Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nikah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problemlərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəy¬yənləş¬dirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Ailə-nikah münasibətlərinin xarakterini açmaq sahəsində ilk təşəbbüslərdən biri antik dünyanın böyük filosofu Platona (b.e.ə.427-347) məxsusdur. O, “İdeal dövlət” adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadınların, uşaqların və mülkiyyətin ümumi olması ideyasını irəli sürmüşdür. Platon deyirdi ki, kişilər evlilikdə olmadıqları azad və ya aristokrat qadınlarla cinsi münasibətlərə daxil ola bilməzlər. O, qadınları ev qulluqçuları və uşaqlarla bir sıraya qoyur və bütün sahələr üzrə onların kişilərdən aşağıda dayandıqlarını qeyd edirdi. Patriarxal ailəni dəyişməz, “ilkin ictimai özək” adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Platon qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan evlənməlidir, evlənmədən imtina etmək cinayətdir. Qəfim Yunanistanda bu yaş dövrünü keçən hər bir yunan subaylığa görə vergi ödəməli idi. Bu ideya əslində yeni deyildir. Platondan əvvəl qədim yunan tarixçisi Herodot (b.e.ə.V əsr) özünün “Tarix” əsərində qeyd etmişdir ki, qadınların ümumi olması bir çox qəbilələrin fərqləndirici əlaməti olmuşdur. Belə məlumatlara antik dövrün filosof və mütəfək-kirlərinin çoxunun əsərlərində təsadüf olunur.
Platonun İdeal dövlət” layihəsini tənqid edən Aristotel (b.e.ə. 384-322) eyni zamanda onun patriarxal ailənin cəmiyyətin baş-lanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndləri, kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüşdür.
Aristotel ailədə ərlə-arvad arasındakı münasibətlərdən bəhs edərək yazırdı: “Yaxşı və yetkin qadın gərək öz evinə yaxşı yiyəlik etməyi bacarsın. İsmətli qadın öz ərinin davranışlarından örnək götürür və onun dediklərini qanun kimi qəbul eləyir. Evlilik bağlarına və birgəyaşayışa qadın ilahi vergi kimi yanaşmalıdır.
Plutarx da kişinin öz arvadı üzərində böyüklük etməli olduğunu məqbul sayaraq, qeyd edirdi ki, kişi qadını öz əmlakını yönəltdiyi kimi deyil, ruhun bədəni yönəltdiyi kimi sevgi və incəliklə etməlidir. Qədim Yunanıstan qanunlarına görə, kişinin öz arvadının sözünə baxaraq onun istədiyini yerinə yetirməsi məqbul sayılmırdı. Qadın isə öz istəyi ilə heç nə edə bilməzdi, onun özbaşına edə biləcəyi hər hansısa iş bir ovuc arpanın dəyərini aşmamalı idi. Ailəyə qeyd olunan bu nöqteyi-nəzərdən yanaşma uzun müddət davam etmişdir.
Homerin yazdığına görə, əski Yunanıstanda qadınların durumu çox yaxşı, onların kişilər üzərində təsiri çox böyük olmuş, sonradan bu münasibətlər pozulmuş, vəziyyət pisləşməyə doğru yönəlmişdir. Bu dövrün bizə gəlib çatan yazılı mənbələrində qadınların ev qaravaşları yerinə qoyulduğu bəlli olur. Onların görməli olduğu tək bir iş evdə qayda-qanun yaratmaqdanb, ərinin qulluğunda durmaqdan ibarət olmuşdur. Qadının “dilsiz-ağızsız” olması onun ən zəngin bəzəyi sayılırdı.
Azərbaycanda ailə-nikah münasibətlərinin inkişaf tarixi
Erkən Tunc dövründə (e.ə.IV minilliyin sonu, III minilliyin əvvəli) Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinifli cəmiyyət və dövlət qrumlarının təşəkkülü haqqındakı qədim şumer kitabələrində məlumat vardır. E.ə.2104-cü ilə aid olan bir şumer kitabəsində xəbər verilir ki, Uruk şəhərinin hökmdarı Ensi Utuhenqal Kuti hökmdarı En Tirikanı hakimiyyətdən devirmək üçün onu “arvadı ərindən, övladı valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qiyama qaldırır. Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim Mesopotamiya və Azərbaycan ərazisində ailə cəmiyyətin mənəvi də¬yər¬lərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim soyla¬rından olan kutilər ailəni cəmiyyətin müqəddəs kiçik özəyi hesab edirmişlər.
Azərbaycan ailəsi və ailə məişəti haqqında mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsrin böyük Azərbaycan alimi Nəsirəddin Tusinin, müxtəlif dövrlərində yaşamış Azərbaycan ədə¬biy¬yatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatı inciləri olan dastanlarda dəyərli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə də öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri həmçinin XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda, Avropa səyyahlarının xatirə və gündəliklərində də əks olunmuşdur.
Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azər¬baycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət -ənənələrini əsr¬lər boyu qoruyub saxlaya bilmiş, onları təkmilləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zəmanə¬mizə¬dək gəlib çatmışdır. Tarixən Azərbaycan ailəsi dünyanın əxlaqi cəhətdən ən təmiz və möh¬kəm ailələrindən biri olmuşdur. Ailə üçün səciyyəvi olan bu xüsu¬siyyətlərin dərin kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə bağlıdır. Dünyanın bütün xalqlarında olduğu kimi, azərbay¬calılarda da tarixi inkişaf prosesində ailənin həcmi və strukturu ilə müəyyən edilən iki forması-böyük ailə və kiçik ailə mövcud olmuşdur.
Böyük ailələr ailə icması, yaxud patriarxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya mürəkkəb ailə və s. Adlarla məlumdur. Görkəmli etnoqraf alim Q.Qeybullayevin qeyd etdiyinə görə, ailə icması üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə, nəticə və eləcə də qardaşların ailələrini bir¬ləşdirən kiçik ictimai kollektiv, təsərrüfat özəyi idi. Bu kollektivə onun ağsaqqalı başçılıq edirdi. Ailə icması üçün səciyyəvi cəhət onun üzvlərinin torpaqdan, əmək alətlərindən, ev heyvanlarından, digər mülkiyyət və əmlakdan birlikdə istifadə etməklə, birgə istehsal və birgə mənimsəmədir. Bu xüsusiyyətlər ailə icmasının təsərrüfat və ictimai mahiyyətini müəyyənləşdirməklə, onun ilkin əsasını təşkil edirdi.
Ailədə tərbiyə işinin psixopedaqoji əsasları
Tərbiyə sistemində başlıca yeri “valideyn–uşaq” ünsiyyəti tutur. “Valideyn–uşaq” ünsiyyətinin başlıca olaraq iki növü (modeli) özünü göstərir. Buradakı fərqlər özünün əksini yalnız tərbiyə prosesində deyil, həm də onun nəticələrində əks etdirir.
Birinci model belədir: məqsəd – uşaqda bilik, bacarıq və vərdiş formalaşdırmaq, sözə baxmaq (tabeçilik) “ hər şeyi mənim kimi et!”,
Ünsiyyət üslubu – izahat, qadağa, tələbkarlıq, qorxu, cəza və s.
Taktika – avtoritarlıq. Bu model nə ilə nəticələnir? İlk növbədə uşağın fəallığı itir, uşaq potensial psixopatologiya daşıyıcısına çevrilir. Valideyn elə zənn edir ki, tərbiyə sistemi uğurludur. Lakin bu illuziya valideyn uşaq neqativizmi ilə qarışladıqda itməyə başlayır.
Daha səmərəli model isə belə olmalıdır: “Uşağın üzərində hökm etmə, onu yanında yox, onunla birlikdə ol!” Məqsəd isə şəxsiyyət formalaşdırmaq olmalıdır. Bu isə uşağın psixoloji müdafiəsi, fərdi xüsusiyyətlənin nəzərə alınmasından keçir. Belə olduqda, bilik, bacarıq, vərdiş, məqsəd yox, inkişafda vasitə olur. Əməkdaşlığa əsaslanan ünsiyyət üslubu isə uşağın fikrinə hörmətlə yanaşmaqdan ibarət olur. Bu prosesdə uşaq həm də özü özünün tərbiyəsi ilə məşğul olur.
Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduqları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyi əvəz edə bilməz.
Ailə münasibətlərinin xarakteri uşaqların təlim-tərbiyəsinə də həlledici təsir göstərir. Unutmaq lazım deyil ki, uşaq özünün davranış tərzini ilk növbədə valideynlərdən əxz edir. Ailə istənilən problemi konfliktə çevirməyə adət edibsə, burada böyüyən uşaq da eyni hərəkəti edəcək. Uşaqların davranışını adekvat qiymətləndirə bilməyən və ya onları ailədaxili konfliktlərin hədəfinə çevirən valideynlər sonradan davamlı olaraq onların “gözlənilməz” və aqressiv davranışı ilə üzləşirlər. Belə uşaqlarda ifrat özünütəsdiqə olan tələbat hissi kifayət qədər böyük olur. Əgər uşaqlıqda onların qayğıya, sevgiyə və təhlükəsizliyə olan tələbatı ödənilməyibsə, belə arzuolunmaz, patoloji davranış riski kifayət qədər böyük olur. Oğru, quldur və cibgirlər məhz belə uşaqların arasından çıxır. Çünki cinayət xarakterli olub-olmamasından asılı olmayaraq istənilən davranış üsulu onlar üçün özünütəsdiqin bir formasıdır.
Boşanma evli cütlüklər arasında ailə ilə bağlı qanunla nəzərdə tutlan məsuliyyətlərə son qoyulmasıdır. Boşanma qarşılıqlı sevgiyə, güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüququ forma almış ifadəsidir. Sosiloqların fikrincə, boşanmanı şərt¬lən¬dirən əsas amillər həyat tərzinin urbanizasiyası, əhalinin miq¬rasiyası, ölkənin sənayeləşməsi, qadınların emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində məsu-liyyətliliyin, cürlüklrin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün bunlar prioblemin ümumi fonudur.
Boşanma ərlə arvadın arasında ciddi konfliktlərin geniş yayılmış həlli üsulu kimi həmişə mövcud olmuşdur. Boşanmaya münasibətin dəyişməsi bir çox cəhətdən qadınların iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlıdır. Əgər qadının daimi iş yeri varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb getdiyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir.
İttifaqın süqutu: Boşanma
Son illərdə ölkəmizdə boşanmaların və nikahdankənar doğumların sayı artır ki, bu da natamam ailələrin sayının çoxalmasına səbəb olur. Demoqrafların qənaətinə görə, qeydə alınmış hər 5 nikahdan biri boşanma ilə ləğv olunur Boşanmaların 30%-i 5 ildən az nikah yaşı olan gəncc ailələrdə baş verir. Aiılə həyatı dövründə boşanma hallarınıln baş vermə riski fərqlidir. Nikahın birinci ilində bu göstərici 3,6%, 2-ci ilində 16%, 3-4-cü ilində 18%, 5-9-cu ilində 28%, 10-19-cu ilində 22%, 20-ci ilində və sonrakı dövrdə 12,4%-ə bərabər tutulur. Boşanmaların mütləq əksəriyyəti 18-35 yaşlar dövrünə təsadüf edilir.
Bir çoxları üçün boşanma əzablardan, təhqir və zora¬kılıqlardan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərlən¬dirilsə də, onun bir sıra neqativ nəticələri də danlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra sosial-psixoloji problemlərlə çulğalaşmış olur.
Boşanma kişi üçün də, qadın üçün də ağırdır. Lakin qətiyyətlə demək olar ki, boşanmanın nəticələri qadınlardan ötrü daha dəhşətli olur. Boşanmadan kişilər əksər hallarda evdən çıxıb gedirlər. Ana isə uşaqlarla qalır. Adətən bir və ya bir neçə uşaq böyütmək ana üçün heç də asan deyil. Kişilərin 80% – dən çoxu ikinci dəfə evlənirlər. Qadınlar üçün isə ailə qurmaq ehtimalı kişilərə nisbətən 4 dəfə azdır. Övladlar varsa qadının yenidən ərə getməsi ciddi maneəyə çevrilir. Bir tərəfdən anaların çoxu övladların xatirinə ikinci dəfə ərə getməkdən imtina edirlər, digər tərəfdən kişilərin əksəriyyəti uşaqsız qadınlarla evlənməyi üstün tuturlar. Adətən boşanmadan sonra uşaqları ilə baş-başa qalan qadın çox zərbə alır. Belə halda qadınların psixi pozulmalara məruz qalma riski artır. ABŞ həkimlərinin tədqi¬qatlarına görə, boşanma qadınların immun sistemini zəiflədir. Onlar infeksiyalara qarşı dözümsüzləşir. Belə qadınlar arasında vaxtsız ölüm halları pnevmaniyadan ölənlərin sayından 6 dəfə çoxdur.
Ata və ananın müharibəsinə poliqon olan uşaqların psixologiyası
Ailə dağılan zaman əzab, iztirab uşaqların qismətinə düşür. Boşanma onlardan ötrü bütün həyatları boyu davam edən faciədir. Uşaqlar analı – atalı yetimlərə çevrilirlər. Onların ata – ana haqında təsəvvürləri dəyişir. Çox vaxt onlar üçün ailə əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlan uşaqları özlərinin ünsiyyət tələbatlarını küçə qruplarında ödəməyə başlayırlar. “Çətin” tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan yeniyetmə və gənclərin böyük əksəriyyəti məhz natamam ailələrdə böyükdür. Adətən ailənin dağılması nəticəsində valideynlərdən birini itirən uşaqlar öz həmyaşıdlarının zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər, bu da uşaq və yeni-yet-mələrdə nevrotik pozulmalara səbəb olan amil kimi qiymətləndirilir. Boşanmanın ilkin mərhələsində onun yaratdığı stress uşaqlarda müdafiəsizlik hissi oyadır. Onlar səbəb olan situasiyanın qarşısını almaqda aciz olduqları üçün günah hissi yaşamalı olurlar. Valideynlər arasında münasibətlərin pozulması uşaqların gələcəkdə öz ailəsini yaratmaq perspektivinə də ciddi ziyan vurur, onlar gələcək şəxsi həyatlarında bu cür ssenarinin təkrarlana biləcəyi qorxusu ilə üz-üzə qalırlar. Ailədə daima valideynlərin şiddət və zorakılıqlarına məruz qalan, münaqişələrin qurbanlarına çevrilmiş və bundan əzab çəkən uşaqlar üçün isə valideynlərinin ayrılması o qədər də faciəvi hadisə kimi qəbul edilmir.
Tale xətlərinin məktəbdə təzahürü
Boşanmanın acı nəticələri şagirdlərin formalaşmaqda olan mənəvi aləminə, mənəvi şüurun inkişafına, özlərinə və başqa adamlara, ilk növbədə, öz ata-anasına, yaxın qohumlarına verdikləri qiymətlərə və s. Son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə əks olunur. Elə buna görə də boşanma yeniyetməlik yaşına təsadüf edəndə tibbi-psixoloji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların çoxunun məktəbdəki davranışı ilə evdəki davranışı arasında kəskin fərqlər özünü göstərir. Onların təkcə akademik (təlim) göstəriciləri aşağı düşmür, “boşanma dövründə və boşanmadan sonra öz həmyaşıdları ilə münasibətləri pisləşir”.
Ayrılığı yaşadanlar
Psixoloqlar təsdiq edir ki, uğursuz ailələrin övladları çox zaman bu uğursuzluğu özləri də bilmədən bir “ənənə” kimi yaşadırlar. Valideynləri ayrlmış və ya boşanmış şəxslərin uşaqlarının eyni prosesi yaşamaq riski digərləri ilə müqayisədə dəfələrlə böyükdür. Orta hesabla kişilər qadınlara nisbətən təqribən iki dəfə çox bu riskə məruz qalırlar. Hər iki tərəf müqabili uğursuz ailələrin nümayəndələridirsə, bu risk bir qədər də böyükdür.
Valideynə yadlaşma sindromu
Əsas anlayışlar: himayədar valideyn – hücumçu, hədəf valideyn – müdafiəçi , Yadlaşan uşaq-poliqon
Valideynə yadlaşma sindromu və ya Valideynə yadlaşdırma sindromu , valideynin partnyoru ilə dərin konfliktli ayrılmasından və ya boşanmasından sonra uşağın digər valideyndən imtina etməsini təşviq etmək üçün tez-tez istifadə etdikləri strategiyalardır.” (Lorandos, et. 2013) nəticədə “Bir müddət sonra, münasibət qurmağa çəkinən, hədəf alınan valideynə nifrət edən, qorxan və rədd edən uşaqlar inkişaf edir.” (Darnell, 2010). Uşaqlar sevdikləri və qayğı göstərdikləri insanların pis insanlar olduğuna inanmaq istəmirlər. Məsələn, valideyn yadlaşdırma prosesi üçün taktika və ya strategiyalardan istifadə etsə də, uşaq ilk vaxtlar digər valideyndən imtina edə bilmir. Valideynlər uşağı keçmiş partnyorundan uzaqlaşdırmaq üçün bəzən “Anan səni sevmir”, “Atan yeni ailə qurdu və bizi tərk etdi” kimi ifadələri dönə-dönə təkrar edirlər, uşağın düşüncələri təhrifə uğrayır, bu təhriflərdən həyat hadisələri ilə bağlı ehkamlar, yəni aralıq düşüncələr, ehkamlardan isə təməl inanclar doğulur. Bu cür davranışları nümayiş etdirən valideynlər övladlarını təkcə digər valideyndən uzaqlaşdırmırlar, onun bu gününü qayğısızlıqdan, məsumluqdan, sabahını xoşbəxtlikdən uzaqlaşdırırlar. Uşaqlar bu cür yanaşmalardan ciddi şəkildə təsirləndiyi üçün mütəxəssislər uşaqların psixoloji dəstək almalı olduğunu tövsiyə edirlər.
Valideynə yadlaşma sindromunun spesifik xüsusiyyətləri
- “Yadlaşan” uşaqlar hədəf olaraq təyin edilmiş valideynlə keçmiş müsbət təcrübələri rədd edirlər.
- Uşaqlar uzaqlaşdıqları valideyn haqqında qeyri-müəyyənlik nümayiş etdirirlər. Valideynlərdən biri mükəmməl, digəri isə tamamilə qüsurlu kimi qəbul edilir.
- Valideynə yadlaşmış uşaqlar yanında olduğu valideyn tərəfindən hədsiz dərəcədə təsirə məruz qalmış kimi görünsələr də, onlar hər hansı şəkildə təsirə məruz qaldığını inkar edərək, hədəfə alınan valideyndən imtina qərarının yalnız onlara aid olduğunda təkid edirlər.
- Belə hallarda hədəf kimi qəbul edilən valideyn tərəfindən verilən hədiyyələr uşaq üçün əhəmiyyətsizdir.
- “Yadlaşan” uşaqlar yanında olduğu valideynin qəbul etdiyi ifadə və fikirlərdən istifadə edərək, hədəf olan valideynə qarşı ittihamlar irəli sürürlər. Onlar hədəf valideynə qarşı dəstəklənməyən, ittihamedici fikirlərdən istifadə edirlər. (Baker və Darnall, 2006)
- Valideynə yadlaşma sindromunda uşaqlar hədəf valideynin digər ailə üzvlərinə qarşı nifrətini də ifadə edirlər. Əvvəllər sevdiyi nənə-baba, bibi, əmi və əmioğlu bu prosesdə uşaq tərəfindən rədd edilir.
Valideynlərdən uzaqlaşdırılan uşaqlarda özünü büruzə verən xarakter əlamətləri
- Uşaqlarda artan qəzəb hissi özünü göstərir.
- Uşaqlar dağıdıcı davranış nümunələri sərgiləyirlər.
- Uşaqların emosiyaları, davranışları və hədəf valideynlə bağlı düşüncələri dəyişdiyi üçün gələcəkdə yalan danışmağa daha çox meylli ola bilərlər.
- Uşaqlar biz və başqaları anlayışı üzərindən dünyanı qiymətləndirdiyi üçün gələcəkdə başqaları ilə harmoniyada əməkdaşlıq edə bilmir.
- Uşaqlarda gələcəkdə empatiya aspektindən məhrumiyyət hiss edilir.
Uşaqların valideynlərindən birindən strateji olaraq ayrıldığı bu vəziyyət uşaq istismarıdır, uşaq hüquqlarının pozulmasıdır. Uzun vədədə bu addım depressiya, boşanma, narkotik maddə istifadəsi, özünə inamını itirmə və öz uşaqları ilə ünsiyyətdə problemləri yarada bilər.
Nəticə
Bu işi bir fərqindəlik layihəsi kimi tərtib etdim, məqsəd sevgiyə doya bilməyən kiçik dostlarımın onsuz da fəlakətlər əsrindəki bu həyatında ona nifrəti yük olaraq hazırlayan ata-anaların vicdanına toxunmaq, dəyərli kolleqalarıma bu istiqamətdə yararlana biləcəkləri bir yazı qazandırmaqdır. “Yoldaş psixoloq, nədir bunun çarəsi?” sualını duyuram sanki, unutmayaq ki, biz bizə dəyişmək üçün gələn insanlara kömək edə bilərik, bizlərə nə ədliyyə orqanları uşağı korreksiya məqsədi ilə yönəldir, nə də uşağı tüfəng bilib onu nifrət ilə dolduranlar. Maraqlarını dünyaya bəxş etdiyi körpələrin həyatından üstün tutmayan ata-analar bir gün bu işdən peşman olduqda əlbət bu problem üçün də bir korreksiya xəritəsi hazırlayarıq. Unutmayaq ki, uşaq terapiyası tək usta terapevt yox, həm də məsuliyyətli, qayğıkeş valideyn tələb edir, zira sosializasiyanın mikro, amma aparıcı amili olan ailə sizin bağladığınız yaraları yenidən qanadacağı halda o pasiyenti xilas etmək ehtimalınız sıfıra bərabər olur.
Psixoloq Nəsimi Qiyasov