san2cHpEg3br7NZZVyiId2JgoLFuGNjimSZ0OcCG

Toyları gündəm olan cütlük

Baxış sayı: 627

Son vaxtlar sosial şəbəkələrdə paylaşımlardan biri də kanadalı bəyin “Vağzalı” sədaları altında azərbaycanlı gəlinin nənəsi ilə etdiyi rəqsdir. Videoda əlində gəlin çiçəyi ilə evə daxil olan bəy, nənənin oynamağını görüb eyni əl hərəkətləri ilə ona qarşılıq verməyə çalışır. Əcnəbi kürəkənin rəqsi, sevinci sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb oldu. Biz də toyları gündəm olan əcnəbi bəy və azərbaycanlı gəlinlə söhbətləşdik. “Ailə” rubrikamızın qonaqları Daniel MoreauTomris Bayramovadır.

“Bizi ətraf mühit, təbiət sevgisi birləşdirdi”

Tomris deyir ki, onları bir araya gətirən ətraf mühit, təbiət sevgisi olub: “2018-ci ilin sonu dostlarımın məsləhəti ilə karyeramı inkişaf etdirmək üçün Kanadaya getməyə cəhd etdim və immiqrasiya proqramlarına müraciət etdim. 2019-cu ilin sonu Kanadada oturum hüququ aldığım barəsində məktub gəldi. Çox sevindim və biletimi 2020-ci ilin mart ayına aldım. Uçuşuma 2 gün qalmış koronavirusla bağlı bütün sərhədlər bağlandı. Vizam il yarımlıq olduğu üçün müddəti bitdi və mən Azərbaycanda qaldım. Yenidən Kanadaya viza üçün müraciət etdim. Orada da koronavirusla bağlı vəziyyət ağır idi. Nəticədə bütün proqramlar donduruldu və vizamla bağlı məlumat gəlmədi. ABŞ-ın keçirdiyi “Greencard” lotereyasında iştirak etdim. Əslində, 14 il ard-arda müraciət edirdim, lakin qazana bilmirdim. 2021-ci ildə ilk olaraq Kanadadan vizamla bağlı müraciət gəldi, 1 ay sonra “Greencard” udmağımla bağlı məlumat aldım. Qarşımda çox böyük seçim var idi. ABŞ-də müsahibə mərhələsini həll edənə qədər Kanada ilə maraqlanırdım. Orada ətraf mühitlə bağlı təşkilatları, onlayn proqramları araşdırarkən Daniellə tanış olduq. Çünki o da ətraf mühit, heyvanların mühafizəsi ilə maraqlanırdı. Bizi təbiət, ətraf mühit birləşdirdi. Biz artıq onlayn şəkildə münasibət qurduq, hobbilərimiz, maraqlarımız əsasında dost kimi danışırdıq. Bundan sonra seçimim Kanada oldu və biletimi aldım”.

“Daniellə tanışlığım əsl xoşbəxtlik idi”

Daniel dünyanın ən məşhur Niaqara şəlaləsinin yaxınlığında yaşayır. Tomris məhz bu yeri gördükdən sonra orada yaşamağa qərar verib: “Torontoya, rəfiqəmin yanına köçəcəkdim. Daniel isə tam başqa şəhərdə – Niaqarada yaşayır. Şəlalə evindən 10 dəqiqəlik məsafədə yerləşir. Torontoya gəldikdən sonra Daniellə görüşdük. Təbiət həvəskarı olduğum üçün şəlaləni görəndən sonra dedim ki, mən burada yaşamaq istəyirəm. Oranın milli parkları, vəhşi təbiəti məni valeh etdi. Bakı ilə müqayisədə orada təbiətə çox yaxın olursan. O fərqliliyin içində yaşayan insanla tanışlığım isə əsl xoşbəxtlik idi”.

Bir də onun parıldayan gözləri…

Danielin isə diqqətini Tomrisin insanlarla münasibəti, dostlarının çox olması, təbiət sevgisi çəkib. Əcnəbi kürəkən deyir ki, Tomrisin Kanadada belə, dostlarının sayı Danielin dostlarından çoxdur: “Tomrislə hansı şəhərə bir yerdə getsək, orada mütləq tanışı çıxır. Hətta Kanadada o qədər dostları var ki, Tomrislə görüşmək üçün öz aralarında rəqabət aparırlar. Mənim Kanadanın bir çox şəhərlərində dostlarım yoxdur, amma Tomrisin var. Bakıda da onu sevən çox insanın olduğunu gördüm. Tomris insanlarla dünyanın hər yerində münasibətlər qurmağı bacarıb. Üstəlik, o insanlar Tomrisi çox sevirlər. Belə bir xanımla rastlaşmaq mənim üçün tapıntıdır. Deməli, çox gözəl insandır ki, hamı onu çox istəyir. Bir də onun parıldayan gözləri… İlk dəfə videosöhbət zamanı Tomrisin gözlərini görəndə, anladım ki, bu, ilk baxışdan sevgidir. Biz bir-birimizə çox bənzəyir, hər mənada bir-birimizi tamamlayırıq”.

“Daniel kanadalı deyil, dünyalıdır”

Tomris isə Danieli dünya vətəndaşı adlandırır: “Daniel çox mehriban, dünya ilə çox iç-içə insandır. Mən ona dünya vətəndaşı deyirəm. Çünki hər bir mədəniyyətə, dinə çox böyük hörmətlə yanaşır. O, gördüyüm insanlardan tam fərqlənir. Ailəsi də özü kimidir. Onlar dünyanın bir çox ölkələrinin mədəniyyətləri ilə yaxından tanışdılar. Əslində biz tanış olanda Daniel Azərbaycanın ancaq adını eşitmişdi. Amma indi Azərbaycana vurulub, Bakını çox sevir. Artıq Azərbaycan dilini öyrənmək üçün kitab alıb. Onun belə xüsusiyyətləri, çox gözəl insan olması, təbiəti, heyvanları sevməsi məni təsirləndirdi. Məsələn, Danielin pişiyi var. Pişiyi sığınacaqdan götürərkən, “ən zəif, xəstə, heç kim tərəfindən götürlməyən heyvan hansıdırsa, onu mənə verin” deyib. Belə insanı necə sevməmək olar?”.

“İlk dəqiqədən ailələr asanlıqla ünsiyyətə girdilər”

Uzaq Kanadada ailə tanışlığı və elçilik də dövrün tələblərinə uyğun olaraq, onlayn şəkildə, videozənglə olub. Tomris deyir ki, ilk dəqiqədən ailələr asanlıqla ünsiyyətə girdilər: “Nənəm, 2 xalam ingilis dili müəllimidirlər. Ona görə də ünsiyyət çətin olmadı. Düzdür, məsələni anama deyəndə, çox narahat oldu. Uzaq ölkədə və tək idim. Təbii ki, qorxdu. Amma mənim Daniellə bağlı heç bir şübhəm yox idi. Biz Daniellə tanış olan kimi o da anasına məlumat vermişdi. Bu, onun ailəsi üçün də müəyyən qədər şok idi. Bizim tanışlığımızdan, əyani görüşümüzdən 1 ay sonra o, məni öz valideynləri ilə tanış etdi. Bundan sonra mən Danieli anamla tanış etdikdə, anam gördü ki, o, çox ciddi insandır. Biz ikimiz də artıq uşaq deyilik. Həyatdan nə istədiyimizi bilirik. Buna görə də valideynlərimiz bizi anladı və dəstəklədi”.

Videozənglə elçilik mərasimi

Daniel deyir ki, elçilikdə ən həyəcanlı məqam internetin kəsilməsi olub: “1 saata yaxın qoşula bilmədik, internet çox zəif idi. Bu, bizi həyəcanlandırdı. Mədəniyyətlərimiz fərqli olsa da, ailələrimiz çox oxşar və mehribandırlar. Hər ikimizin ailəsi böyükdür. Onlayn elçilik çox sadə idi. Xüsusi geyimlər geyinilməmişdi. Amma həmin gün o qədər gülmüşdük ki, üz əzələlərimiz ağrıyırdı. Bu, bir daha sübut etdi ki, biz düzgün seçim etmişik və ailələrimiz bir-birinə uyğundur. Elçilikdə unutmadığım məqamlardan biri o idi ki, Tomrisin ailə üzvləri çox idi və hamısı eyni anda danışdığı üçün başa düşməkdə çətinlik çəkirdik”.

“Növbəti toy Niaqarada olacaq”

Cütlüyümüz Kanadada ailə arasında kiçik mərasimdən sonra, Bakıda da adət-ənənələrə uyğun toy edib. Tomris deyir ki, yaz-yay aylarında 3-cü toyu da Niaqarada edəcəklər: “Kanadadakı toyumuz ailə daxilində və dostlarımızla oldu. Kanada soyuq ölkə olduğu üçün yay və ya yazda Niaqarada da toy edəcəyik. Əslində, mən Bakıdakı toyun da böyük olacağını düşünmürdüm. Amma insanları dəvət etdikcə, say çoxaldı. Hətta kifayət qədər də inciyənlər oldu. Biz kiçik bir zalda və nə qədər sadə etmək istəsək də, yenə də böyük toy oldu”.

Daniel: “Kanadada toy etsək də, Tomrisin ailəsini gördükdən sonra, istədik ki, onlar da, Tomrisin dostları da bizim sevgimizi qeyd etsinlər”.

“Musiqi sədaları altında otağa daxil oldum və…”

Danielin “Vağzalı” sədaları altında nənə ilə məşhur rəqsinə gəldikdə isə, əcnəbi yeznə deyir ki, toyda onu nə gözləyəcəyini bilmirdi, amma uyğunlaşacağına əmin idi: “Düzü, Azərbaycandakı toy haqqında heç bir fikrim yox idi və məni orada nə gözləyəcəyini bilmirdim. Amma qərara gəldim ki, nə olursa olsun uyğunlaşacam. Sonra başa düşdüm ki, tam olaraq adət-ənənələrə riayət etmədim (gülür – A.Ə.) Musiqi sədaları altında otağa daxil oldum və gördüm ki, artıq rəqs edirəm. Dəqiq nə etmək lazım olduğunu bilmirdim, gördüyümü təkrarlamağa çalışırdım. Ən əsası, mən gözləmirdim ki, bu videoya 2 milyon adam baxacaq. Bu, mənim üçün ən böyük şok idi. İndi mənə bu adət-ənənələr daha maraqlı gəlir. Özümə söz vermişəm ki, bu ənənələri öyrənəcəm. Tomrisin nənəsi, hansı ki, bir yerdə oynadıq, baxmayaraq ki, illərdir ingilis dilini istifadə etmir, təqaüddədir. Amma o, mənimlə ingilis dilində danışmağa çalışır. Mən də istəyirəm ki, növbəti səfərlərimdən birində artıq azərbaycanca danışa bilim. Burada hamı mənə qarşı çox mehriban münasibət göstərir. Gələn dəfə öz hörmətimi göstərmək naminə insanlarla Azərbaycan dilində danışıb, onlara öz fikirlərimi öz dillərində çatdıracağam. Necə ki, onlar mənimlə mənim dilimdə danışırlar”.

Tomris: “Danieli həyəcanlandırmamaq üçün toy adətləri ilə bağlı heç bir məlumat verməmişdim. Sadəcə bildirdim ki, musiqi, yeməklər və qonaqlar olacaq. Biz ancaq rəqs edəcəyik. O da gələn kimi rəqs etməyə başladı. (Gülürlər – A.Ə.)

“Həyatımda bir masanın üzərində bu qədər fərqli yeməklər görməmişdim”

Daniel Azərbaycan toyunu çox bəyənib. Rəqslərinə toyda da davam edib: “İnsanlarda olan enerji, sevinc xoşuma gəldi. Hətta Tomris mənə deyirdi ki, bu, hələ balaca toydur, hamı dəvət olunmayıb. Buna baxmayaraq, insanların coşqun rəqsləri  mənim üçün çox qeyri-adi idi. Ən çox rəqsləri bəyəndim. Hamı bir-birini toyda çox yaxşı tanıyır, hamı özünü rahat hiss edirdi. Gələn dəfə gələndə bəlkə mən də yerli əhali kimi rəqs edə biləcəm. Çalışdılar ki, toyda mənə rəqs etməyi öyrətsinlər, mən də eyni hərəkətləri təkrarladım (gülür – A.Ə.). Yeməklər həddindən artıq dadlı idi. Mən həyatımda bir masanın üzərində bu qədər müxtəliflik, fərqli yeməklər görməmişdim”.

“Plov gətirənə, rəqqasəyə kiçik məbləğdə şirinlik verdim”

Daniel hətta toyda ofisianta “şirinlik” də verib: “Tomris əvvəlcədən mənə demişdi ki, cüzdanında hazır xırda pul olsun. Plov gətirənə, rəqqasəyə kiçik məbləğdə şirinlik verdim. Ailəm əliaçıqdır. Biz bu mədəniyyətə öyrənmişik. Kanadada çay pulu mədəniyyəti inkişaf edib. Əksər restoranlarda 20-30, bəzən 40 faiz çay pulu verilir”.

“Kanadada ona turşu qovurmalı plov bişirirəm”

Tomris deyir ki, Daniel plovumuzu çox sevir: “Kanadada ona turşu qovurmalı plov bişirirəm. Çox sevir. Məsələn, şabalıdın dadını məni tanıyandan sonra bilib. Mənimlə tanış olmazdan əvvəl o, heç vaxt şabalıd yeməmişdi”

Daniel: “Tomrisin nənəsi ətli blinçiklər bişirmişdi. Çox dadlı idi. Ümumiyyətlə, plov, kabab, dolma – burada hər şey dadlıdır”.

 

“Əslində bu mənim üçün qurtuluş imiş”

Tomris ard-arda gələn şansızlıqlardan sonra arzusuna çatıb. Deyir ki, vaxtında Kanadaya gedə bilməmək onu təəssüfləndirmişdi, indi isə arzuladığı işə də, ailəyə də sahib olub: “Əlbəttə, pandemiyaya görə vaxtında Kanadaya gedə bilməməyim məni o zaman təəssüfləndirmişdi. Anladım ki, əgər qarşında olan bir imkan qapısı bağlandısa, əslində yaxşı axtarsan, başqa imkanları da tapacaqsan. Deməli, mən Daniellə tanış olmaq üçün 2020-ci ildə deyil, 2021-ci ilin sonu Kanadaya getməli idim. O zaman düşünürdüm ki, həyat nə üçün mənə belə haqsızlıq etdi. Əslində bu, mənim üçün qurtuluş imiş. Mən daha yaxşı maddi baza toplayıb Kanadaya köçə bildim. İndi həyatımla bağlı planlarıma məni anlayan biri ilə davam edirəm”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir