suni qidalar

Azərbaycanda süni qida bazarı: Körpələrin hərraca qoyulan ana südü haqqı

Baxış sayı: 327

Valideyn olan şəxslər bilir ki, hazırda ölkəmizdə bir tendensiya var. Bu da “ana südü əvəzi” olan süni uşaq qidalarıdır. Həmin süni qidalar analarımızın, nənələrimizin dönəmində o qədər də çox yayılmamışdı və bu məhsulların 1 və ya 2 növü var idi. Hazırkı dövrdə isə bu qidaların firmalarını, növlərini saymaqla bitməz. Bu qidaların çeşidinin çox olması heç bir ziyan verməz, amma düzgün istifadə edilərsə…

Düzgün istifadə dedikdə nəyi nəzərdə tutduğumu açıqlayım. Deməli, son illərdə doğum evlərində yeni bir adət halını almış vəziyyət var. Körpələr dünyaya gələn kimi ananın südünün dadını görməmiş, xəstəxana işçiləri tərəfindən bu süni qidalarla qidalandırılır. Bunu dünyada törədilən ən ağır cinayət hesab etmək olar. Çünki yeni dünyaya gələn körpənin anasının qoxusunu almamış, südünü əmməmiş, süni qidalarla tanış edilməsi onun gələcəyinə qəsddir.

Bəlkə də evində körpəsi olmayan ailələr, ilk övladını dünyaya gətirəcək analar bu məsələdən hələ də xəbərsizdir. Eyni ilə mən də üç il bundan öncə ilk övladımı dünyaya gətirən zaman çox təcrübəsiz, tibb işçilərinin bu qədər insafsız hərəkət edə biləcəklərindən xəbərsiz idim. Adı özəl olub, qiymətindən başqa heç bir xidmətində özəllik görmədiyim xəstəxanalardan birində yatırdım. Keysəriyyə əməliyyatı vasitəsilə övladım dünyaya gəldi. Tibb bacılarından xahiş etdim ki, uşağa əlavə qida verməsinlər və ilk olaraq ana südü ilə qidalansın. Çünki internet vasitəsilə oxumuşdum ki, ilk gələn süd uşağın gələcəyi, mədə-bağırsaq sisteminin formalaşması üçün çox önəmlidir. Dedilər ki, əməliyyatdan yeni çıxmısan və hələ uşağı sənə verə bilmərik. Təbii ki, həmin an narkozun təsirindən, canımın ağrısından kiminləsə mübahisə edəcək durumda deyildim. Səhərisi gün dəfələrlə xahiş etdim ki, əlavə qida verməsinlər və gətirsinlər uşaq ana südü ilə qidalansın. Amma bunu nə eşidən oldu, nə də icra edən. Uşağı hər yanıma gətirdiklərində tox gəlirdi. Anlaya bilmirdim ki, niyə belə edirlər.

Hətta bəzi analara həkimlər basqı edirdilər ki, “sənin südün uşağa yetməz! Uşaq tək ana südü ilə geri düşə bilər” və s.

Bir müddət sonra internetdə Aytən İslamzadə adlı həkim xanımın paylaşımları rastıma çıxdı. Pediatr idi. Süni qida ilə mübarizə aparırdı. Həmin xanım bütün bu işin sirrini çözmüşdü. Deməli, xəstəxanaların süni qida ilə uşaqları qidalandırmasının səbəbi, həmin firmalarla əməkdaşlıq etmələri imiş. Xəstəxana hər hansı süni qida şirkəti ilə əlaqə qurur və uşaqları bu formada “zəhərləyirlər”. Bu qidaları butulka vasitəsilə yeməyə öyrəşən uşaqlar daha sonra ana südünü əmməkdə çətinlik çəkir və hətta ana südündən imtina edirlər. Sonradan həmin uşaqlarda həzm problemləri yaşanır, allergik vəziyyətlə tez-tez rastlaşırlar. Beləcə, süni qida şirkətindən aldıqları pula görə, körpə fidanların gələcəyini məhv edirlər.

Hər kəs öz haqqını tələb edə bilir. Bəs körpələr öz süd haqqını necə tələb etsin? Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlıqları ilə bu cür oynanılması yolverilməzdir.  Bu kimi hallara yol verən “həkim”lər və xəstəxanalar öz cəzasını almalıdır. Amma təəssüf ki, elə cəzalandırmalı olan şəxslərin özləri bu biznesin başında dayanırlar.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir