KEND

Kənd qonaq evləri turistlərin yolunu gözləyir, bəs qiymətlər necə olacaq?

Baxış sayı: 527

Qarşıdan turizm mövsümü gəlsə də, turizm bölgələrində gecələmə yerlərinin baha olması çox insanı dilbər guşələrimizdə istirahət etməkdən çəkindirir. Bu günlərdə bir neçə turizm bölgəsində kənd qonaq evləri yaradılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuata açıqlamasında bildirib ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında 65 kənd qonaq evi yaradılıb. Onun sözlərinə görə, KOBİA və tərəfdaşların dəstəyi ilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir. Bəs görəsən kənd qonaq evlərinin yaradılması turizm bölgələrində qiymətlərə necə təsir göstərəcək?

 

Kənd qonaq evlərində qiymətlər neçəyədi?

Bu layihə çərçivəsində kənd qonaq evi yaradılan Qubanın Qımılqazma kənd sakini Seymur İsmayılov deyir ki, hələki ərazidəki hotel və hostellərlə rəqabətə girə bilməsələr də, kənd qonaq evlərinə maraq var.

S. İsmayılov həyətindəki iki otaqlı evini turizm məqsədilə istifadə etdiyini bildirib. Onun sözlərinə görə, əvvəl evi təmirsiz və avadanlıqsız olduğundan turist cəlb etmək çətin olub. O, qeyd edib ki, təmirsiz və əşyasız evi əvvəl gündəlik 20 manata icarə verirdisə, təmir edilib avadanlıq verildikdən sonra qiyməti 30-40 manata qaldırıb:

“”Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində bizim evimizin təmirinə maddi dəstək göstərildi, məişət avadanlıqları verildi. Artıq kirayə verdiyimiz evdə şərait hosteldən geri qalmır. Həmçinin həyətində dincəlmək imkanı var. Kənd evində dincəlmək istəyən müştərilərimizin yolunu gözləyirik. Qubada hoteldə bir günlük gecələmə 200 manatdırsa biz 30-40 manata rahat ev təklif edirik”.

Qusar rayonun Ləzə kənd sakini Fariz Pirəliyevin də evi bu layihə ilə təmir olunaraq avadanlıqla təmin edilib. F. Pirəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəlaləsi və təmiz havası ilə məşhur olan Ləzə kəndinə yaxın hotellərdə bir gecə gecələmək 200-300 manatdır. Amma o şəraitinə görə hotel və hosteldən geri qalmayan evini günə 50-100 manata təklif edir. F. Pirəliyev bildirib ki, əvəl evi şəraitsiz olduğundan turistlər bir gecə qalıb gedirdilər. Amma indi müəyyən müddətə kirayə qalmaq üçün müraciət edənlər var.

 

Kənd qonaq evlərinin sayı artırılmalıdır

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirir ki, bölgələrdə təmir edilərək avadanlıqla təmin olunan kənd qonaq evləri turizmin inkişafı baxımından sərfəli olsa da, hələki bölgələrdəki hotellər və hostellərlə rəqabətə girəcək gücdə deyil. O, bildirib ki, kənd qonaq evlərinin turizm bölgələrindəki qiymətlərə təsiri üçün onların sayı artırılmalıdır.

“Hələlik kənd qonaq evlərinin sayı azdır. Səhv etmirəmsə respublika üzrə bu rəqəm 70-ə yaxındır. Yaşıl turizmin inkişafı üçün gələcəkdə kənd qonaq evlərinin sayı artırılmalıdır” deyə ekspert vurğulayıb.

Hər turist kənd qonaq evində qalmaq istəmir

Bununla belə G.Qəhrəmanov bildirib ki, hər turist gedib kənd qonaq evində qalmır: “Amma turist də var ki, kənd evində dincəlmək istəyir. Ona görə də kənd qonaq evlərinin sayını artırsaq yaxşı olar. Çünki, bölgələrdə hotellərin də sayı azdır”.

 

Kənd qonaq evləri əhalinin dolanışığına təsir göstərəcək

G. Qəhrəmanovun fikrincə, kəndlərdə turizmin inkişafı, orada sakinlərin məşğulluğuna da təsir göstərəcək:

“Kənd sakinlərinin imkanı var ki, evində qonaq qalan turistə bələdçilik edərək, yaxud ona yemək hazırlayaraq pul qazansın. Ona görə də, yaşıl turizmin inkişafı kəndlərdə əhalinin dolanışığına müsbət mənada təsir göstərəcək”.

 

İndiyədək 65 kənd qonaq evi yaradılıb

KOBİA-dan  bildirilir ki, layihə regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. İlkin olaraq tərəfdaşlar tərəfindən müraciətlər təhlil olunur, onların turizm marşrutu üzərində yerləşməsi, zəruri infrastrukturun qurulması və evin cari şəraiti əsas götürülür. Hər bir evin təxminən 8000 manat dəyərində inventarla təmin edilməsi nəzərdə tutulur.

Layihənin iştirakçısı olmaq üçün müvafiq kənd evi son üç il ərzində bu istiqamətdə fəaliyyət göstərməlidir. 2021-ci ildən icrasına başlanılan layihə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, bu layihə çərçivəsində müxtəlif rayonlar üzrə ümumilikdə 65 vətəndaş üçün kənd qonaq evi yaradılıb. Artıq Dağlıq Şirvan, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz regionlarında layihənin icrası təmin olunub, növbəti mərhələdə isə qərb rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir