su cersenbesi 2

Su çərşənbəsi – “Sular Novruzu”, unudulmuş inanclar

Baxış sayı: 464

Bu gün Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər.

Su çərşənbəsi qədim ənənələrə görə ilin başlanğıc günü hesab olunur. Əslində buradakı su rəmzi məna daşıyır və o keçən ilin bütün neqativ enerjisini yuyaraq aparır.

Novruz bayramı və o cümlədən çərşənbələrin tarixi hələ Azərbaycanda İslam dininin yayılmasından əvvələ gedib çıxır. Deyilənə görə, bu ərazilərdə İslamın yayılmasından əvvəl çərşənbələr xalqın ildə bir dəfə keçirdiyi ənənə olub.

Keçmişdə insanlar su çərşənbəsində təmiz suyun olduğu yerlərə, yəni çay, bulaq başına gedər və oradan axan suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəldiyinə inanarmışlar.

Onu da qeyd edək ki, Zəmzəm suyu İbrahim peyğəmbərin həyat yoldaşı Həcər və oğlu İsmayılla əlaqəlidir. Belə ki, səhraların birində susuz olan Həcər və İsmayılın imdadına Allahın əmri ilə Cəbrayıl mələk yetişir. O, qanadını quru səhrada yerə vurduqdan sonra həmin yerdən su fışqırır.

Bu gün də müqəddəs Həcc ziyarətinə gedənlər Zəmzəm bulağını ziyarət etməmiş geri dönmürlər.

SU CERSENBESI

Bəs, su çərşənbəsi ilə bağlı unudulmuş başqa hansı inanclar var? 

Beləliklə, bu inancların bir neçəsini təqdim edirik: 

İnanca görə, su çərşənbələrində evin damına buğda atırlar ki, il bərəkətli keçsin.

Un torbalarının ağzı açıq qoyulur ki, bərəkət paylananda bağlı qalmasın.

Su çərşənbəsində axar suyun qarşısını qətiyyən kəsmək olmaz. Əgər, belə bir şey olarsa, suyu kəsən insana zərər dəymiş olar. Bu azərbaycanlıların suyu müqəddəs qəbul etdiklərinin göstəricisidir.

İlk çərşənbədə tonqal yanıb qurtardıqdan sonra onun ətrafına 3 cızıq çəkilir. Əgər belə edilməzsə, evin bərəkəti qaçar.

Çərşənbələrdə tonqalın üstündən atılma adətlərimiz var. Amma lap qədimlərdə tonqalla yanaşı, suyun üzərindən tullanmaq kimi ənənəmiz də var imiş. Təbii ki, axar və saf su nəzərdə tutulur. Suyun üzərindən düz 3 dəfə tullandıqdan sonra həmin axar suya çox da yaxın olmayan bölgədə bir qab sındırılır.

Qabı sındıran zaman “Dərd və bəlamız varsa. Bu saxsı qabla getsin” ifadəsini deyirlərmiş.

Qeyd edək ki, su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki bu çərşənbə soyuq və şaxtalı qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir