1992-2022-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir. Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
1992-2022-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 3.06 dəfə, abituriyent ərizələrinin sayı isə 2.27 (subbakalavrlarla birlikdə 2.64) dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç da hamısı abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2022-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata əsasən, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.
Məlumata görə, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94.51 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. 2022-ci il məktəbi “5” qiyməti ilə bitirən məzunların yalnız 35.21 faizi attestat qiymətlərini doğrulda bilib.
Son vaxtlar abituriyentin uğursuz nəticələrini repetitorların səviyyəsi ilə əlaqələndirənlər də az deyil. Bəs görəsən, imtahanda göstərilən nəticələr həqiqətənmi repetitorların səviyyəsi ilə bağlıdır?
“Bələdçi” rubrikasında bu suala aydınlıq gətirmək üçün təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasiblə əlaqə saxladıq. Mütəxəssisin mövzuya dair fikirləri isə aşağıdakı kimi oldu:”Ümumiyyətlə, elə bir dövrdə yaşayırıq ki, istər şagirdlər, istərsə də valideynlər repetitor haqda qısa zamanda müəyyən qənaətə gələ bilirlər. Məncə, repetitorlar özləri də bu məsuliyyəti hiss edir və belə demək mümkünsə, altına girə bilməyəcəyi yükü öz üzərinə götürmür. Bunu edənlər varsa, hər halda barmaqla sayılacaq qədərdir ki, onların da bir müəllim kimi uğur qazanması mümkün deyil. Amma ümumilikdə zəif nəticələr repetitorlarla bağlı yox, şagirdlərlə əlaqəli məsələdir. Əgər abituriyentlər imtahana “mən onsuz da hər şeyi bilirəm” məntiqi ilə yanaşırsa, bu halda bu yersiz arxayınlığın nəticələrə mənfi təsir etməsi gözləniləndir. Müşahidələrim onu göstərir ki, abituriyentlərin hardasa cəmi 10%-i öz məsuliyyətini daha dərindən dərk edirlər. Prinsipcə, bu məsələdə işin 30%-i repetitorlardan asıldırsa, 70%-i şagirdlərin üzərinə düşür. Repetitorların əsas çatışmazlığı proqramı düzgün bölməməkdir. DİM-in yenilikləri ilə heç də hər bir müəllim ayaqlaşa bilmir. Dinləmə mətnlərini, mətn işləməyi, ən kiçik detallardan biri olan cavab kartının işlənməsini belə abituriyentlərə düzgün çatdırmayan müəllimlər var. Təbii ki, bu heç də bütün müəllimlərə şanil edilə bilməz, amma abituriyent hazırlığına ancaq pul mənbəyi kimi baxan repetitorlar da var. Təəssüf ki, abituriyentlərin sınaq imtahanlarında iştirak etməsinə şərait yaratmayan repetitorlara rast gəlirik. Bu, bəzən onların işinə gəlir ki, abituriyentlər sımaq imtahanına getməsin.”
Abituriyent valideynlərindən də bəhs edən Sevinc Purkeştasib bəzi məqamlarda valideyn yanaşmasının da düz olmadığını qeyd etdi:”Düzdür. hər bir valideynin arzusudur ki, övladı ailə təhsil alsın, amma əsas məsələ abituriyentin bu işin öhdəsindən gəlmək üçün potensialının olub-olmamasıdır. İlk öncə valideyn uşağının istedadını üzə çıxarmalıdır. Düzgün analiz etməlidir ki, onun övladı tələbə adını qazana bilərmi, qazanarsa, gələcəkdə təhsilini uğurla davam etdirə bilərmi və ən əsası valideyn övladının ali təhsil almaq kimi bir arzusunun olub-olmadığını araşdırmalıdır.”
Təqdim etdi: Uğur