Nermine Abbasova

Bu xəstəlikləri çox vaxt virus, yaxud bakteriya törədir

Baxış sayı: 464

Kəskin respirator xəstəliklər həmişə vaxtsız gəlir. Dünən hələ qüvvətli olan orqanizmi bu gün halsızlıq, qızdırma, zökəm əldən salıb. Düzgün müalicə təyin etmək üçün xəstəliyin səbəbkarını araşdırmaq lazımdır – virusdur, yoxsa bakteriya. Təbii ki, özbaşına bunu etmək çətindir. Ən düzgünü həkimə müraciət etməkdir.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bizimlə söhbətdə bildirdi ki, virus infeksiyasını bakterial infeksiyadan fərqləndirən bəzi əlamətlər var. Sual yaranır – bəs virusları bakteriyadan ayırmaq nə üçün lazımdır?

Nərminə xanım qeyd etdi ki, payız-qış mövsümündə soyuqlamış adamların sayı artır. Onun sözlərinə görə, respirator infeksion xəstəlikləri çox vaxt viruslar, yaxud bakteriyalar törədir:

“Hər iki törədicinin yaratdığı patologiyaların simptomları oxşardır və onları ayırmaq çox çətindir. Amma infeksiyanın tipini təyin etmək vacibdir. Ona görə ki, birincisi, virus infeksiyası ilə mübarizə aparmaq üçün virus əleyhinə preparatlar, bakterial infeksiyasına qarşı isə antibiotiklər təyin edilir. Antibiotiklər virusların qarşısında acizdir, virus əleyhinə preparatlar isə bakteriyaların öhdəsindən gələ bilmir.

İkincisi, adekvat müalicənin aparılmaması ağır fəsadlara gətirib çıxara bilər. Bəzi virus xəstəlikləri ciddi müalicəsiz, özü keçir. Amma bakterial infeksiyanı antibiotiksiz ləğv etmək mümkün deyil. Əks halda, pasient ciddi fəsadlara məruz qalacaq”.

Həkim terapevt bildirdi ki, virus mənşəli patologiyalara bakterial fəsadlar da qoşula bilər. Bakterial soyuqlama kimi xəstəlikləri insan orqanizmində məskunlaşmış bakteriyalar törədir. Həkimin sözlərinə görə, şərti-patogen kateqoriyasına aid olan bu bakteriyaların fəaliyyəti immun sistemin nəzarəti altındadır:

“Orqanizmin müqaviməti zəifləyən kimi bu bakteriyalar aktivləşərək ağız, udlaq, burun selikli qişasını zədələyir, bronxlara, burun ciblərinə, ağciyərlərə, traxeyaya sirayət edir. Güclü soyuqlama böyük ehtimalla bakterial infeksiya törədəcək. Sinusitlər, laringit, kəskin angina, otit, traxeit, pnevmoniya və bronxit bakterial infeksiyanın əlamətləridir. İnfeksiyanı müəyyənləşdirməyin ən sadə və asan yolu həkimə müraciət etməkdir. Biz bu suallarla tez-tez rastlaşır və törədicini “adi gözlə” də təyin edə bilirik. Amma şübhə yaranarsa qan analizi, burun, boğaz yaxmalarının makroskopik analizi, qrip və streptokok viruslarına görə ekspres-test analizləri verilə bilər. İnfeksiyanın tipini sərbəst təyin etmək üçün müəyyən məqamlara diqqət yetirməyi tövsiyə edirik. Bunlar selikli ifrazat, hərarət, zədələnmə ocağı və xəstəliyin davamiyyətidir”.

Nərminə xanım bildirdi ki, bakterial xəstəliklərin sayı çoxdur – angina, faringit, meningit, skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və ssir. Onun sözlərinə görə, bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və zəhərlənməyə səbəb olan toksinlər ifraz edir, bununla da müxtəlif orqanları zədələyir:

“Toksinlər iki cür olur – Endotoksinlər, Ekzotoksinlər. Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur”.

İnfeksiyanın mənbəyinin skarlatinalı, anginalı və ya streptokok daşıyıcılı insan hesab olunduğunu vurğulayan Nərminə xanım qeyd etdi ki, yoluxma hava-damcı yolu ilə, bəzən məişət-kontakt yolu ilə baş verir. Həkimin sözlərinə görə, yoluxma həm də dəridə zədə olduqda belə baş verə bilər.

Skarlatinanın əlamətlərindən bəhs edən həkim terapevt bildirdi ki, inkubasiyon periodu 1-12 günə qədər çəkir:

 

“Xəstəlik kəskin başlayır, bədən temperaturu 38-39 dərəcəyə qədər qalxır. Udma zamanı boğazda ağrı, zəiflik, baş ağrısı müşahidə olunur. Ağız və udlağa baxdıqda anginanın klassik şəklini aşkar edirik. Ağırlaşmaları ilkin və gecikmiş olaraq iki qrupa bölünür. Buna aiddir otitlər və sinusitlər. Gecikmiş ağırlaşmalara revmatizm, qlomerulonefrit və sair aiddir. Skarlatinaya şübhə olduqda mütləq həkimə müraciət edilməli və həkimin təyinatına dəqiq əməl olunmalıdır”.

Oxucularımızı vərəm xəstəliyi ilə də bağlı məlumatlandıran terapevt bildirdi ki, vərəm yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikobakteriyası tərəfindən törədilir. Həkim deyir ki, vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir:

“Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.

Vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır. Risk qruplarına orqanizmin xroniki xəstəlikləri – şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və sair aiddir”.

 

 

Nərminə xanım bildirdi ki, insan başının ağır xəstəliliklərdən biri də meningitdir. Özü də bu yoluxucu xəstəlik ilk növbədə kiçikyaşlı uşaqları və yeniyetmələri hədəfə alır. Yaşlı adamlar da bu xəstəliyə məruz qalırlar:

“Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir. İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir: selikli qişa şişir, selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür. Bakteriya virusdan daha təhlükəlidir. Meningitə bakterial və ya virus infeksiyaları səbəb olur. Viruslu meningit daha yüngül keçir və ağır simptomlarla müşayiət olunmur. Bakterial meningit çox təhlükəli xəstəlikdir, beynin zədələnməsinə apara bilər”.

Həkim terapevt qeyd etdi ki, meningitin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Bir şərtlə ki, gərək vaxtında həkim tərəfindən xəstənin meningitin hansı formasından əziyyət çəkdiyi müəyyən edilsin və dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesinə başlanılsın.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir