menzil

Kirayə mənzil bazarı tələbə valideynlərinin cibinə uyğundurmu?

Baxış sayı: 556

Təxminən bir həftədir ali məktəblərdə dərslər başlayıb. Bölgələrdə yaşayan, övladı tələbə adı qazanan valideynlərin bir qismi isə hələ də uyğun kirayə mənzil axtarışındadırlar. Onlar müvəqqəti olaraq qohum, tanış evində, yaxud da şəraitsiz mənzillərdə qalan övladlarına daha ucuz və şəraitli kirayə mənzil axtarırlar. Hətta sosial şəbəkələrdə bəzi qruplarda valideynlərin sərfəli qiymətə kirayə mənzil soraqladığını əks etdirən statuslara da rast gəlinir. Bəs görəsən kirayə mənzil bazarı tələbə valideynlərinin cibinə uyğundurmu?

Bu suala cavab tapmaq üçün öncə internet üzərindən elan verilən kirayə mənzil bazarını araşdırdıq.

 

Kirayə mənzillərin qiyməti bahalaşıb

Universitetlərin bir neçəsinin yerləşdiyi metronun “Elmlər Akademiyası”nın yaxınlığında ən ucuz kirayə mənzilin qiyməti 600 manatdır. Yasamal rayonun M. Seyidov küçəsində iki otaqlı 65 kvadrat sahəsi olan mənzilin kirayə qiyməti 600 manata təklif olunur. Metronun “Elmlər Akademiyası”na yaxın ərazi hesab olunan Mətbuat prospektində isə evlərin qiyməti 550 manatdan başlayır. 3 otaqlı mənzil köhnə tikili olduğundan qiyməti nisbətən münasibdir.

Ali təhsil müəssisələrinin yerləşdiyi metronun “28 may” stansiyası yaxınlığında isə kirayə mənzillərin qiyməti sözün əsl mənasında kəllə-çarxdadır. D. Əliyeva 34 ünvanında yeni tikilidə 65 kvadratmetrlik sahəsi olan iki otaqlı mənzil 1000 manata kirayə verilir. Bundan əlavə kirayə qalan şəxs 50 manat aylıq kommunal xərci də ödəməlidir. Ümumiyyətlə metroya yaxın ərazilərdə kirayə mənzillərin qiyməti 800-1600 manat arasında dəyişir. Köhnə tikililərdə isə qiymət nisbətən ucuz, 800 manatdır.

Azadlıq prospektində, metronun “28 may” stansiyasına yaxında yerləşən mənzillərin də qiyməti yüksəkdir.

“Dostluq” kinoteatrının ətrafında kirayə mənzillərin qiyməti 600 manat civarındadır. Amma kirayə elan verilmiş evlərin sahiblərinin heç də hamısı tələbələri qəbul etmir. Mənzil sahiblərinin çoxu tələbə adını eşitdikdə ya imtina edir, yaxud da cəmi bir nəfəri kirayə götürə biləcəyini deyir.

menzil

Rieltorlar da şikayətlənir

Elə rieltorlar da tələbələr üçün ev tapmağın çətin olduğunu söyləyirlər. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Daşqın Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusilə oğlan tələbələrə ev sahibləri kirayə vermək istəmirlər: “Biz oğlan tələbələrə ev tapmaqda çətinlik çəkirik. Ev sahibləri oğlan tələbə eşidən kimi “daş atıb başlarını tuturlar”. Onun sözlərinə görə, ev sahibləri daha çox qız tələbələrə üstünlük verirlər.

Digər bir problem isə kirayə mənzillərin bir neçə tələbəyə verilməməsindədir. Belə ki, rieltor ev sahiblərinin evlərini ikidən artıq tələbəyə vermək istəmədiklərini deyirlər: “Evlərin qiyməti bahadır. Tələbələr daha çox ucuz ev axtarırlar. Tapa bilmədikdə üç-dörd tələbə birgə qalır. Ev sahibləri isə 600 manata dörd tələbənin bir evdə qalması ilə çətin razılaşır. İstəyirlər ki, uzaqbaşı iki tələbə bir mənzildə qalsın. Bu təklif də tələbələrin büdcəsinə uyğun deyil”.

 

Köhnə binaların sökülməsi problemi dərinləşdirir

D. Məmmədov bildirdi ki, son illər mənzil bazarında köhnə tikililərin sayının azalması onların da işinə təsirsiz ötüşməyib. Köhnə tikililərin sökülməsi kirayə mənzil bazarında qiymətləri bahalaşdırıb. Yeni tikililərdə isə mənzillərin aylıq kirayə qiymətləri çox bahadır:

“Ötən il “Elmlər Akademiyası” metrostansiyasının ətrafında aylıq 400 manata da kirayə mənzil tapmaq mümkün idi. Bu il isə qiymətlər bahalaşıb. Mətbuat prospektində kirayə mənzillərin qiyməti 550 manata qalxıb”.

Rieltor qeyd etdi ki, metronun “İnşaatçılar” stasiyasına yaxın köhnə tikililərin sökülməsi də qiymətlərə təsir edib. İndi tələbələrin daha çox üstünlük verdiyi həmin ərazidə kirayə mənzillərin qiymətində bahalaşma var.

 

Valideynlər də narazıdır

Şəki sakini, valideyn Ceyhun Abdurrəhmanov övladına Bakıda kirayə ev axtarır. Həmsöhbətimiz deyir ki, universitetlərin ətrafındakı kirayə mənzillərin qiyməti çox bahadır. Ona görə də daha çox metroya yaxın ərazilərdən ev axtarırlar: ” Övladımın təhsil alacağı universitet şəhərin mərkəzindədir. Mən isə məcbur olub Günəşli, “Xalqlar Dostluğu” istiqamətlərindən kirayə ev axtarıram. Çünki, universitetlərin yaxınlığında yerləşən kirayə mənzillərin ay lıq qiyməti mənim bir aylıq əmək haqqımdan çoxdur. İndi övladıma qiyməti 200 manat civarında iki tələbə ilə birgə qalmağa kirayə ev soraqlayıram”.

elnur ferzeliyev

Köhnə binaların sakinləri də kirayəçiyə çevrilir

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, sentyabr ayında kirayə mənzil bazarında canlanma yaranıb. 2016-ci ildən etibarən başlayan pilot layihələrin icrasına uyğun olaraq köhnə, istismar müddətini bitirmiş binaların söküntü işləri davam edir. Söküntü zamanı isə həmin binalar kirayə mənzil bazarından çıxır. Eyni zamanda həmin binalarda yaşayan sakinlər özləri kirayəçiyə çevrilir. Yeni binalar tikildikdə isə həmin binalar daha baha qiymətə təklif olunur. Buna görə də növbəti illərdə çətinlik və qiymət artımları müşahidə olunacaq”.

Ekspert deyir ki, tələbə yataqxanalarının məhdud sayda olması da problemə öz təsirini göstərir. Əgər yataqxanalar tikilib münasib qiymətə tələbələrə verilsə, həm onlar üçün rahat olar, həm də bazarda bir sabitlik yaranar.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir