Nermine Abbasova

“Astmanı dərmanlarla nəzarətdə saxlamaq mümkündür”

Baxış sayı: 540

Bronxial astma qәdim dövrlәrdәn mәlumdur. Bütün dünyada, хüsusәn inkişaf etmiş ölkəlәrdә geniş yayılıb. Bronxial astma allergen adlanan bir sıra kimyәvi, fiziki amillәrә yüksәk hәssaslığı olan şәхslәrdә tәsadüf edilir. Yüksәk hәssaslıq bәzi hallarda irsi-konstitusional, bәzi hallarda isә orqanizmin allergen ilә uzunmüddәtli әlaqәsindәn irәli gәlir. Coğrafi mühit, bitki örtüyü, rütubәt, ifrat soyuma, kәskin temperatur dәyişikliklәri vә s. bronxial astmanın әmәlә gәlmәsi üçün şәrait yaradır.

Bronxial astma xəstəliyi haqqında oxucularımıza danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi  Nərminə Abbasova bir çox nüanslara diqqət çəkib.

Qeyd edək ki, Astma bronxlardan ağciyərlərə havanın daxil və xaric olmasını təmin edən tənəffüs yollarının xronik xəstəliyidir. Astma uşaqlar arasında ən çox rast gəlinən xronik xəstəlikdir. Hal-hazırda dünyada 235 milyon insan astmadan əziyyət çəkir. Astmanın əsas risk faktoru tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya yarada bilən havada olan hissəciklərdir. Astmanı dərmanlarla nəzarətdə saxlamaq mümkündür.

Həkim-terapevt bildirib ki, Astma öskürək, fitverici tənəffüs, təngnəfəslik, döş qəfəsində ağrı və sıxılma hissi və tənəffüsün çətinləşməsi simptomları ilə müşayiət olunan xronik xəstəlikdir:

“Astmalı uşaqlarda virus infeksiyalarına (həmçinin soyuğa), fiziki aktivliyə, toza, allergiya yarada bilən qidalara və ya digər ətraf mühit amillərinə qarşı tənəffüs yollarının qıcıqlanması müşahidə olunur. Astmalı xəstələrdə simptomlar gün və ya həftə ərzində bir neçə dəfə müşahidə oluna bilər. Bəzi insanlarda tənəffüsün çətinləşməsi tutmalar şəklində fiziki aktivlik zamanı və ya gecələr baş verir. Təkrarlanan astma tutmaları yuxusuzluq, gündəlik yorğunluq, aktivliyin aşağı səviyyədə olması, həmçinin məktəbdə dərslərə davamiyyətsizlik kimi əlamətlərlə müşayiət olunur”.

İnkişaf etmiş ölkələrdə astmanın 18 yaşa qədər uşaqların təqribən 12%-də rast gəlinən xronik xəstəlik və 15 yaşa qədər uşaqlar arasında oğlanlarda daha çox qeydə alındığını qeyd edən N.Abbasova bildirib ki, Astma nəticəsində ölüm halları digər xronik xəstəliklərlə müqayisədə çox aşağı səviyyədədir.

Həkim-terapevt Astmanın əlamətlərindən də bəhs edib:

“Öskürək və fitverici tənəffüs (səsli tənəffüs) – uşaqlarda astmanın əsas əlamətləridir. Əvvəl quru, daha sonra isə qatı bəlğəmli öskürək müşahidə olunur. Öskürək əsasən uşaq yatarkən və ya erkən səhər saatlarında müşahidə olunur. Öskürək fiziki hərəkətlərdən sonra və ya soyuq havanın təsirindən də yarana bilir. Fitverici tənəffüs adətən səsli olur və uşaq nəfəs verərkən kənardan eşidilir. Bəzən isə fitverici tənəffüs yalnız stetoskop (tənəffüsə qulaq asmaq üçün tibbi alət) vasitəsilə eşidilə bilər. Öskürək və fitverici tənəffüs ağciyərlərlərdə tənəffüs yollarının daralmasından asılı olaraq gün ərzində və gecə müşahidə oluna və ya kəsilə bilər. Təngənəfəslik, döş qəfəsində sıxılma və ya təzyiq hissi və döş qəfəsində ağrı kimi əlamətlər də müşahidə oluna bilər. Uşaq öskürək və ya fitverici tənəffüsə əlavə olaraq sinəsinin və ya mədəsinin ağrıdığından şikayətlənə bilər.

Uşaqlarda astma tutmasından əvvəl astmaönü mərhələ müşahidə olunur. Bu mərhələdə uşaqda burunda tutulma, burun axma, öksürmə, dəridə qaşınan səpkilər müşahidə oluna bilər. Körpələrdə və kiçik yaşlı uşaqlarda diaqnozun qoyulmasının çətin olmasına baxmayaraq, astmanın əlamətlərinin 5 yaşdan kiçik uşaqlarda inkişaf etməsinə tez-tez rast gəlinir.

Astma ağciyərlərdə kiçik hava yollarının (bronxların) iltihablaşması və daralması nəticəsində baş verir, bu da ağciyərlərdən hava axınının xaric olmasını məhdudlaşdırır. Uşaqlarda bu daralmalar müalicə ilə bərpa oluna bilər”.

Həkim-terapevt bildirib ki, Astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Onun sözlərinə görə, bir sıra genetik, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində astmanın yaranma ehtimalı arta bilər:

“Ən nəzərəçarpan risk faktoru irsi (genetik) meyillilikdir. Bu, ətraf mühitdə mövcud olan, tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı reaksiyanın irsi meyilliyinin olmasıdır. Ailə üzvlərində astma, allergiya və ya ekzema kimi tibbi problemləri olan uşaqlarda astmanın inkişafetmə riski yüksəkdir.

Eyni zamanda əlverişsiz ətraf mühit amillərini də qeyd etmək olar. Soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya külək astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi astmanın əlamətlərinin əmələ gəlməsinə təsir edir.

Yuxarı tənəffüs yollarının infeksiyalarını da (“soyuqdəymə”) vurğulamaq istərdim. Bu infeksiyalar əsasən körpələrdə və kiçik yaşlı uşaqlarda müşahidə olunur. Bu infeksiyalar rinovirus (soyuqdəymənin əsas səbəbi), respirator sinstisial virus, qrip və paraqrip virusları və digər viruslar tərəfindən törədilir.

Tənəffüs yollarının daralması fiziki hərəkətlərdən sonra da inkişaf edə bilər. Bu, fiziki hərəkətlərdən sonra yaranan astma adlanır. Təngnəfəslik, fitverici tənəffüs və ökürək adətən fiziki aktivlikdən 5-10 dəqiqə sonra – soyuma dövründə baş verir. Bu əlamətlər 20-45 dəqiqədən sonra keçir. Üzgüçülüklə bağlı idman növləri, qaçış, konki sürmə kimi idman növləri nisbətən tənəffüs yollarını daha az qurutduğuna görə astmanın yaranmasına da daha az səbəb olur”.

Həkim deyir ki, Astma tutmaları əsasən bir neçə gün ərzində tədricən yaranır. Bəzən tutmaların qəfil yarana bilməsini mümkün sayan həkim-terapevt bildirdi ki, Astmanın anadangəlmə xəstəlik olmamasına baxmayaraq, yenidoğulmuş uşağın ilk aylarında astma əlamətlərinə rast gəlmə halları müşahidə edilə bilər:

“Buna səbəb kimi hamilə qadının tütün çəkməsi, allergiya yarada bilən qidalardan çox istifadə etməsi, infeksion xəstəliklər keçirməsi və müxtəlif preparatları qəbul etməsi kimi bətndaxili dövrdə uşağa təsir edən neqativ faktorlar göstərilir. Doğuşdan sonra uşaqda bronxial astmanın əsas yaranma səbəbi məişət tozlarıdır. Əgər müalicə vaxtında təyin olunmazsa, ağır boğulma tutmaları tənəffüs çatışmazlığına, müxtəlif ağciyər ağırlaşmalarına səbəb ola bilər. Ailəsində genetik xəstəlikləri olan uşaqlarda bronxial astmanın profilaktikasına həyatının ilk ilindən başlanılmalıdır. Belə uşaqların qida rasionuna allergiya yarada bilən qidaları daxil etməmək lazımdır. Uşağı respirator (tənəffüs yollarının) infeksiyalardan qorumaq və profilaktikanı massaj, sağlamlaşdırıcı və müalicəvi bədən tərbiyəsi, mütamadi sanator-kurort müalicəsi və idmanla həyata keçirmək lazımdır.

Uşaqda bronxial astmanın ilkin əlamətləri yaranan kimi həkimə müraciət etmək lazımdır. Belə ki, mütəxəssis uşaqda xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə və uyğun müalicəni tətbiq edə bilər. Astma tutmalarının mövcud olduğu dövrdə özbaşına müalicə məqsədilə bitki mənşəli preparatlar, antibiotiklər istifadə etmək, xardal qoymaq uşağın vəziyyətini ağırlaşdıra bilər!”

Nərminə xanım Astmanın zərərli nəticələrinin azaldılmasından da söz edib. Bildirib ki, Astmanın tamamilə müalicə olunmamasına baxmayaraq mövcud vasitələr bu xəstəliyi nəzarətdə saxlamağa və həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Onun sözlərinə görə, simptomların yüngülləşdirilməsi üçün qısamüddətli təsirə malik preparatlar istifadə olunur. Lakin davamlı simptomlar zamanı xəstəliyin əsasında duran iltihabı nəzarətdə saxlamaq və astmatik tutmaların qarşısını almaq üçün üzunmüddətli təsirə malik preparatlar istifadə olunur:

“Astmaya qarşı mübarizənin yeganə yolu dərmanlar deyil. Astmanın yaranmasına səbəb ola bilən – tənəffüs yollarını qıcıqlandıran və iltihabına səbəb olan maddələrlə təmasdan çəkinmək lazımdır. Hər bir astma xəstəsi hansı qıcıqlandırıcı maddələrdən çəkinməli olduğunu bilməlidir.

Əgər uşaq astma xəstəsidirsə evdən xalça, yumşaq oyuncaqlar, yumşaq mebel, açıq kitab rəflərini uzaqlaşdırmaq lazımdır. Quş tükündən hazırlanmış yastıqlar, yun örtüklər sintetik hipoallergen (allergiya yaratmayan) yataq ləvazimatları ilə əvəz olunmalıdır. Allergiya yaradan məişət tozlarına qarşı mübarizənin ən effektiv yolu hava təmizləyicilərindən, su filtri olan tozsoranlardan istifadə etməkdir.

Ev heyvanları və quşları, həmçinin quru yemlərlə qidalanan balıqları evdə saxlamaq tövsiyə edilmir. Bitkilərin çiçəklənməsi dövründə ağac və ot tozlarına qarşı allergiyası olan uşaqları gəzintidən çəkindirmək və bu mümkün olmadıqda gəzinti zamanı ağız və burunu örtən tibbi maskalarla təmin etmək lazımdır. Əsasən havada tozların konsentrasiyasının (miqdarının) azaldığı dövrlərdə – yağış yağdıqdan sonra, səhər və axşam saatlarında gəzinti əlverişlidir. Ailədə astmalı uşaq varsa gigiyenik qaydalara ciddi riayət etmək lazımdır: otaqlar təmiz, geniş, havalı olmalıdır.

Astmadan ölüm hallarına çox az rast gəlinir. Lakin astma zamanı lazımi dərman vasitələri qəbul olunmazsa və tibbi göstərişlərə riayət olunmazsa, ölümlə nəticələnə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir