cizgi filmi

Cizgi filmləri sənayesi niyə çöküb?

Baxış sayı: 549

Uşaqların fərd kimi formalaşmasında, inkişafında animasiyanın (və ya cizgi filmlərinin) rolu az deyil. Çünki insan uşaqlığından aldığı müsbət və mənfilərlə böyüyür ki, bu da onun xarakterinə, dünyaya baxışına, psixologiyasına və ümumiyyətlə, bütün varlığına təsir edir. Animasiya filmlərinin verdiyi mesaj uşaq beyninə daha tez təsir edir və onun tərbiyəsində digər vasitələrlə birgə əhəmiyyətli rol oynayır. Bu baxımdan, öz kinemotoqrafçılarımızın çəkdiyi cizgi filmlərinə də böyük ehtiyac var. Bəs bu gün ölkəmizdə animasiya filmlərinin istehsalı hansı səviyyədədir? Gəlin əynimizə sehirli xalat geyinib birlikdə səyahət edək.

Dotasiya varsa, çəkilir…

“Azanfilm” studiyasının direktoru Mansur Şəfiyev deyir ki, son dövrlərdə iki animasiya filmi –  “Oğurlanmış bahar” və “Qarınqulu” çəkilib: “Bu sektor dotasiya üzərində qurulub. Özəl sektor bu bazarda yoxdur. Yəni Mədəniyyət Nazirliyi dotasiya edirsə, çəkilir, etmirsə – çəkilmir. Təəssüf ki, sifarişlər də çox olmur. Əvvəllər heç olmasa ildə bir film çəkilirdi, amma indi heç o da yoxdur”.

“Çəkilən cizgi filmlərin səviyyəsi müasir standartlara uyğundurmu” sualımıza animator bu cür cavab verdi: “Bizdə, əsasən, nağıllar animasiya kimi çəkilir. Keyfiyyəti pis deyil. Demirəm ki, superdir, Hollivud səviyyəsidir. Amma normaldır. Beş il bundan qabaqkı filmlərə nəzər salsaq, uyğun deyildi. Amma indi daha yaxşıdır. Məsələn, “Oğurlanmış bahar” filmini buna misal çəkə bilərəm”.

Mansur bəy deyir ki, onlar daha çox hazır şablonlar üzərində işləyir, klassik obrazlara üstünlük verirlər: “Burada pis heç nə yoxdur. Mədəniyyət Nazirliyi mədəniyyət yaratmamalıdır, mədəniyyətə dəstək olmalıdır. Bunu da edirlər”.

Animasiya çəkən mütəxəssislər olmalıdır

Animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyir ki, yaxşı cizgi filmləri çəkmək üçün gərək animasiya studiyası və animasiya çəkən mütəxəssislər olsun: “Biz “Azanfilm” olaraq Azərbaycan kinosunda müstəqil şirkət kimi işləyirdik. 2002-ci ildə kinonu Mədəniyyət Nazirliyinin tabeliyinə keçirdilər. Mədəniyyət Nazirliyi də ildə bir film (10 dəqiqəlik) çəkmək üçün pul ayırırdı. Onda hələ sovetdən qalmış, az da olsa, animatorlar, rəssamlar vardı. Bu gün isə vəziyyət elə gətirib ki, artıq animator yoxdur. Animator şəkil çəkən aktyordur. Əgər aktyor yoxdursa, film çəkmək mümkün deyil. İki il bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya rejissoru fakültəsi açılıb. Bu, düzgün yanaşma deyil. Əvvəl gərək animator-rəssam və ya aktyor-rəssam olsun, ondan sonra animator təcrübə yığıb, rejissor olsun. Sovet dövründə rejissorların hamısı keçmiş animatorlardan çıxıb. İşlədiyim dövrdə iki dəfə kurslar aparmışam. Kurslarda yeni nəsil animatorlar yetişirdi. Axırıncı animator kurslarını mən 1988-1990-cı illərdə keçirmişəm. Tələbələr hərəkət qanunları ilə bərabər pantomima, musiqi, operator dərsləri də keçirdilər. Seçim çox ciddi idi. 80 nəfərin içindən 20 nəfər seçilərək, iki il dərs keçilirdi. 1990-cı illərdə az film çəkildiyinə görə, onları işlə təmin edə bilmədik və kursu tamamlayan animatorlar ölkəxarici studiyalara üz tutdular. O vaxtdan indiyə kimi ölkədə animator hazırlayan kurslar təşkil olunmayıb”.

Rusiyada, Ukraynada bu işdən pul qazanırlar 

Elçin bəy başqa problemlərdən də danışdı: “2005-ci ildə Mədəniyyət Nazirliyinə layihə verdim, dedilər əladır. Amma həyata keçirmədilər, süründürdülər. İndi baza sıfır vəziyyətindədir. Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, İranda, kasıb Ermənistanda nə qədər studiyalar var! Hələ mən Rusiyadan, Ukraynadan danışmıram. Orada tammetrajlı filmlər çəkir, bu işdən pul qazanırlar. Ətrafda hər yerdə animasiya sahəsində sürətli inkişaf gedir. Biz isə ətalətdəyik”.

“İstəyirəm Disney səviyyəsində animasiyalar çəkilsin”

“Brend personajlar üçün yaxşı ssenari lazımdır” deyir, animator: “İndiki uşaqların psixologiyası tamam başqadır. Onlara müasirliyə uyğun ssenari, qəhrəmanlar lazımdır. Ona görə də ən əsas ssenaridir. Gərək yaxşı ssenari olsun ki, yaxşı animasiya filmi çəkilsin. Mədəniyyət Nazirliyi müsabiqələr elan edir. Tutaq ki, yaxşı ssenari seçildi. Bəs onları kim çəkəcək? Animator və baza lazımdır, o da yoxdur. Animator gərək ekranda həyəcan yaratsın. İndikilər öyrəşiblər elə kompüterdə nəsə eləsinlər. Onlar ancaq obrazları hərəkətə gətirirlər. Bu isə animatorluq deyil. İşlərində heç bir dramaturgiya yoxdur. Mən istəyirəm Disney səviyyəsində animasiyalar çəkilsin. İndiki yanaşma düzgün deyil. Son zamanlarda çəkilənlər isə çox primitiv və qeyri-peşəkardır”.

Animasiya filmləri çəkilir

“Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov da qeyd etdi ki, ölkədə animasiya filmləri, əsasən, Mədəniyyət Nazirliyi tərəfindən “Azanfilm” studiyasına sifariş olunur: “Sonuncu film istehsalı bitmək üzrə olan “Oğurlanmış bahar”dır. Ondan öncə “Cavanşir” filmi çəkilmişdi. Ötən il “Böyük qayıdış” müsabiqəsi keçirildi, 2 animasiya layihəsi qalib gəldi. Onlardan biri “Tarix” adlı layihə idi. Çəkildi və təqdimatı (digər qısametrajlı filmlərlə birgə) avqustun 2-si – Kino günündə oldu. Bundan başqa, həmin müsabiqə çərçivəsində “Qarabağ nağılı” adlı animasiya filmi də istehsal olundu. Tammetrajlı “Qarınqulu” animasiya filminin istehsalı da davam edir. Hazırda “Azərbaycanfilm” kinostudiyası “Start 2023” adlı filmlər müsabiqəsi elan edib. Bu, tammetrajlı, qısametrajlı filmlər və qısametrajlı animasiya filmləri layihəsini əhatə edir. Layihələrin qəbulu bu il noyabrın 1-dən 2023-cü il yanvarın 31-dək davam edəcək. Sonra layihələrin ekspertlər tərəfindən dəyərləndirilməsi prosesi başlayacaq və apreldə qaliblər elan olunacaq. Daha sonra qalib layihələrin istehsalatı nəzərdə tutulub”.

 

Xanım Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir