yemek

Gündə bir dəfə yemək rejimi faydalıdırmı?

Baxış sayı: 396

Kimi gün ərzində 3 dəfə qidalanır, kimi az-az, amma 5 dəfə. Bir qisim insan gün ərzində 2 dəfə yemək rejimi formalaşdırıb. Az da olsa, bir qrup var ki, onlar gündə 1 dəfə qidalanırlar, digər saatlarlarda isə ancaq çay və su ilə kifayətlənirlər. Bunu sağlamlıq üçün edənlər də var, amma daha çoxunun səbəbi arıqlamaq istəyidir. Həmin şəxslərə ətrafındakılar “sağlamlığına pis təsir edər”, “indi hiss etmirsən, zərərini sonra görəcəksən” kimi yanaşırlar. Bu fikirlər nə dərəcədə doğrudur? Yaxud, gündə bir dəfə qidalananlar nə dərəcədə haqlıdırlar?

Dietoloq Turxan Baratzadə deyir ki, əslində, belə bir pəhriz növü var: “Gündə bir dəfə yemək (The one meal a day – OMAD) aralıqlı orucun bir növüdür və orqanizmə xüsusi ziyanı yoxdur. Aralıqlı orucda məntiq gündə ən az 14-16 saat aclıq müddəti yaratmaq və yemək aralığını 8 saata sıxışdırmaqdır. Yəni, səhər yeməyi gec yeyilir, bir də axşamüstü yemək yeyilir. 8 saat ərzində 2, bəzi insanlar 3 dəfə yemək yeyirlər. 16 saat ac qalırsan. Gündə bir dəfə yeməkdə bu toxluq dövrü bir saata sıxılır və 23 saat ərzində bir daha heç nə yeyilmir. Su, çay, qəhvə istənilən qədər (şəkərsiz) içə bilərlər”.

“Orqanizm daha çox yağ yandırır”

T.Baratzadə gündə bir dəfə yemək yeməyin bir neçə böyük faydası olduğunu bildirir. Onlardan birincisi, bu rejimin insanı qocalmaqdan qorumasıdır: “Orqanizmdə ümumi yenilənmə yaradır. “Antiage” təsiri göstərir. Yəni sizi qocalmaqdan ciddi şəkildə qoruyur. Dərinizi və bədəninizi yeniləyir, özünüzü daha yaxşı hiss edirsiniz”.

Dietoloq bu qidalanma üsulunun maddələr mübadiləsini sürətləndirdiyini və bununla çəki itirməyin də asanlaşdığını bildirir: “Uzun müddət davam edən bu rejim çətin görünə bilər. Araşdırmalar göstərir ki, maddələr mübadiləsi əvvəlcə bir qədər yavaşlasa da, gündə bir dəfə yemək yeyən insanlarda daha sürətli olur. Orqanizm daha çox yağ yandırır, insulinə həssaslıq artır və çəki itirmək asanlaşır. Sürətli kilo verməyə kömək edir. Gündə bir dəfə yemək yeyərək sağlam şəkildə arıqlaya bilərsiniz”.

T.Baratzadə bildirdi ki, gündə bir dəfə yeməyin yuxu rejiminə də təsiri var: “Axşam gec saatlarında və ya günortadan sonra çox yeyən bir kəsdə yemək nizamı çətinləşir və yuxu keyfiyyəti aşağı düşür. Yatana qədər həzmin tamamlanması bağırsaq hərəkətlərinin azalmasına və yuxu keyfiyyətinin artmasına səbəb olur. Gündə bir dəfə qidalanma olduqda, artıq gecə orqanizm yuxuya hazır olur”.

T.Baratzadə bildirdi ki, gündə bir dəfə qidalanırıqsa, yemək vaxtı üçün uyğun saat seçməliyik: “Günorta və günortadan sonra saatları daha uyğundur. Səhər və axşam qidalanma tövsiyə edilmir. Adətən, bu pəhriz vaxtı yemək günortadan sonraya salınır”.

“Psixi vəziyyətimiz də yaxşı olmalıdır”

T.Baratzadə bu diyet növünün fiziki və psixoloji sağlam insanlara məsləhət görüldüyünü deyir: “Orqanizminiz sağlamdırsa, istədiyiniz qədər bu cür qidalana bilərsiniz. Sağlamlıqla bağlı problem varsa, sizə uyğun olmaz. Hansısa narahatlığınız varsa, xüsusi bir problem deyilsə belə, bunu da həkiminizlə məsləhətləşməlisiniz. “Sağlamlıq üçün xeyirdir” – deyib edirsinizsə, amma bir dəfə yeməklə ciddi stress keçirirsinizsə, emosional aclıq hücumları yaşayırsınızsa, diyetoloqdan kömək alın. Çünki bir dəfə qidalanmaq sağlam sayılan pəhriz növü olsa da, sizin üçün uyğun olmaya bilər. İnsanın psixi vəziyyətinə və qidalanma növünə görə qərar vermək daha yaxşıdır. Bu qidalanma növü kişilər və menopauza sonrası qadınlar üçün daha uyğun sayılır. Qadınlarda bu qidalanma növü menstruasiya tsiklini poza bilər”.

Həkimin sözlərinə görə, belə qidalanmaya keçid insulinə yüksək həssaslıq yaradır, bədəndən su və duz atıldığı üçün halsızlıq, bəzən də baş ağrısına səbəb olur: “Bu, ilk baxışdan normal sayıla bilər. Baş ağrısı dözülməz hala gəlirsə, ciddi yorğunluq yaradırsa, davam edərkən stress keçirdiyinizi düşünürsünüzsə, pəhrizi dayandırmaq faydalıdır. Pəhrizə davam etməməyi və yardım almanızı təklif edirəm. Yüngül halsızlıq və yüngül baş ağrısı normal və müvəqqətidir”.

Harada, nə vaxt, nə yeyəcəyinizi bilməlisiniz

T.Baratzadə deyir ki, gündə bir dəfə qidalanma necə gəldi olmamalıdır: “Düzgün planlanmamış qidalanma makro və mikro elementlərin əskikliyinə səbəb ola bilər. Məsələn, adam gündə bir dəfə qidalanır və bunu restoranda edirsə, ət və doymuş yağlarla qidalanarsa, lifli qidaları az yediyi üçün bağırsaq hərəkətliliyi azalacaq və qəbzlik yaranacaq. Yaxud daha çox karbohidratla qidalansa, orqanizmdə zülal çatışmazlığına və əzələ xəstəliklərinə səbəb ola bilər. Buna görə də belə qidalanma və onun məzmununa mütləq hakim olmalısınız. “Sabah necə olsa bir şey atışdıraram”, “bir yerdə yeyərəm” və s. tipdə düşünülməməli, harada, nə vaxt, nə yeyəcəyinizi öncədən bilməlisiniz”.

Sonda həkim qeyd etdi ki, əgər öz yemək tərziniz varsa, gündə bir dəfə qidalana bilərsiniz. Yalnız qarşınızdakı yeməyi yeyirsinizsə, bir dəfə yemək sizin üçün çox yaxşı seçim olmaya bilər.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir