Ailə funksiyası dedikdə, ailənin bütünlüyü, onu qorumaq məqsədi ilə həyat boyu baş verən dəyişikliklərlə koordinasiya olmaq, münaqişələri münasib yolla həll etmək, üzvlər arasında həmrəylik və bağlılıq yaratmaq, böhran müdiriyyəti və onun idarəetmə qaydalarını həyata keçirmək qabiliyyəti nəzərdə tutulur. Ailə funksiyasına ailə üzvlərinin onu qorumaq, inkişaf etdirmək, üzvlərin ehtiyaclarını təmin etmək üçün həyata keçirdikləri davranış və fəaliyyətlər daxildir. Bu bir növ onun üzvləri arasında struktur, təşkilatlanma və mübadilə modellərinə əsaslanan sistemli yanaşmadır. Onun hər bir sahəsinin sağlamlığı cütlüklər arasında anlaşmanın yaranmasına və inkişafına və səmimiyyətin artmasına zəmin yaradır, onun təminatçısı olur. Bir sözlə, hədəfyönlü bir sistem olaraq ailənin möhkəmliyini, sağlamlığını və səmərəliliyini təmin edir.
McMaster modelinə görə, ailə funksional olaraq bioloji, psixoloji və sosial inkişafda, həmçinin üzvlərinin qorunmasında və himayə edilməsində mühüm rol oynayan bir sistem kimi qəbul edilir. McMaster modelində ailə funksiyaları üç vəzifə kateqoriyasında müzakirə olunur, bunlar:
1) Əsas öhdəliklər
Bu vəzifələr, əsasən, iki qrupa ayrılır:
Maddi öhdəliklər.Ailə üzvlərini yemək və məskənlə təmin etmək kimi təbii və zəruri şeylərlə bağlı olanlar. Sözsüz ki, ailənin zəruri maddi ehtiyaclarını təmin etmək əsas məsələlərdəndir. Bunu gözdən qaçırmaq olmaz. Bəzən “əsas odur ki ailə olaq, maddiyyatın əhəmiyyəti yoxdur”-deyə ifrat pozitiv fikirlər önə sürülür. Doğrudur, əsas ailə ola bilməkdir və mənəvi təməllərin, bağlılıqların möhkəmliyidir, amma maddi amilləri görməməzdən gəlməyə əsas vermir. Çünki ailə fərdlərinin fiziki sağlamlığı, hüzuru onun qidalanması və məskunlaşması ilə də sıx bağlıdır. Buna görə də, insan təbiətini və həyat şərtlərinin tələblərini nəzərdə almaq mühümdür. Ona görə də ailədə fərdlər bunu normal səviyyədə təmin etmək üçün çalışmalıdır.Bu məsələyə dini cəhətdən də yanaşdırda, müxtəlif hədislərdə və rəvayətlərdə daim ailənin rifahını təmin etmək üçün təşviqlərin olduğunu görərik. Məsələn, Həzrət Səccad (ə) buyurur: Bir neçə dirhəmlə bazara gedib, ailəmin ürəyi istədiyi üçün ət almağım, mənim üçün, bir qulu azad etməyimdən daha sevimlidir.Hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-taala ondan daha çox razıdır.” (Əl-Kafi, Məhəmməd ibnYəqub Kuleyni Razi, Beyrut, Darüs-səb, 1401 hicri-qəməri, dördüncü çap, c. 4, səh. 12)
Mənəvi öhdəliklər. Dəyər vermək, sevgi, məhəbbət və dəstək olmaq kimi emossional və mənəvi məsələlərlə əlaqədar öhdəliklər. Həyat nə qədər komfort və dəbdəbəli belə olursa olsun, orada mənəvi öhdəliklər yerinə yetirilmirsə, uzun ömürlü hüzur və sevincdən söhbət gedə bilməz. Buna görə də, bu öhdəliyə xüsusi diqqətlə və ciddiyyətlə yanaşılmalıdır. Sözügedən öhdəlik, hansısa maddi imkanı, xüsusi xərci tələb etmir, sadəcə olaraq insanlıq və pak duyğuların olması kifayətdir. Bu barədə islam dininin əhəmiyyətli tövsiyələri də mövcuddur. Allahın elçisi (s) buyurur: “Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən şəxsə, izhar et ki, aranızdakı sevgi bağları daha da möhkəmlənsin.”(Biharül-ənvar, Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (Əllamə Məclisi), Beyrut, Vəfa müəssisəsi, 1403 hicri-qəməri, ikinci çap, c. 78, səh. 7)
2) İnkişaf yönümlü öhdəliklər
Bu vəzifələr kateqoriyasına dəyişikliklər zamanı yaranan iki mövzu daxildir:
(a) Fərdlərin fiziki inkişafında struktur dəyişiklikləri tələb edən fərdi inkişaf mərhələləri ilə bağlı məsələlər, məsələn: körpəlik, uşaqlıq, yeniyetməlik və orta yaş böhranları.Qeyd olunan həyat mərhələlərinin özünəməxsus tələbləri və fərqlilikləri vardır. Ailə fərdləri bu dəyişikliklərə uyğun şəkildə lazım olan himayə və qayğını göstərməlidir.
(b) Ailənin böyüməsində struktur dəyişiklikləri tələb edən ailə mərhələləri ilə bağlı məsələlər, məsələn: ilk nikah, hamiləlik və uşağın doğulması. Cütlüklər arasında bu mərhələlərdə xüsusi və həssas diqqət və şəfqətin olması əhəmiyyət daşıyır. Bunlar ailə boalarının da möhkəmlənməsi üçün əsas fürsətlərdir. Belə ki, xanımınıza göstərdiyiniz qayğı və sevginin onun bu həssas dövrdə sizin dəstəyinizi və məhəbbətinizi hiss etməsi, aranızdakı bağları möhkəmlədəcəkdir. Unutmayın, cütlüklər arasındakı uçurumlar məhz bu həssas məqamlardakı biganəlik, empatiya və qayğının olmamasından qaynaqlanır.
3) Böhran zamanı öhdəliklər
Buraya xəstəlik, qəza, işsizlik, köç və s. ilə bağlı böhranların baş verməsi daxildir.Əslində ailə, inkişaf prosesində bu vəzifələri yerinə yetirən üzvlərdən təşkil tapmış məqsədyönlü bir quruluşdur. Sədaqət və vəfanın öz mənasını tapdığı məqamlar məhz böhran zamanı meydana çıxır. Yoxsa ki, hər şey qaydasında olduğu zaman, “sevgi”, “məhəbbət” nümayiş etdirməyə nə var ki? Ailədə cütlüklərdən birinin ciddi xəstəliyə tutulması, müflis olması və sair durumlarda onu himayə etmək, qayğısına qalmaq ən əhəmiyyətli öhdəliklərdəndir. Sözsüz ki, çətinliklər olacaq və həm mənəvi həm də fiziki baxımdan məsuliyyət, səy və zəhmət ikiqat artacaq, amma sədaqət və etibarın verdiyi güc ilə bunun öhdəsindən gəlmək olar. Necə ki, dinimizdə də, dözümlülüyə və sədaqətə böyük əhəmiyyət verilmişdir. Həzrət Məhəmməd (s) sevimli qızına buyurur: “Fatiməcan, həyatın çətinliklərinə dözümlü ol ki, axirətdə uca məqamlara çatasan.”(Kənzül-ümmal fi sünnətil-əqval vəl-əfaal, Əli Müttəqi ibn Hisamuddin Hindi, təshih: Səfvətüs-Səqqa, Beyrut, Məktəbətüt-türasil-islami, 1397 hicri-qəməri, birinci çap, c. 12, səh. 422.)
Əlbəttə, ailələrin saydığımız vəzifələri yerinə yetirmək qabiliyyəti müxtəlifdir. Bəzi ailələrdə qida və sığınacaq təmin etmək kimi əsas öhdəlikləri yerinə yetirmək çox çətin ola bilər, bəzilərində isə bu asan və keyfiyyətlidir. Bəzi ailələrdə isə birinci və ikinci öhdəliklər uyğun və ideal şəkildə irəlilədiyinə baxmayaraq, böhran zamanı fərdlər öz vəzifələrini layiqincə icra etmirlər. Məsələn, ağır xəstəlik kimi riskli hadisələrlə mübarizədə problemlərlə üzləşirlər. (Rotter JB. The Development and Applications of Social Learning Theory. NY: Praeger Publishers: New York; 1982, s:305).
Ailə funksiyasında önəmli amillər
Ailə fərdlərinin bacarıqları dedikdə ona bir neçə aspektdən yanaşmaq mümkündür. Biz burada məsələyə Mc.Masterin baxış tərzindən yanaşırıq. Sözügedəm amillər ümumi olaraq aşağıdakılardan ibarətdir:
- Problemin həlli
- Əlaqələr
- Rollar
- Emossional reaksiya
- Emossional bağlılıq
- Davranış nəzarəti
Qeyd edim ki, hazırkı və gələcək məqalələrimizdə bu amilləri geniş şəkildə və təfərrüatları ilə bəyan edəcəyik.
İlk olaraq birinci amildən başlayırıq:
1) Problemin həlli
Ailə də, bütün dəyərli quruluşlar kimi müxtəlif təhlükələr və çətinliklərlə üzləşir. Bu təhlükələr ailə quruluşunun sağlamlığını, möhkəmliyini və istiqrarını hədəf alır. Ailədə yaranan problemlər ailənin funksional qabiliyyətini və bütövlüyünü təhdid edir. Bu ailəni stressə salır. Çünki problem varsa, stress də vardır. Problemin həllinə nail olmaq üçün stress zamanı sakitləşmə miqdarı çox önəmlidir. Ailə problemi həll edə bilmirsə stressin miqdarı daha da artır. Həll etmək dedikdə, nəticəni müsbət şəkildə dəyişdirmək mümkün olmadıqda belə, stressli bir şəraiti sağlam şəkildə yönləndirə bilmək və ya ona uyğunlaşa bilmək bacarığı əhəmiyyət daşıyır. Bu, ailənin möhkəmliyini və böhran şəraitini müdiriyyət etmək və emosional təzyiqi ən aşağı həddə endirmək potensialını artırır.
Ailədə problem həll etmə bacarığına malik olmaq çox əhəmiyyətlidir. Burada öhdəçilik, emossional bağlılıq, əlaqələrin sağlamlığı, məmnunluq hissi kimi faktorlar birbaşa stressin idarə edilməsi və problemin həlli qabiliyyətində öz təsirini qoyur. (Davila, J, Karney, B. R, Hall, T. W. ve Bradbury, T. N. 557-570.)
Ümumiyyətlə, ailədaxili problemlər iki əsas qrupa bölünür:
1- Məişət problemləri: Buraya maddi problemlər və ya mənzillə bağlı problemlər kimi gündəlik həyatla bağlı məsələlər aiddir. Bu problemlərə pul, yemək, geyim, ev və nəqliyyat sahəsində üzləşdiyimiz çətinlikləri misal vurmaq olar.
2) Emosional problemlər: Hiss və duyğuların uzlaşmadığı və yaxud ziddiyyət təşkil etdiyi zaman emosional münaqişələrlə bağlı problemlərdir. Buna narahatlıq, qəzəb, kin, qısqanclıq, bədgümanlıq, intiqam hissi və depressiya kimi emosional problemləri missal vurmaq olar.
Ailədə cütlüklər məişət və maddi problemlərli emosional problemlərə nisbətən daha keyfiyyətli həll yolları tapa bilirlər. Amma emosional problemlərin təməlində bir sıra mürəkkəb psixoloji faktorlar dayandığı üçün onun həllinə çatmaq daha çox səy və zəhmət tələb edir. (Costigan, C. L., Floyd, F. J., Harter, K. S., & McClintock, J. C. (1997). Family process and adaptation to children with mental retardation: Disruption and resilience in family problem-solving interactions. Journal of Family Psychology, 11(4), 515)
Məişət və emosional problemlərini həll edə bilməyən ailələr süst, emosional problemlərini həll edə bilən ailələr təsirli, həm məişət, həm də emosional problemlərini həll edə bilən ailələr isə ən təsirli və ya ən funksional ailələr olaraq təyin olunur. (Epstein, N. B., Bishop, D. S., & Levin, S. (1978). The McMaster model of family functioning. Journal of Marital and Family therapy, (4), 19-31)
Qeyd etmək lazımdır ki, bir qayda olaraq, funksional qabiliyyəti zəif olan ailələrdə emosional problemlər bəzən ciddi nəticələr yaradır. Bu sahədə problemin həlli prosesi yeddi addımdan ibarətdir:
Problemin müəyyən edilməsi.
Bir çox araşdırmalar göstərmişdir ki, ailə sistemində problem həll etmə bacarıqları zəif olan ailə üzvlərində bir çox psixoloji və sosial problemlər yaranır. (Wade, S. L., Michaud, L., & Brown, T. M. (2006). Putting the pieces together: Preliminary efficacy of a family problem-solving intervention for children with traumatic brain injury. The Journal of head trauma rehabilitation, 21(1), 57-67).
Ailədə yaşanan problemlər həllini tapmadıqda, yaxud anormal şəkildə “həll edildikdə”, bu, onsuz da həyatla mübarizə qabiliyyəti zəif olan uşaqlara daha çox təsir edir. (Sanders, M. R., Dadds, M. R., Johnston, B. M., & Cash, R. (1992). Childhood depression and conduct disorder: I. Behavioral, affective, and cognitive aspects of family problem-solving interactions. Journal of Abnormal Psychology, 101(3), 495)
Araşdırmalar göstərir ki, problem həll etmə bacarığı zəif olan ailələrdə böyüyən uşaqlar intensiv şəkildə sözlə kobudluğa və aqressiv davranışlara meylli olur. Yaxud məktəbdə və sair sosial rabitələrdə üzləşdikləri problemlərlə mübarizə mexanizmləri effektsiz, passiv ola bilir və depressiyadan əziyyət çəkirlər. (Forgatch, M. S. (1989). Patterns and outcome in family problem solving: The disrupting effect of negative emotion. Journal of Marriage and the Family, 51, 115-124).
Çünki azyaşlılar valideynlərinin bir-biriləri ilə mübahisə və kobud davranışlarını gördükləri zaman bunun qarşısını ala bilmədikləri üçün özlərini günahkar bilirlər. Onlar həmçinin valideynlərinin ayrılacağından və ona qarşı olan sevgilərindən məhrum qalacaqlarından qorxurlar. Başqa bir qorxu hissi isə ata-analarının bir-birilərinə zərər verməsi qorxusudur. Buna görə də, azyaşlı övladları olan cütlüklər problemi həll etmədə daha diqqətli olmalıdırlar.
Problemi həll etmə zamanı ilk olaraq problemin əsas mahiyyəti müəyyən edilməlidir. Cütlüklər arasında yaranan narazılığa səbəb nədir. Bir sözlə desək tam olaraq problem nədən ibarətdir? Axı bəzən yaranan böhranın nə olması aydın deyil. Misal olaraq qeyd edək ki, məsələ ərin xanımına lazımı dəyəri verməməsidirmi, yoxsa xanımın bunu belə qavramasıdır? Yaxud məsələ xanımın ərinə qarşı çıxmasıdırmı, yoxsa ərin və onun qohumlarının yersiz təzyiqlərinə haqlı əksül-əməl göstərməsidir? Tam olaraq problemin mahiyyəti aydınlanmalıdır. Əslində pirinci misalda xanımın məsələni qavrayışı, ikinci misalda isə ərin yersiz istəkləridir. Sadəcə olaraq yanlış şəkildə qarşı tərəfin (birinci misalda ərin, ikinci misalda xanımın) hərəkət və davranışları problem kimi təqdim edilir. Problemin nə olması və ən əsası da onu yaradan səbəblər dərindən araşdırılmalıdır.
Burada biz birbaşa problem mərkəzli davranmalıyıq. Problemin bizə verdiyi neqativ idrak və qavrayışlar, hiss və duyğuları kənara qoymalıyıq, onlara əsaslanaraq reaksiya verməməliyik. Məsələn, hansısa məsələ haqda diqqətsizlik edən cütlüklərdən birinə, ar-yaxud xanıma “sən eqoist və məsuliyyətsiz insansan, səndən ata, ya ana olmaz” -deyə müraciət edildikdə, şəxsin buraxdığı səhv onun şəxsiyyəti ilə eynilərdirilir. Yəni burada problem kənarda qalır və şəxsiyyətə hücum edilir. Halbu ki, bu yanlışdır. Problemin üzərində mərkəzləşməli, onun fəsadları aydınlaşmalı, yaradan səbəblər ortaya çıxarılmalı və diqqət ona yönəlməlidir.
- Məsələnin həlli ilə bağlı ailə daxilində və xaricində lazımi mənbələrin əldə edilməsi və ya şəxslərə müraciət edilməsi.
Buraya kömək və məsləhət alına biləcək qaynaqlar, maariflənmə zəminində mütaliələr, ailə müşaviri, psixoloq və sairləri daxildir.
- Problemin həlli üçün alternativ həll yollarının müəyyən edilməsi
Problem aydınlaşdıqdan sonra lazımi qaynaqları əldə edən cütlüklər, ağla gələn həll təklifləri sıralanmalıdır. Bu həlləri yaxşı və ya pis, mümkün və ya mümkünsüz olması süzgəcindən keçirmədən olduğu kimi təqdim etmək lazımdır. Əhəmiyyətli olan problemin mümkün qədər çox həll yolunu ortaya qoymaqdır.
- Müvafiq həll yoluna qərar vermək
Ardınca cütlüklər hər bir həll yolunu dəyərləndirərək, sözügedən həll yollarının cütlüklərinin hər biri üçün nə demək olduğu müzakirə etmək lazımdır. Bu mərhələdə tərəflərin öz fikirlərini düzgün cə açıq ifadə etməsi vacibdir. Müzakirələr bitdikdən sonra ailənin bütün üzvlərini qane edəcək və ən çox razı salacaq qərarı qəbul etmək lazımdır. Diqqət edin ki, qərarın həllinin təfərrüatları da müzakirə edilməlidir. Qərar həyata keçirilən zaman tərəflərin hansı addımları və nə üçün atmaları hədəfyönlü olmalıdır. Lazım gələrsə plan qurulmalı və onun əsasında irəliləməlidirlər.
- Planın icra edilməsi
Burada həll yolunun icrasında iradəli, nəzmli olmaq qədər, onu sevərək həyata keçirmək də önəmlidir. Keçən məqalələrimizdə ailəyə verilən dəyər, bağlılıqlar və sair məsələlərin önəminə diqqət çəkmişdik. Onları nəzərdə alaraq ailənizin mövcudluğunu və davamiyyətini istəyirsinizsə, bunun üçün səmimi şəkildə addım atmanız və səy göstərməniz lazımdır.
- Seçilmiş həllin icrasına nəzarət
Nəzarət funksiya çox önəmlidir. Cütlüklərdən biri həll yolunun əsas amillərini icra etməkdə səhlənkarlıq göstərdikdə qarşı tərəf də buna etinasız yanaşdıqda, yenidən keçmiş problemə geri qayıda bilərlər. Bu isə bir növ bumeranq effekti yaradacaqdır. Problemin yenidən qarşıya gəlməməsi üçün həll yolunun icrasında ciddiyyət nümayiş etdirilməlidir.
- Seçilmiş həllin həyata keçirilməsinin uğurunun qiymətləndirilməsi
Həmçinin, diqqət etmək lazımdır ki, təctrübə etmədən bir həll yolunun real şəkildə effect verib-vermədiyini söyləmək çətindir. Onu bir müddət tətbiq etdikdən sonra bir daha nəzərdən keçirmək lazımdır. Yəni qiymətləndirmək lazımdır. Nə qədər effektli oldu? Effektsiz olmasının səbəbləri nə idi? Belə olan halda, cütlüklər tərəfindən həll üslubunda bəzi dəyişikliklər təklif oluna bilər. Əhəmiyyətli olan problemlə kreativ şəkildə yanaşmaq və problemlə üzləşməkdir. Belə ki, bütün tərəfləri qane edəcək bir həll yoluna çatana qədər konstruktiv həllər təklif etmək və onu icra etməkdir.
Xatırladım ki, problemin həlli yolunda effektiv və sağlam fəaliyyət göstərən ailələr bu prosesin əksər mərhələlərini uğurla başa vura bilər, lakin disfunksiyalı və sağlam olmayan ailələr problemlərini belə müəyyən edə bilmirlər.
ARDI VAR…
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu