derslik

İslahat, yoxsa keçmişə qayıdış?

Baxış sayı: 664

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı sinifdə biologiya və fizika fənləri tədris olunmayacaq, onların əvəzinə təbiət fənni keçiriləcək. Bu yenilik sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xüsusilə, övladı 6-cı sinfi bitirən valideynlər 7-ci sinifdə bu fənlərin təkrar keçiriləcəyini düşünür, yuxarı sinifdə oxuyan uşaqların valideynləri isə qəbul imtahanına salınacaq suallarda bu nüansın nəzərə alınıb-alınmamasının narahatlığını keçirirlər. Müəllimlər də bu tətbiqlə dərs yüklərinin azalmasından narahatdırlar.

 

“Təhsildə keçmişə baxaraq nümunə götürmək uğurlu olmayacaq”

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, 2000-ci illərdə 5-ci sinifdə təbiətşünaslıq, 6-cı sinifdə biologiya, 7-ci sinifdə isə fizika və zoologiya tədris olunurdu. İndiki yeniliklə həmin dövrə qayıdırıq. Mütəxəssis düşünür ki, keçmişə baxaraq nümunə götürmək uğurlu olmayacaq: “6-ci sinifdə oxuyan uşaqların biologiya və fizika fənləri üzrə göstəriciləri dəyərləndirilmədən bu qərara gəlindiyini düşünürəm. Əsaslandırırlar ki, təhsildə məzmun, keyfiyyətin artırılması üçün belə bir addım atılıb. 6-cı sinifdən biologiya və fizika fənlərinin çıxarılması hansı məzmun, keyfiyyətin artırılmasına səbəb olacaq və nəyi dəyişəcək? Axı 10 il əvvəl də belə idi, nə dəyişmişdi? Məgər o dövrdə fizika və biologiya fənni üzrə göstəricilər o qədərmi güclü idi ki, yenidən ona keçdik? 21-ci əsrin təhsil modeli yalnız irəli baxmağı və dünyanın təhsil mərkəzləri olan ölkələrin təcrübələrindən istifadəni uyğun görür”.

Müəllimlər və valideynlər narahatdır

Mütəxəssis deyir ki, bu qərar müəllimlər və valideynlər arasında da ciddi müzakirələrə səbəb olub: “İlk narahatlıq müəllimlərlə bağlı yaranır. Çünki iki fənnin bir sinifdən çıxarılması fizika və biologiya fənlərindən dərs deyən müəllimlərin də dərs saatlarının azalması ehtimalını artırır. Məsələn, X adlı müəllim biologiya fənnini tədris edir, onun cəmi 12 saat dərsi var. Bu 12 saatın 8 saatı 6-cı siniflərə düşür. X müəllim 8 saatdan məhrum edilir. İkinci həssas təbəqə isə valideynlərdir. Artıq valideynlər 6-cı sinifdə biologiya və fizika fənlərinin çıxarılmasını övladlarını uğursuzluğa aparan detal kimi görəcəklər. Ümumi olaraq, cəmiyyətdə belə fikir yaranır ki, 6-ci sinifdə fizika və biologiya fənləri çıxarılıbsa, deməli, onun tədrisinə ehtiyac yox idi, bizim uşaqlar neçə il ərzində boş yerə oxuyub. Valideyn psixologiyası belədir”.

 

“Uşaq var ki, 6-cı sinifdə kim olacağına qərar verir”

Təhsil eksperti bu qərarı düzgün hesab etmədiyini də vurğulayır: “O yaş qrupunda olan şagird artıq öz maraq dairəsini formalaşdıra, hansısa elmin ibtidai bilgilərində özünü görə bilər. Belə məqamda biologiya və fizika kimi spesifik və əsl elmi konsepti olan fənlər mütləq saxlanılmalı idi. Uşaq var ki, 6-cı sinifdə kim olacağına qərar verir. İki vacib fənnin 6-cı sinifdən çıxarılmasını uyğun hesab etmirəm. Bu fənlərin ibtidai bilgilərini nə qədər tez versək, o qədər yaxşıdır”.

 Bu fənlərin interaktiv tədrisini nəzərdə tutan kitablar hazırlanır

Təhsil eksperti Qoşqar Məhərrəmov isə tam fərqli düşünür. Deyir ki, fənlər ləğv edilmir, sadəcə 3 fənn 1 kitabda birləşdirilir: “Hazırda Təhsil İnstitutu iki fərqli komanda ilə “Riyaziyyat” və “Təbiət” fənni kitablarını yazır. Bu kitablar pilot layihə kimi tətbiq olunmağa başlayıb. Beynəlxalq təcrübədə bu, fizika, kimya, biologiya fənlərinin ləğv olunması mənasına gəlmir. Bu fənlərin birlikdə interaktiv tədrisini nəzərdə tutan kitablar hazırlanır. Bunun səbəbi odur ki, şagirdlər fənləri ayrı-ayrılıqda qavrasa da, bunların bir-biri ilə əlaqəsini başa düşmür. Nadir hallarda müəllimlər dərsləri bir-biri ilə inteqrasiya edə bilir. Ona görə də beynəlxalq təcrübədən faydalanaraq islahat başlayıb. Dövlət İmtahan Mərkəzi də buna uyğun olaraq suallarını hazırlayacaq. Yəni məzmun standartları saxlanılaraq islahatlar aparılır. Məzmun etibarilə əskik və ya artıq heç nə yoxdur, sadəcə yanaşma şəkli dəyişir”.

 

Bəs təbiət fənnini kimlər tədris edəcək?

Mütəxəssis deyir ki, bu fənni fizika, kimya və biologiya müəllimi tədris edə bilər: “Bu fənlər uzun illərdir ki inkişaf etmiş ölkələrdə təbiət adı altında tədris olunur. Eyni zamanda, bəzi ölkələrdə sırf  “Sience” (Elm) müəllimi bakalavr ixtisasları var. Həmin ixtisasdan məzun olanlar da bu fənni tədris edir. Sadəcə həmin fənn müəllimləri əhatələrini daha geniş tutmalıdır. Məsələn, fizika müəllimi təbiət dərsini keçmək istəyirsə, bu fənn səviyyəsində kimya və biologiyanı da öyrənməlidir və ya əksinə. Bu formanın səbəbi inteqrasiyadır”.

 

Müəllimlərin dərs yükü azalmayacaq

Müəllimlərin dərs yükünün azalması məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, təbiət fənninin dərs yükü çoxalacaq: “Yenə həmin müəllimlərə dərs saatı veriləcək. Sadəcə onların dərsinin adı təbiət olacaq. Müəllimlərin dərs yükü azalmayacaq. Məsələn, hazırda fizika, kimya, biologiya həftədə 2 saatdırsa, təbiət dərsi həftədə 6 saat olacaq”.

Nazirlik nə deyir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən bildirdilər ki, Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib, ümumi orta təhsil səviyyəsindən Həyat bilgisi fənni çıxarılaraq təbiət fənni əlavə edilib. Qərara əsasən, 2022-2023-cü dərs ilində ölkənin bütün 5-ci siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün 6-cı siniflərdə təbiət fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn 7-ci siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır.

Həmçinin, nazirlikdən verilən məlumata əsasən, 5-6-cı siniflərdə  təbiət fənni tədris edilən şagirdlər 9 və 11-ci siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırılacaq.

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir