notr-Dam, Versal sarayı – burada krallar, sadə insanlar və məşhurlar aşiq olublar, seviblər və seviliblər. Burada Sena çayı boyunca kruiz zamanı romantik şam yeməyi keçirmək olar. Axşam vaxtı Parisdə gəmi ilə səyahət, fransız mətbəxinin dadlı yeməkləri və əsrarəngiz musiqi gününüzü unudulmaz edəcək… Bu yaxınlarda Paris sevgi etiraflarının divarı ilə təchiz edilib. Onu Monmatrdakı Abes meydanının bağçasında qoyublar. Bütün divar boyunca böyük hərflərlə 31 dildə, hətta korlar üçün şriftlərlə “Mən səni sevirəm!” yazısı yazılıb.

 

Nyu-York

Şəhərin əsas gəzməli-görməli yerləri Azadlıq heykəli, Empayr-Steyt qülləsi, Ellis adası, Brodvey teatrı, Voltstrit küçəsi, Metropoliten muzeyi, Mərkəzi park, Rokfeller mərkəzi, Tamys-skver, Bronksk zooparkı, Nyu-York Botanika bağı, Beşinci Avenyu prospekti və s. sayılır. Ekspertlərin fikrincə, bu şəhər  ən çox evlilik təklifləri və sevgi etiraflarına görə dünyanın ən romantik guşələrindən biri kimi tanınmaqdadır.

 

Las-Veqas

ABŞ-da nikahlanmaq bir az çətindir. Əvvəlcə bəy və gəlin mütləq qan analizi verməlidirlər və yalnız bir aydan sonra həkimlərdən nikahlanmaq üçün icazə ala bilərlər. Bu icazə ilə sevgililər dövlət tərəfindən verilən lisenziya üçün şəhər bələdiyyə idarəsinə gedirlər. Hər ştatda bu lisenziyanın öz qiyməti var. Lakin ABŞ ərazisində iki şəhər var ki, orada toy üçün lazım olan bütün sənədlərin rəsmiləşdirilməsi üçün lazım olan prosedurlar minimuma endirilib. Las-Veqasın yaxınlığında Taxo gölündə Rino şəhəri yerləşir. Rinoda və Las-Veqasın özündə bu prosedurlar “toy konveyeri” kimi işləyir. Kilsələr gecəyarısına kimi açıqdır, toy paltarları və kostyumları kirayə verilir, şəlalə və qəsrdə gözəl mərasimlər keçirilir. Toy üçün lisenziya almaqdan ötrü heç bir analiz lazım deyil. Las-Veqasda və Rinoda 18 yaşına çatmış hər kəs evlənə bilər. Buna görə də ölkənin hər yerindən, hətta Avropadan bir-birilərinə sədaqət andı içmək üçün hamı bura gəlir.

 

Venesiya

Dünyanın ən romantik şəhərlərindən biri Venesiya sayılır. Venesiyada artıq doqquz əsrdir ki, hər il fevralın 6-dan 16-na kimi karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün XVI əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər.

 

Çikaqo

Şəhər ucu-bucağı görünməyən göydələnlərlə yanaşı, geniş və təmiz parkları, kempinq və ailəvi istirahət məkanlarının çoxluğu ilə seçilir. Sahilyanı ərazidə insanların çimməsi və ya balıq tutması üçün xüsusi zonalar yaradılıb. Aktiv istirahət “düşkünləri” üçün gözəl tennis kortları, qolf klubları, buz meydançaları (xizək üçün), dəbdəbəli hovuzları var.

 

Mayami

Mayami şəhərinin Mayami-Biç rayonu çoxsaylı gecə klubları, qızıl qumsal çimərlikləri, qədim binaları və mağazaları sayəsində dünyanın ən aparıcı turizm məkanlarından sayılır. Hər il bu şəhərdə milyonlarla insanın qatıldığı “Miami Masters”, “Art Basel”, “Winter Music Conference”, “South Beach Wine & Food Festival” və “Mercedes-Benz Fashion Week Miami” kimi mötəbər tədbirlər keçirilir. Yeni evlənmiş cütlüklər üçün Mayami həm romantik məkan, həm də əyləncə mərkəzi ola bilər.

 

Sankt- Peterburq

Rusiyanın toy paytaxtı. Bu şəhər ilin hər fəslində gözəldir. O, dəyişkən və gözlənilməzdir. Lakin bununla belə sakit və dincdir, lap Peterburq yağışı kimi. Şəhərin Neva çayındakı xüsusi cazibəsi bütün zamanlarda şairləri, romantikləri və xəyalpərəstləri özünə cəlb etmişdir. Peterburqa şeir həsr etməmiş bir rus şairi belə yoxdur. Yeni evlənənlər və sevgililər üçün ən məşhur yerlərdən biri ən qədim körpülərdən olan Öpüşlər körpüsüdür.

Belə hesab edilir ki, körpünün üzərində və ya əksinə altında öpüşmüş sevgililər mütləq xoşbəxt olacaqlar və onların öpüşləri nə qədər uzun çəksə, gələcəkdə onları bir o qədər səadət gözləyir.

 

Verona

Verona şəhəri Romeo və Culyettanın sevgi məkanıdır . Burada olduğu kimi başqa heç bir yerdə iki sevgilinin hekayəsini xatırlayaraq öz sevginizin dəyərini bilə bilməzsiniz. Uilyam Şekspir bu şəhər haqqında bu sözləri  söyləmişdi: “Veronadan savayı dünya yoxdur, yalnız məşəqqət, əzab, cəhənnəm var. Kim ki bu şəhərdən sürgün edilib, dünyadan sürgün edilmiş sayılır. Dünyadan sürgün edilən isə artıq ölüdür”.

 

Praqa

Avropada öz koloriti və həyat ritmi ilə insanı özünə cəlb edən çoxlu rahat və kiçik şəhər var. Lakin yalnız Praqada insanı valeh edən sevgi və müəmma qoxusu yeni evlənənlər və sevgililəri buraya maqnit kimi çəkir.

Burada məşhur Eyfel qülləsinin kiçildilmiş surəti olan müşahidə qülləsi yerləşir. Şübhəsiz ki, Praqa dünyanın ən möcüzəli şəhərlərindən biridir, hansı ki, elə bil məhz sevgililər üçün tikilib. Praqa bağları  isə bir incəsənət əsəridir. Bu bağlar qədimdən bəri yerli bağbanların ustalığı ilə məşhurdurlar. Səliqəli qazonlar, çiçəkli xalçalar, gölməçələr, fəvvarələr və xiyabanlar boyu gəzən tovuz quşları. Praqada nikah bağlamaq bəlkə də xaricdə toy etmək üçün ən mümkün təklifdir. Əla və münasib qiymətli otellər, cürbəcür toy paketləri sizin arzu etdiyiniz toyu büdcənizə uyğun şəkildə həyata keçirməyə imkan verir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir