Ayaqqabı alış-verişində biz həmişə rahatlıq və gözəllik arasında kompromis tapmağa çalışırıq. Balerina baletkaları, loaferlər və altı düz sabolar bu vəzifəni olduqca yaxşı yerinə yetirirlər, həm olduqca zərif görünürlər, həm də çox rahat olurlar. Bəzən isə obrazı dabanlı ayaqqabılarla tamamlamaq tələb olunur, lakin hündür stilettolarda yeriməyə hər kəs hazır deyil. Xoşbəxtlikdən, bir çıxış yolu var!
Dizaynerlərin əksəriyyəti bu il alçaqdabanlı ayaqqabılar təklif ediblər.
Alçaqdaban ilk dəfə müharibədən sonrakı dövrdə Odri Hepburnun sayəsində məşhurluq qazandı. Moda aləmində bu ayaqqabılar “kitten-heel” adı ilə, başqa sözlə “pişik-daban” kimi tanınırlar. O vaxtdan bəri “pişik-dabanlar” bir neçə dəfə moda səhnəsinə qayıdıb. Düzdür, mikrodabanlara münasibət hələ də birmənalı deyil: çoxlarına elə gəlir ki, o ayaqqabılar bizi vizual olaraq bir neçə yaş qoca göstərir. Ancaq bu heç də belə deyil. Yeni yaranan dəb cərayanı daha çox nənələrimizin sevdiyi ayaqqabıları xatrılatsa da, bu, sizi qətiyyən qorxutmasın. Birincisi, alçaq və qalındabanlı ayaqqabılar bir çox cəhətdən əlverişlidir. Odur ki, onların bütün qızların qarderobuna yol tapacağına şübhə etmirik. İkincisi, bu ayaqqabılar sadə və yığcam fasonu sayəsində istənilən üslubla uzlaşır. Təsirli sübutları həm podiumda, həm də instaqram blogerlərinin səfihələrində asanlıqla tapmaq olar.
Havaların isinməyə başladığını nəzərə alsaq, onları elə indi geyinə bilərsiniz. Xüsusilə arxası kəmərli versiyalarına daha yaxından nəzər salmağı məsləhət görürük. Bu ayaqqabı istənilən geyimi mükəmməl şəkildə tamamlayacaq, həm klassik şalvar, həm paltarlarla, həm də cins şalvarlarla eyni dərəcədə yaxşı görünəcəklər. Alçaqdaban nəinki ayaqlarınızı yormayacaq, həm də imicinizə əlavə lütf qatacaq.
Bir cüt belə model qarderobunuzun universal əlavəsi olacaq, onu gündəlikdən axşama qədər bir çox obrazlarla birləşdirmək olar. İti burunlu modellərə də xüsusi diqqət yetirməyi məsləhət görürük. Bu yaz moda arenasında topu idarə edən bu formalar olacaq. “Pişik-daban”ların tez bir zamanda aktuallığını itirəcəyindən qorxursunuzsa, narahat olmayın. Yaz-yay mövsümü təzəcə başlayıb, üstəlik, miniatür dabanlı modellər növbəti payız-qış mövsümünün kolleksiyalarında yer alıb. Odur ki, alçaqdabanlı ayaqqabılar sizi heç bir halda peşman etməyəcək.