“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə təqdim edəcəyimiz toyuq ətinin qiyməsi və xamalı içliklə hazırlanan çox dadlı və ətirli, zərif “Quş südü“ kotleti həm uşaqların, həm də böyüklərin çox xoşuna gələcək.
Tərkibi:
500 qr toyuq ətinin qiyməsi
100 ml süd
3 diş sarımsaq
100 qr bulka (çörək)
duz
istiot
qızartmaq üçün bitki yağı
İçlik üçün:
2 ədəd yumurta
100 qr pendir
2 xörək qaşığı kərə yağı
cəfəri
şüyüd
Klyar üçün:
2 ədəd yumurta
3-4 xörək qaşığı xama və ya mayonez
1/2 çay qaşığı qabartma tozu
un
duz
istiot
Hazırlanma qaydası:
İlk öncə bulkanı (çörəyi) süddə isladın. Ətçəkən maşından soğan və süddə isladılmış çörək (südlə birlikdə) keçirin. Toyuq ətinin qiyməsini bir qaba tökün. Üzərinə çəkilmiş çörək və soğan əlavə edin. Əzilmiş sarımsaq, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
İçlik üçün yumurtaları suda bişirin. Bişmiş yumurtaları, pendiri və kərə yağını rəndədən keçirin. Xırda doğranmış göyərti əlavə edib qarışdırın.
Qiyməli qarışıqdan bir qədər ovucunuza götürüb yayın. Orta hissəsinə içlikdən qoyub büküb kotlet forması verin.
Klyar üçün yumurta, xama, qabartma tozu, un, duz və istiotu bir qaba töküb qarışdırın. Kotleti klyara iki tərəfli bulayın. Kotletləri bol yağda qızardın.
“Quş südü” kotleti hazırdır. İstədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Təqdim etdi: İlahə Atəş