Ayten Musayeva

Kürdəmirdən Harvarda qədər gedən azərbaycanlı

Baxış sayı: 716
“Amerikada təhsil almaq və işləmək istəyim 5-ci sinifdə formalaşıb. İngilis dili müəllimimizin bizə keçdiyi dərsin strukturu, quruluşu, eyni zamanda da ingilis dilli ölkələr haqqında verdiyi məlumat məndə maraq yaratdı və o ölkələr haqqında informasiya topladım. Artıq orta məktəbdən Amerikaya getməyi planlaşdırırdım. Yaşım artdıqca bu arzum məqsədə çevrildi”.Xəyallarında səyahət etdiyi, təhsil aldığı yerdədir. Düşüncənin gücünə inanır, onu bu məqama məhz düşüncələrinin gətirdiyi fikrindədir. Ona görə, daim yenilənməli, dəyişməliyik. Pessimistlik isə ən böyük düşmənidir. Düşünür ki, uğura ən böyük maneə pessimist düşüncədir.
Müsahibimiz oftalmoloq, Kornea mütəxəssisi Aytən Musayevadır.

Kürdəmir məktəbindən məzun olub. Tibb təhsilini Azərbaycanda alıb. Rezidentura təhsilini Almaniya – Maynsda davam etdirib, eyni zamanda araşdırmalar aparıb. İndi isə dünyanın ən yaxşı tibb məktəbi olaraq qəbul edilən Harvard Tibb Məktəbində post-doktorantura üçün Kornea xəstəliklərini araşdırır.

“Mümkün olmayan heç nə yoxdur”

– Aytən xanım, Kürdəmirdən Harvarda gedən yoldan danışaq. Bu yol kənardan tələbələrə mümkünsüz görünür.
– Xeyli sayda tələbə var ki, potensialının yüksək olmasına baxmayaraq, digər ölkələrə getməyə, komfort zonadan çıxmağa qorxur. Amerikada təhsil almaq və işləmək istəyim 5-ci sinifdə formalaşıb. İngilis dili müəllimimizin bizə keçdiyi dərsin strukturu, quruluşu, eyni zamanda da ingilis dilli ölkələr haqqında verdiyi məlumat məndə maraq yaratdı və o ölkələr haqqında informasiya topladım. Artıq orta məktəbdən Amerikaya getməyi xəyal edirdim. Yaşım artdıqca bu arzum məqsədə çevrildi. İnsan istədikdən və düşündükdən sonra yoluna haradan başlaması önəmli deyil. Mümkün olmayan heç nə yoxdur. Məqsəd insanı arzusuna çatdırır. Ona görə də Kürdəmirdən Amerikaya gedən yol mənə əlçatmaz görünmədi.

 

“Dünya yalnız yaşadığın regiondan ibarət deyil”

– Top universitetlərdə təhsil almaqla bağlı şəhər məktəblisinin regiona nisbətən şansının daha çox olduğu düşünülür. Siz bu tabunu da qırmısınız?
– Bəli, həqiqətən, onların şansı daha çoxdur. Bütün böyük universitetlər, təhsil müəssisələri, kurslar Bakıda cəmlənib. Amma inkişaf etmək istəyən, arzularının ardınca gedən insan üçün region, şəhər fərq etmir. Dünya yalnız yaşadığın regiondan ibarət deyil. Uşaqlıqdan özünə sərhəd qoymamalısan. Cismin olmasa da, düşüncələrin bütün dünyanı gəzməlidir. Ümumiyyətlə, insanın inkişafı 99 faiz özündən asılıdır. İstəyəndə alınır. Mən nə əldə etmişəmsə ona ilk növbədə valideynlərim hesabına, müəyyən dövrdən sonra da valideynlərimin mənə verdiyi inamın nəticəsində nail olmuşam. Ən böyük dəstəkçim isə qardaşım idi.

“Əllərində olan sənətə ögey yanaşırlar”

– Amma bəzən valideyn qayğıkeşliyi uşağın düşünməsinə mane olur. Valideynlər övladlarını özlərindən uzaqda təsəvvür etmirlər.  
– Bəli. Nəinki başqa ölkəyə, başqa şəhərə göndərdikdə belə, narahat olurlar. Amma mən günahı birbaşa valideynlərdə görmək istəmirəm. Kifayət qədər yaşı və gələcəyinə dair planlar qurmaq qabiliyyəti olan insanlar var ki, tək diplomla kifayətlənirlər. Əlimdə sənətim olsun, bəs edər deyirlər. Amma əllərində olan sənətə də həddindən artıq ögey yanaşırlar. Mən burada valideynlərdən daha çox həmin gənclərin özünü günahlandırıram. Valideynlərin informasiyası yoxdur. Bizim informasiyaya çıxışımız onların dövrünə əsasən, daha çoxdur. Valideynə düzgün informasiya verdikdə, problem həll olunar. Valideyn bəhanədir, gənclərin özündə istəksizlik var. Onlar dostlarından, tanışlarından, internetdən, həmin ölkədə olan həmyerlilərindən məlumat toplayıb, həmin informasiyanı valideynləri ilə danışıb, ölkənin vəziyyətini təsvir edib, ata-analarını razı sala bilərlər. Belə bir deyim var ki, qorxu – məlumatsızlığın nəticəsidir. İnsan nəyi bilmirsə, tanımırsa, ondan qorxur.

 

“Burada insan hər gün öyrənir”

– Almaniyadan sonra təhsilinizi Amerikada davam etdirmisiniz. Almaniya tibb təhsili üçün kifayət deyildi?
– Almaniyada tibbi biliklərimi çox inkişaf etdirdim. İstər tibb, istərsə də klinik cəhətdən xeyli öyrəndim. Amma qəbul etmək lazımdır ki, Amerika tibbi və kliniki araşdırmalara görə dünyada 1-ci yeri tutur. Dünyanın ən yaxşı universitetlərinin cəmləşdiyi ölkədə təhsil almaq və işləmək möhtəşəm hissdir. Burada insan hər gün öyrənir. Yalnız bir tələbə kimi deyil, çalışaraq da öyrənirəm. İş nə qədər uzun və intensiv olsa da, yorucu olmur.

Bu səbəbdən o qədər kor olan xəstələr görmüşük ki…

– Aytən xanım, peşənizdən danışaq. Kornea sahəsində gözlə bağlı etdiyimiz ən böyük səhv nədir? Dərk etmədən edirik, amma kor ola bilərik.
– Ən böyük səhvlərdən biri kontakt linzalardan istifadənin düzgün şəkildə olmamasıdır. Bu, təəssüf ki, həm də kontakt linzanı təmin edən yerlərə aiddir. Çünki bəzən kontakt linzaların satıldığı yerlərin onların istifadəsi haqqında məlumatı nəinki kifayət qədər, ümumiyyətlə olmur. İkinci bir tərəfdən isə istifadə edən şəxslər özü məlumatsızdır. Kontakt linza sadəcə olaraq bir plastik deyil ki, biz onu necə gəldi istifadə edək. İlk növbədə gigiyena qaydaları çox vacibdir. Məhz bu səbəbdən o qədər çox kornea infeksiyalarına yoluxan, kor olan xəstələr görmüşük ki… Ona görə də diqqətli olmaq lazımdır. İkinci bir problem isə bunların optik cəhətdən səhv seçimidir. Yəni düzgün olmayan linza seçilirsə, təbii ki, görmə yaxşı olmur. Üçüncü problem linzaların müddətinə uyğun olmayan istifadədir. Bəzən günlük linzanı bir neçə gün istifadə edirlər. Yaxud gün ərzində istifadə olunur, gecə gözdən çıxarılmır. Bunun da ağırlaşmaları çox olur.

– Bəzi bölgələrin spesifik xəstəlikləri olur. Göz xəstəlikləri ilə bağlı ölkə yaxud region fərqi varmı?
– Bəli. Hətta nəinki yaşadığı yer, işlədiyi iş də onun hansı göz xəstəliyinə tutulmaq riski olduğunu bildirir. Ona görə insan göz şikayətləri ilə bağlı gələndə olduğu region, hətta son həftələrdə hansısa bölgəyə səfərinin olub-olmaması soruşulur. Çünki tozlu mühit, kimyəvi maddələrlə işləməsi, tropik bölgələrdə olması diaqnozun müəyyənləşməsində ciddi rol oynayır.

“Xəstəni müalicəyə inandırmaq ən vacib məsələdir”

– Aytən xanım, Harvardda həm oxuyur, həm işləyirsiniz. Deyirlər ki, müalicənin nəticəsinin yarısı həkimdən asılıdırsa, yarısı da xəstənin özündən asılıdır. Siz necə düşünürsünüz?
– Xəstənin əgər müalicəyə inamı yoxdursa, onun sağalma faizi böyük ölçüdə aşağı düşür. Burada inam deyərkən, mövhumat nəzərdə tutulmur. Xəstənin inamı varsa, müalicəsinə məsuliyyətlə yanaşır və qorxu olmur. Bəzən xəstədən xəstəliyi gizlədilir. Bu, düzgün deyil. Əgər həmin insanda öz vəziyyəti barədə məlumat varsa və həkiminə inanırsa, öz qorxularının üzərinə gedir. Qorxu, stress, həyəcan olmayan insanda da bioloji proseslər elə istiqamətdə dəyişir ki, risk dərəcəsi aşağı düşür. Təəssüf ki, xəstələrin sayı çox olduqda, həkimlər sadəcə olaraq xəstəni tez qəbul edib, müalicəni yazıb, yola salır. Tək reseptlə xəstə sağalmır. Xəstə ilə söhbət etmək, ona məlumat vermək, vəziyyətin nə olduğunu izah etmək və müalicəyə inandırmaq ən vacib məsələdir.

 

Aygün ƏZİZ 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir