ders

Kişi müəllimlərin sayını necə artıraq?

Baxış sayı: 489

Məktəblərdə müəllimlərin 84,3 faizi qadındır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb. Hesabatda qeyd edilib ki, respublikanın ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır.

Rəqəmlərdən də göründüyü kimi, məktəblərdə kişi müəllimlərin azlığı problem olaraq qalmaqdadır. Hətta oğlan şagirdlərin məktəbdə davranışlarında son dövrlər müşahidə olunan nöqsanların artması da məktəblərdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirilir. Hətta Elm və Təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib. Nazir bildirib ki, oğlan şagirdlər cinsi tərbiyədən kənar qalıblar.

Elm və Təhsil Naziriyindən sorğumuza cavab olaraq bildirildi ki, 2009-2010-cu tədris ilində ümumi müəllimlərin sayı 161 min 299, kişi müəllimlərin sayı isə 37099, 2014-2015-ci tədrsi ilində ümumi müəllimlərin sayı 149 min 602, kişi müəllimlərin sayı isə 31 min 416, 2019-2020-ci tədris ilində ümumi müəllimlərin sayı 141 min 749, kişi müəllimlərin sayı 24097 olub.

Bəs görəsən kişi müəllimləri məktəbdən didərgin salan səbəb nədir? Onları yenidən məktəbə qaytarmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

ders

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirir ki, məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərdən dəfələrlə çox olması reallıqdır. Bunun isə obyektiv və subyektiv səbəbləri var: “Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllimlik daha çox qadın sənətidir. Əslində isə bu belə deyil. Bu zərərli tendensiyadır. Əksinə, biz kişi müəllimlərin sayının çox olmasında daha çox maraqlı olmalıyıq. Bu eyni zamanda şagirdlərin, xüsusilə oğlanların psixoloji cəhətdən formalaşmasına təsir göstərir”.

Amma ekspert hesab edir ki, bunu kortəbii etmək təhsilin keyfiyyətinə təsir göstərə bilər: “Biz kişi müəllimlərin sayını artırmaq naminə onların savadını qiymətləndirmədən işə götürmək də düzgün addım hesab oluna bilməz. Çünki, təhsildə əsas priotetlərdən biri keyfiyyətli təhsilverənlərin bu prosesə cəlb olunmasıdır. Son illərdə kişi müəllimlərin işə qəbulunda artım var”.

İ. Orucov bildirdi ki, müstəqilliyin ilk illərində kişi müəllimlərin məktəblərdən uzaqlaşması prosesi başlanıldı. Kişilər daha çox biznes sahəsinə üz tutdular. Onun sözlərinə görə, bunu hər hansı inzibati metodla tənzimləmək mümkün deyil. İ.Oricov söylədi ki, kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasına müəllimlik peşəsinin cəmiyyətdə nüfuzunu artırmaq, bu peşə sahiblərinin sosial müdafiəsini daha da gücləndirməklə nail olmaq olar.

Həmsöhbətimiz həmçinin qeyd etdi ki, bu problem təkcə orta məktəblərdə deyil. Ali təhsildə, elmdə də kişi müəllimlərin sayı azdır. Onun sözlərinə görə, kişi müəllimlərin məktəblərə cəlb edilməsinin digər müsbət tərəfləri də var: “Qadın müəllimlər bir müddət sonra ana olaraq işə fasilə verirlər. Elmdən kənarlaşaraq daha çox ailəsinə vaxt ayırırlar. Amma kişi müəllimlərdə bu mənada davamlılıq var. Məktəb idarəçilərinin də arasında kişi müəllimlərin sayı artırılmalıdır. Bu məktəblərdə şagirdlər arasında neqativ davranışların da sayının azalmasına təsir göstərir”.

İ. Orucovun sözlərinə görə, son illər müəllimlərin əmək haqqının diferensiallaşdırılması onların əmək haqlarına müsbət təsir göstərir. Onun fikrincə, bu isə təbii yolla kişi müəllimlərin sayının artmasına təkan verə bilər. İ. Orucov bildirib ki, kişi müəllimlərinin sayının çoxalması olduqca faydalı nəticələr verə bilər.

Təhsil eksperti Kamran Əsədov isə bu fikirdədir ki, kişi müəllimlərin təhsilə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. O, bildirir ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əməkhaqqı ciddi şəkildə artırılmalıdır. Həmçinin ekspert hesab edir ki, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır.

Xatırladaq ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında bildirmişdi ki, Azərbaycanda gender bərabərsizliyi əsasən məktəblərdədir: “Məktəblərdə kişi müəllimlər yoxdur. Oğlan uşaqlarının yetişməsində kişi müəllimlərin çox böyük rolu var. Bu gün qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir