Siciliya adasına coğrafiya dərsliklərindən deyil, Mario Puzonun eyniadlı əsəri əsasında ekranlaşdırılan “Xaç atası” filmindən bələd olmuşam. Don Korleone klanının dünyaya tanıtdığı bu adaya səyahət etmək arzusu dünyanın əksər turistlərində var.
Bu cənnət adaya çatmağın ən asan yolu təyyarədir. Lakin bura İtaliya mənzərələrini seyr edərək, qatarın Messina boğazından keçməsi ilə və ya Siciliyadakı çoxsaylı limanlardan birinə bərə ilə də çatmaq mümkündür.
Bir-birinə qarışan mədəniyyət
Siciliyanın paytaxtı Palermoya – yunanların “Bütün liman” adlandırdığı körfəzlə əhatə olunan şəhərə təyyarənin enişi füsunkar bir mənzərə yaradır. Hava gəmisi körfəz üzərində fırlanır və az qala dənizin mavi sularında oturur – uçuş-enmə zolağı sahilə çox yaxındır. “Dünyanın heç bir yerində hava limanının terrasından dənizə belə ecazkar mənzərə yoxdur”, – deyə heyranlığımı gizlədə bilmirəm.
Palermo coğrafi mövqeyinə və mülayim temperaturuna görə bütün il boyu səyahət etmək üçün ideal şəhər sayılır. Aralıq dənizinin iqlimi şəhərin qışlarını da mülayim edir.
Hava limanından şəhərin mərkəzinə 40 dəqiqə ərzində, avtobusa 6 avro ödəməklə çatırıq. Şəhər kənarında ilk müşahidə etdiyimiz kasıb, kiçik, nimdaş evlərdir. Səfər yoldaşlarımın “hələ ki, qeyri-adi heç nə görünmür” fikirlərinə sakitcə: “Səbr edin, insanı heyrətə salan Siciliya qarşıdadır” deyirəm. Axı Höte və Gi de Mopassan kimi məşhurların səyahət yazılarında Palermonu tərifləyərək nəfəs kəsən obrazlar yaratması, adaya səyahət edən Oskar Uayldın buranı “Dünyanın ən gözəl panoraması olan şəhər” adlandırması təsadüfi ola bilməz…
“Mafiya turistlərə toxunmur”
Palermonun küçələrini gəzdikcə “mafiya şəhəri” ifadəsi də bizimlə birlikdə addımlayır. Cüzeppe Haribaldinin Siciliyanı İtaliyaya birləşdirməsindən sonra yaranan mafiyanın izləri adada hələ də qalmaqdadır. Bölgə rəhbərliyi bunu inkar etmir və “Mafiya ilə mübarizə aparırıq” deyir. Mafiyanın elementləri şəhərin arxitekturasına, həyat tərzinə, ticarət-iaşə sektoruna və az qala insanlarının xarici görkəminə də hopub.
Elə məşhur “Xaç atası-3” filminin final kadrlarının tarixi “Massimo Teatrı”nda çəkilməsi də təsadüfi deyil. Filmin çəkiliş meydançaları Palermodan Siciliyanın digər bölgələrinə – Korleona, Taormina şəhərlərinə qədər uzanıb… Ancaq adada inanırlar ki, məşhur Siciliya yazıçısı Gesulando Bufalinonun yüz il əvvəl proqnozlaşdırdığı kimi, mafiya məktəb müəllimləri ordusu tərəfindən, mədəniyyətin yayılması ilə məğlub olacaq.
Turistlərin müxtəlif internet saytlarında həyəcanla bölüşdükləri “Çantanızı qoruyun!” fikirlərində isə həqiqət var. Aralıq dənizinin təhlükəli dalğalarını yarıb buralara gəlib çıxan mühacirlərin çoxu oğurluqla dolanır. Bir-birləri ilə göz-qaşla danışan miqrantlara bütün küçələrdə rast gəlmək olur və işarələri bizim də gözümüzdən yayınmır. Onların qurbanı olmamaq üçün yeganə yol izdihamlı yerlərdə ehtiyatlı olmaq, sakit, adamsız ara küçələrə daxil olmamaqdır.
“Mafiya turistlərə toxunmur” kimi fikirlər isə səyahətçiləri bu adaya gəlməyə daha da həvəsləndirir. Ölkənin cənub regionunda əhali digər bölgələrdən daha mehribandır. Tanımadığın ünvana mehribanlıqla və italyan dilində bələdçilik edirlər. Kafe və restoranlarda, hotellərdə ingilis dilində şirin italyan şivəsində danışanlar var.
Qədim küçələr, dar dalanlar…
Palermoda qədim, mədəni ənənələrə sadiqlik, ən müasir təzahürlərində də köhnəliyin izləri görünür. Burada hər küçənin öz tarixi var. İrəlilədikcə əsrlərin dinc şəkildə bir-birinə keçdiyi heyrətamiz qədim şəhərlə qarşılaşırıq. Müxtəlif hakimiyyət dövrlərinin izlərini saxlayan memarlıq abidələri – Bizans mozaikalarını, barokko kilsələrini, qədim katakombaları, ərəb-norman üslubunda sarayları, qotik binaları, nəfis aristokratik malikanələri, neoklassik teatrları, malikanələri, muzeyləri seyr edirik… Katolikliyin mərkəzlərindən biri kimi hər küçədə qədim kilsə və monastırlara rast gəlirik. Şəhərin mənzərəli konturları – möhtəşəm körfəzin və dağların fonunda görünən zəng qüllələri, günbəzlər adamı heyran edir. Şəhərin mərkəzindəki antik abidələr 2015-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Palermo həmişə turizmlə yaşayıb
Palermoda turist avtobusuna minmədik, çünki o, kiçik küçələrdən keçmir. Palermonun ruhunu hiss etmək üçün tarixi küçələri, dar dalanları piyada gəzmək lazımdır. Balkonlarından yuyulmuş paltarlar yellənən köhnə, dar dalanlarda retro italyan filmlərinin kadrları yaddaşa gəlir. Hər tərəfdə şəhərin keçmiş əzəmətinin, gözəl memarlığının, ənənələrinin izlərini görürsən. Həmçinin, sadə italyanların yaşamı da aydın görünür. Sakit küçələrdə “qədim peşə”nin sahiblərinə, “bomj”lara, izdihamlı meydanlarda zövqlü, hay-küylü italyanlara, son dərəcə səliqəli geyinmiş yaşlı cütlüklərə, hər detalı maraqla izləyən turistlərə rast gəlmək olur. “Palermo həmişə turizmlə yaşayıb” fikirləri isə həm də ada iqtisadiyyatının dayağıdır. “Palermoya gəlmək üçün mövsümün fərqi yoxdur. Qış aylarında turistlər bütün Siciliya boyu səyahət edirlər. Yayda isə Aralıq dənizinin çimərliklərində turistlərin əlindən tərpənmək olmur”, – deyə söhbətləşdiyim italyanlardan biri deyir: “Siciliyada istirahət üçün hər şey var: günəş, dəniz, tarix, dadlı mətbəx. Turistə daha nə lazımdır?”.
Səyahətçilər üçün Siciliyanın Catania, Suracusa, Taormina və s. bölgələrinə, adadakı Etna vulkanına da rusdilli bələdçilərlə gündəlik turlar (70-80 avro) təşkil edilir. Hotellərin qiyməti isə bir neçə ay qabaqdan bronlaşdıranda 40-50 avro arası dəyişir. Qış aylarında qiymətlər daha münasib sayılır.
Pəhrizdən narahat olmayın
Gəzintiyə ara verib dadlı qəhvə, dondurma və ya Siciliya şirniyyatlarının bir çox təamlarından birini dadmaq üçün kafeteriyalarda ayaq saxlayırıq. Klassik Siciliya yeməklərinin qoxusu turistləri kiçik, milli dizaynlı pizzerialara səsləyir. Zəngin qastronomik təcrübə fərqli təəssüratlar yaradır. Qiymətlər də fantastik deyil: dondurmaya 2-3, pizzaya 10, spagettiyə 8-10, italyan kolasına 5, dadlı şirniyyatlara 5-6 avro ödəməklə yerli mətbəxin ləzzətindən zövq alırsan. Sonradan öyrənirik ki, Siciliya mətbəxi yunan, ispan, roma və ərəblərin irsinin birləşməsidir. Məhz bütün bu mədəniyyətlər bölgənin qastronomik mahiyyətinə təsir göstərib. Eləcə də bütün turistlər kimi məşhur balıq bazarlarında dəniz məhsulları yeməkdən, meyvə şirələri içməkdən biz də vaz keçmirik. “İtaliyada pəhrizdən narahat olmaq lazım deyil!” fikirləri də təsadüfən formalaşmayıb.
Adanın mədəniyyətini, tarixini əks etdirən suvenir dükanları turistləri hər küçədə qarşılayır. “Bölgəyə gəlib “Şərab və zeytun yağı almamaq günahdır” fikri də turistlərə sirayət edib. Mağazalarda real qış endirimləri isə alıcıları cəlb edir. Məsələn, yerli istehsal olan dəri ayaqqabılarına, qış gödəkçələrinə edilən real endirimlər alıcıları az qala şoka salır.
İtalyan tətili əfsanə deyil
Palermo səs-küylü, canlı şəhərdir. Yanvar ayının yağışlı, soyuq olması italyanlara qətiyyən mane olmur. Onlar küçələrdəki kiçik kafelərdə siqar tüstülədir, şərab içir, canlı musiqidən zövq alırlar… Palermo sakinləri çoxsaylı şəhər teatrlarına getməyi sevirlər. Operalar, simfonik musiqi konsertləri, bədii tamaşalar çox populyardır. Palermo küçələri adətən izdihamlı olur. Xüsusən axşamüstü zövqlə geyinən yaşlı italyanların ailə gəzintilərini müşahidə etmək adama xoş gəlir. Palermo turistlərdə fəlsəfi əhval-ruhiyyə oyadır. İnanırsan ki, italyan tətili əfsanə deyil…
Təranə Məhərrəmova