Dekabr ayında ölkə üzrə 50-yə yaxın bağçanın isti yemək təminatına başlanmalı idi. Bu barədə ötən ay elm və təhsil naziri Emin Əmrullayev brifinqdə məlumat vermişdi.
Uşaq bağçalarının isti yeməklə təminatı ictimaiyyətdə də maraq doğurub. Bəs görəsən məktəbəqədər təhsil müəssisələrinin isti yeməklə təminatı necə aparılacaq? Bu bağçalarda qidalanma ilə bağlı nəyi dəyişəcək?
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, uşaq bağçalarının isti yeməklə təmin olunması ilə bağlı əlavə məlumat veriləcək.
Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasının müdiri İbrahim Əhmədov bildirir ki, bağçaların isti yeməklə təmin olunması çox vacib amildir:
“Bu, ictimai qidalanmada müasir yanaşmadır. Bir fabrik-mətbəxdə bir neçə bağçanın isti yeməyi normativlərə uyğun olaraq hazırlanır. Termokonteynerlərdə qablaşdırılaraq müəssisələrə göndərilir. Həmin yeməklər bufetlərdə soyuyarsa, qızdırılır və uşaqlara verilir”.
İ.Ədmədov deyir ki, bu üsulun tətbiqi uşaq bağçalarında azyaşlıların keyfiyyətli qida ilə təmin olunmasına şərait yaradacaq:
“İndiyədək uşaq bağçasında bişirilən qidanın keyfiyyətinə tam nəzarət etmək mümkün deyildi. Çünki, bunu təmin etmək fiziki baxımdan imkansızdır. Amma bağçalar üçün alınan ərzaq məhsulları bir fabrik-mətbəxdə hazırlanarsa, həmin yeməklərin keyfiyyətinə ciddi nəzarət etmək mümkün olacaq. Tutaq ki, indiki halda bağçada uşaqlara ayrılan ərzaq məhsullarının mənimsənilməsi riski varsa, fabrik-mətbəxdə bu risk azalacaq. Həm Elm və Təhsil Nazirliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi buna nəzarət edəcək”.
Kafedra müdiri deyir ki, fabrik mətbəxlərdə istifadə edilən yeməklər daha təhlükəsiz olacaq:
“Hazırda ərzaq məhsulları ayrılaraq bağçalara göndərilir. Orada həmin ərzaqların anbarda necə saxlanıldığı, necə istifadə edildiyinə nəzarət etmək çətindir. Bilmək olmur ki, verilən ətin, yağın, kartofun nə qədəri yemək bişirilərkən istifadə edilir. Burada söhbət həm də kəmiyyətdən gedir. Mərkəzləşmiş qaydada nəzarət olduqda bağçalara ayrılan ərzaq məhsullarının mənimsənilməsinə şəait olmayacaq. Hətta Dövlət Təhlükəsizlik Xidməti belə uşaq bağçalarına ayrılan ərzaq məhsullarının düzgün istifadə olunub-olunmadığına nəzarət edəcək. Dünyada da tibb müəssisələri, uşaq müəssisələri isti yeməklə bu cür təmin olunur. İsti yeməklər fabrik-mətbəxlərdə hazırlanaraq konteynerlerlə paylanılır”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirir ki, məktəbəqədər təhsil müəssisələrinin isti yeməklə təmin olunması müasir modeldir. Bu təcrübədən digər dünya ölkələrində də istifadə edilir. Həmsöhbətimiz bildirib ki, bu üsul uşaqlara verilən yeməklərin keyfiyyətinə müsbət təsir edəcək:
“Uşaq bağçaları rayon icra hakimiyyətlərində olduğu müddətdə bağçalara verilən ərzağın mənimsənilməsinə dair şübhələr çox idi. Bağçalarda uşaqlara verilən yeməklərin keyfiyyəti də qənaətbəxş deyildi. Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra bir sıra yeniliklərə start verildi. Uşaqların bağçalara elektron qəbuluna başlanıldı, bağça tərbiyəçilərinin işə imtahanla qəbulu həyata keçirildi. Bu yeniliklərin hamısı bağçalarda şəffaflığa xidmət edən amillərdir. Çünki, indiyədək bağçalara uşaqların pulla qəbul edilməsi kimi hallar mövcud idi. Nazirliyin bu yenilikləri tətbiq etməsi bağçalara təhsilin bir parçası kimi yanaşmasından irəli gəlir. Uşaq bağçalarına isti yeməklərin verilməsi də bu qəbildən görülən işlərdəndir. Bu üsul uşaqlar üçün hazırlanan yeməklərin tərkibinin keyfiyyətli olmasına imkan verəcək. Çünki, yeməklərin hazırlandığı mətbəxlərə bir neçə qurum nəzarət edəcək”.
Valideynlər də uşaq bağçalarında qidaların keyfiyyətinə nəzarətin vacib olduğunu söylədilər.
Nigar İsgəndərova deyir ki, hazırda uşaq bağçalarının mətbəxində video-kameralar yoxdur. Ona görə də valideyn övladına gün ərzində verilən yeməyin keyfiyyətindən əmin deyil:
“Mənim böyük oğlum bağçaya gedəndə, ondan nə yediyini soruşduqda hər gün makaron yediyini deyirdi. Uşaqlara bağçalarda daha kalorili yeməklər verilmir. Hətta meyvəni belə hər uşağa bir dilim verirlər. Əgər yeməklər bir məkanda bişiriləcək və ona nəzarət olmayacaqsa, onun bağçanın mətbəxində bişiriləndən bir fərqi olmayacaq. Çox yaxşı olardı ki, valideynlərə yeməyin keyfiyyətinə nəzarət etmək imkanı verilərdi”.
Zülfiyyə Quluyeva