komputer-usaq

Uşaqları kiber-zorakılıqdan necə qorumalı?

Baxış sayı: 578

–  Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

– Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

– Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

– Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

– Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.

Lakin Daxili İşlər Nazirliyi nəzərə almayıb ki, sosial şəbəkələrin necə işlədiyini anlamaqda bir çox valideynlər uşaqlardan xeyli geri qalır. Bundan əlavə, uşaqlar sosial şəbəkələri daha yaxşı mənimsəyiblər. Çox zaman valideynlərin çarəsiz olması bununla izah olunur və onlar üçün ən yaxşı yol uşaqlara internetə çıxışı qadağan etmək olur ki, bu da uşaqlarda depressiya və qıcıq yaradır. O zaman nə etməli? Necə etməli?

“Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli mövzu ilə bağlı aşağıdakıları dedi: “Bu gün hər kəs sosial şəbəkələrdən istifadə edir. Lakin uşaqlar bu məsələdə daha aktiv və peşəkardırlar. Kiberzorakılıq nədir? Uşaqları öz yaşına uyğun olmayan hərəkətlərə sövq edə bilərlər. Məsələn, uşaqların həyat təcrübələrinin az olmasından istifadə edib, onları pis məqsədlərinə yönəltmək. Və yaxud hansısa ödəniş üçün ailədə olan böyüklərin pul kartını tələb edə, uşaqlar isə fərqinə varmadan həmin kartı verə bilərlər. Yəni son zamanlar bu tip hadisələr, dələduzluq artmağa başlayıb. Hətta nəinki uşaqları, böyükləri aldatmağa çalışırlar. Tez-tez mətbuatda, mediada şəhid ailələrindən, qazilərdən dələduzluq məqsədi ilə pul yığıldığı haqda məlumatlara rast gəlirik.

 

İnformasiya texnoloqu: “Uşaqlar elə uşaq düşüncəsi ilə dələduzluğun qurbanı ola bilirlər”

Əlbəttə ki, yaşı çox olan insanlar bu cür məsələlər barədə qərar verəndə müəyyən qədər düşünür, araşdırma aparır. Amma uşaqlar elə uşaq düşüncəsi ilə dələduzluğun qurbanı ola bilirlər. Bəzən hansısa maddi və mənəvi maraqlarla uşaqları özlərinə cəlb edirlər. Bu baxımdan valideynlər mütləq şəkildə uşaqların internetdən, sosial şəbəkələrdən istifadəsinə nəzarət etməlidir.

Məlum olduğu kimi, sosial şəbəkələr, internet platformalarında valideyn nəzarəti deyilən funksiyalar var ki, valideynlər onları aktiv etməklə uşaqlara nəzarət edə bilirlər. Məsələn, “YouTube”da “YouTube kind” deyilən bir funksiya var ki, valideynlər ondan istifadə etməklə nəzarəti gücləndirə bilərlər”.

Psixoloq Azad İsazadə isə bunları qeyd etdi: “Əlbəttə ki, uşaqlara interneti qadağan etmək qeyri-mümkündür. Onlara, sadəcə, başa salmaq lazımdır ki, nə yaxşı, nə pisdir. Məsələn, yayda Günəşin altında çox dayanmaq ziyanlıdır, amma biz Günəşi özümüzə qadağan etmirik, sadəcə özümüzü qoruyuruq. O cümlədən də internetə bu cür yanaşmaq lazımdır. Hər birimizə məlumdur ki, internetdə çox super, maraqlı məlumatlar da olur, insanlara pis təsir edən informasiyalar da.

Bakupost.az - Rusiya nüvə silahından istifadə etməyə məcbur olacaq - Hərbi ekspert Azad İsazadə

Psixoloq: “Valideyn nəzarət etməlidir ki, uşaq öz otağında telefonla tək qalmasın”

Beləliklə, uşaqlara əgər interneti qadağan etsək, o gedib başqa yerdən internetə qoşulmağa çalışacaq. Ona görə də mütləq, birmənalı şəkildə uşağının internetdən istifadəsinə nəzarət etməlidir. Valideyn bilməlidir ki, uşaq internetdən daha çox nəyi izləyir. Hətta bəzən elə cizgi filmləri olur ki, onlar da uşaqlara çox pis təsir edir. Məsələn, bəzi cizgi filmləri uşaqlarda qorxu, aqressiya, müəyyən ziyanlı fantaziyalar yaradır. Bunun üçün baxılan cizgi filmlərə də nəzarət olmalıdır. Beləliklə, uşaqlarımızın maraq çərçivəsini mütləq bilməliyik. Bu bir faktdır ki, indi böyüklər internet platformaları haqda uşaqlardan daha az məlumatlıdırlar. Yəni uşaqların anlayışları bizdən daha çoxdur. Buna görə də ilk növbədə biz özümüz hər şeyi dərindən öyrənməyə çalışmalıyıq.

Daha bir məsələ, adətən biz böyüklər uşaqlara telefonu pay kimi alırıq. Valideyn uşağa telefon pay verəndə mütləq şəkildə ondan istifadənin dərindən bilməlidir. Həmçinin valideyn nəzarət etməlidir ki, uşaq öz otağında telefonla tək qalmasın. Bir də uşağa interneti qadağan etmək çox çətindir, bunun üçün əvvəlcədən şərtləri qoymaq, ailə daxili qaydalar yaratmaq lazımdır ki, nə olar, nə olmaz.

Bu gün bütün dünyada internetə tam nəzarət mümkün deyil. Doğrudur, müəyyən funksiyalarla zərərli saytları, porno səhifələri, narkotik maddələri təbliğ edən saytlarla mübarizə aparılır. Amma tam nəzarət mümkün olmur. Bu gün sosial şəbəkələr, internet platformaları vasitəsi ilə nəinki uşaqları, hətta böyükləri də aldadır, pul kartlarındakı pulları ələ keçirirlər. Bu, indiki sivilizasiyanın nəticələridir. Sadəcə, bu təhlükədən özümüzü və uşaqlarımızı qorumalıyıq”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir