yaqut qasimova

Sonsuzluğu əmələ gətirən amillər

Baxış sayı: 630

Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır.

Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir. Qadın sonsuzluğu strukturunda “ilkin” və “sonrakı” sonsuzluq anlayışı da mövcuddur. Əgər qadın heç vaxt hamilə qalmayıbsa, bu, ilkin sonsuzluqdur. Əgər qadında heç olmasa, bir hamiləlik olubsa, onun nə ilə nəticələndiyindən asılı olmayaraq, bu sonrakı sonsuzluqdur. Əgər sonsuz nikahın səbəbi qadın orqanizmindəki pozğunluqdusa, bu qadın sonsuzluğu sayılır. Kişi sonsuzluğu halında isə sperma aşağı mayalanma qabiliyyətinə malik olur. Bunlardan əlavə, kişi və qadın sonsuzluğunun birləşməsi “kombinə olunmuş” sonsuzluq hesab edilir. Sonsuzluq tam sağlam ailələrdə də baş verir. Bu hal izah olunmayan və ya idiopatik sonsuzluq adlanır.

 

Qadın sonsuzluğuna səbəb olan amillər:

1) Endokrin sonsuzluq (30-40%): Buna səbəb yumurta hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır.

2) Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər

 3) Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioz səbəb olur.

 4) İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır

5) İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur

6) Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.

sonsuzluq

Sonsuzluğun növünü müəyyənləşdirmək üçün qadın və kişini müayinə etmək lazımdır.

Sonsuzluğun müalicəsi sonsuzluğa gətirib çıxaran bütün səbəbləri aradan qaldırmaqdan ibarətdir. Boru sonsuzluğunda boruların keçirmə qabiliyyətini bərpa etmək lazımdır ki, HSQ vasitəsilə edilir. Əgər boru keçirməzliyi problemi 2-3 il müddətində mövcuddursa və bir dəfə HSQ edilibsə, o zaman laparoskopiyaya üstünlük verilir və cərrahi müalicəyə əl atılır. Endokrin sonsuzluqda hormonal pozuntunun korreksiyası və yumurtalıqların işinin stimulyasiyası həyata keçirilir. Müalicənin effektivliyi 70-80% təşkil edir. Uşaqlığın patologiyası zamanı, inkişafda qüsur olanda rekonstruktiv-plastik əməliyyat edilir. Əməliyyatdan sonra hamilə qalma şansı 15-20%-dir. Uşaqlığın inkişaf qüsuru və ya olmaması zamanı da genetik uşağa sahib olmaq mümkündür, əlbəttə ki, surroqat ana vasitəsilə. Endometriozla bağlı olan sonsuzluq laparoskopiya vasitəsilə diaqnostika və müalicə olunur. Laparoskopiyanın effektini dərman müalicəsilə əlaqələndirmək lazımdır. Müalicə 6 aya qədər uzana bilər. Bu müalicənin effektivliyi 30-40%-dir.

Kişi sonsuzluğunun müalicəsi spermopram göstəricisinin pozuntusu zamanı spermatogenezin stimulyasiyası vasitəsilə aparılır. Müasir dövrdə kişi sonsuzluğunun bir sıra səbəbləri zamanı süni mayalanma üsulundan istifadə olunur. İmmunoloji sonsuzluğun müalicəsi isə plazmafarez vasitəsilə aparılır. Bu zaman müalicənin effektivliyinə ər-arvadın yaşı (əgər qadının yaşı 37 yuxarı olarsa, effektivlik aşağı düşür), müalicənin davamlılığı təsir edir. Ona görə də eyni metodla müalicəni davam etdirmək məsləhət deyil.

 

Mama-ginekoloq Yaqut Qasımova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir