“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Özbəkistan mətbəxinə aid olan Guştnutun hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
500 q mal əti (qoyun əti də olar)
400 q noxud
5 orta boy pomidor
1 baş soğan
ədviyyat
Hazırlanma qaydası
Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün. Həcmi 2-3 dəfə artacaq. Əti “quşbaşı” doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın. Pomidorların üzərinə qaynar su tökün. Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun. Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin. Daha sonra pomidorun qabığını soyun. Kubik doğrayın. Qazana əlavə edin. Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin. Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün. Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun. Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun. Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.
Təqdim etdi: İlahə Atəş