“Periferik sinir sisteminin ən çox yayılmış xəstəliyi olan qabırğaarası nevralgiya çox vaxt pasiyentlə həkimləri çaş-baş qoyur. Bu simptom nevroloji problemlərlə oxşar olduğundan çox vaxt həkimlər “nevralgiyadır” deyib, maz çəkməyi məsləhət görür. Daha dərin araşdırma həvəsində olan həkimlər isə nevralgiyanın digər xəstəliklərin təzahürü olduğunu bildirib, diaqnoz qoyur”.
Bununla bağlı “Gencaile.az”ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirib ki, əslində nevralgiya 9-11% hallarda əsl nevralgiyadır. Qalan hallarda həqiqətən digər köklü problemlərin simptomudur.
Bədəninin müxtəlif yerlərində ağrılar hiss edən hər kəsi ilk öncə bir sual düşündürür – niyə ağrıyır? Eləcə də qabırğalar arasında olan sinirlərin niyə ağrıdığı həmişə sual yaradır. Ta o vaxta kimi ki, xəstə dərdini bilmək istəyi ilə həkimə üz tutur.
Həkim-terapevt Nərminə Abbasova vurğulayıb ki, insanın döş qəfəsi 12 cüt qabırğadan ibarətdir: hər qabırğanın altında sinir və damarlar yerləşir. Onlar hər iki tərəfdən sümük toxuması ilə əhatə olunub və qorunur:
“İnsanda 11 cüt qabırğaarası sinir və 1 cüt qabırğaaltı sinir var. Periferik sinirlərdə olan istənilən ağrı nevralgiya adlanır. Bu ağrı ya zədə, təzyiqdən sonra yaranır, ya da bu sinirin ətrafında olan hər hansı problemdən. Məsələn, üzdə üçlü sinir diş ağrısı zamanı ağrıyır.
Qeyd edim ki, qabırağalararası sinirlərin ağrısı hərəkət, öskürək, gülmək zamanı kəskinləşir. Nevralgiya ağrılarında hətta yaxın ətrafda olan hissələrə, dəriyə toxunmaq belə ağrı verir, yalnız uzandıqda bu ağrı bir az səngiyir. Nevralgiya zamanı ağrı yayıla bilir, bədənin digər hissələrindəki sinir ucluqlarına ötürülür. Bu da həkimləri çaşdırır. Çünki bəzən digər orqanların xəstəlikləri də sinir ağrıları verir. Məsələn: bilək, qol ağrısı ürək xəstəliyində, bel, çiyin ağrısı kəskin appendisitdə, kürək, sinədə, çiyində, qolda ağrı mədə-bağırsaq, ağciyər xəstəliklərində ola bilər”.
Həkim-terapevt bildirib ki, qabırğaarası nevralgiyanın yaranma səbəbi qabırğaların zədələnməsi, travması, sınığı, çatı, mədə-bağırsaq xəstəlikləri, xora, qastrit, qastroudenit, qaraciyər, mədəaldı vəz, dalaq, çox siqaret çəkmək, müxtəlif şişlər, məsələn – döş qəfəsində yerləşən istənilən orqandakı şişlər ola bilər.
Nərminə xanım nevralgiyanın xəstəlik sayılıb sayılmamasının sual olaraq qalması məsələsinə də toxunub:
“Diaqnostikada hələ də aktual qalan bu suala konkret cavab yoxdur. Çünki ayrıca olaraq nevralgiya müstəqil xəstəlik kimi təsnif olunmur. Dizdə ağrı yoxdur, artrit var, baş ağrısı yoxdur, bu ağrıya səbəb olan konkret xəstəliklər var. Bir o məlumdur ki, ostexondroz nevralgiya ağrısı vermir. Amma bu günə kimi MDB ölkələrində poliklinikalarda həkimlər bu ağrı ilə müraciət edən xəstələrə nevralgiya diaqnozu qoyub, isti saxlamaq, ağrıkəsici və mazlar təyin edir. Bəzən bu səbəbdən xəstə arxayınlaşıb nevroloqa və ətraflı müayinəyə getmir. Nevroloq isə ağrının mənbəyini, əsl səbəbini tapmalıdır. Bu isə çoxlu müayinələr deməkdir: USM, rentgen, MRT. Hər xəstə buna razılaşmır, asan yol seçir”.
Həkim-terapevt bildirdi ki, əgər qabırağarasında kəskin ağrı ilə həkimə gedilibsə, həkim qastroenteroloqa gedib, mədəni yoxlatmağı məsləhət görürsə, bunu anlayışla qarşılamaq lazımdır:
“Hər halda həkimlərin çoxillik təcrübəsi öz sözünü deyəcək. Əgər bu problemin kökünü tapmasaz, o zaman illərlə qabırağarası sinir ağrısından əziyyət çəkəcəksiz. Bir sözlə, Qabırağarası nevralgiya – ayrıca xəstəlik deyil, simptomdur. Belə bir diaqnoz yoxdur. Onu müalicə etmək üçün onu yaradan xəstəliyi tapıb sağaltmaq lazımdır. Aptekdən ağrıkəsici dərman, iltihabəleyhinə mazlar alıb sürtməklə iş düzəlməyəcək”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)