Terane Eliyeva

Məktəbəqədər yaşlı uşaqların məktəbə adaptasiyası prosesində psixoloji qorxular

Baxış sayı: 743

İnsanın inkişafı və şəxsiyyət kimi formalaşması mürəkkəb və çoxcəhətli bir prosesdir. İnkişаf kəmiyyət dəyişmələrinin kеyfiyyət dəyişmələrinə kеçməsindən, sаdədən mürəkkəbə, аsаndаn çətinə dоğru spirаl хətt bоyuncа hərəkətdən, yüksəlişdən ibаrətdir. İnsan bu inkişaf prosesində müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin təşəkkülündə özünəməxsus xüsusiyyətlər ilə xarakterizə olunur. Bir yaş mərhələsindən digərinə keçid asanlıqla baş vermədiyinə görə insanlar müxtəlif böhranlı vəziyyətlərlə qarşılaşırlar. Belə böhran yaş dövrlərindən biri də məktəbəqədər yaş dövründən (5-6 yaşdan) məktəb yaşına (6-7 yaşa) keçid dövrüdür. Belə ki, bu dövrdə uşaqlar yeni bir sosial status – “məktəbli”, “şagird” adını qazanırlar. Bu adın verdiyi öhdəliklərdən asılı olaraq uşaqların əsas fəaliyyət növü dəyişir. Yəni, məktəbəqədər yaş dövründə (3-6 yaş) uşaqların aparıcı fəaliyyət növü oyundursa, məktəb yaşı dövründə bu, təlim fəaliyyəti ilə əvəz olunur. Belə olan halda bəzi uşaqlar məktəbə çətin adaptasiya olurlar və müəyyən psixoloji qorxular yaşayırlar. Bu cür psixoloji qorxular “məktəb fobiyası” adlanır.

Məktəb fobiyası ilk öncə məktəbdən qeyri-müəyyən narazılıqla, valideynlər və müəllimlər onları nə qədər razı salmağa çalışsalar da, məktəbə getmək istəməməklə, dərslərdə oturmaqdan imtina ilə başlayır. Bəzi uşaqlar məktəbə getmək istədiklərini desələr də, məktəb vaxtı gəldikdə uşaqda narahatlıq və panik əlamətləri müşahidə olunur. Məktəbə adaptasiya prosesində yaranan psixoloji qorxular özünü qarın ağrısı, qusma, ishal, baş ağrısı, başgicəllənmə, tez-tez sidiyə getmə, yerimə çətinliyi,  bel ağrısı, boğaz ağrısı,  üz rənginin dəyişməsi, tərləmə kimi fizioloji xüsusiyyətlərlə büruzə verir. Həmçinin məktəb fobiyası uşağın ailəsindən, həmyaşıd qruplarından, məktəb mühitindən, cəmiyyətdən irəli gələn müxtəlif risk faktorları ilə də xarakterizə olunur. Bu risk faktorlarına yeni vəziyyətlərə uyğunlaşmaqda çətinliklər, sosial bacarıqların olmaması, valideynlərdən ayrılma narahatlığı, öyrənmə çətinliyi, diqqət çatışmazlığı, hiperaktiv pozuntu və s. aiddir.

Məktəbə adaptasiya prosesində yaranan psixoloji qorxular müxtəlif səbəblərdən yarana bilər: valideynlər tərəfindən uşağın tək qala biləcəyi ilə bağlı davamlı təhdidlər, uşağın yaşına uyğun olmayan tələblər, onun fiziki və mənəvi ehtiyaclarının ödənilməməsi, ailədaxili zorakılıq, ailə üzvlərindən birində uzunmüddətli fiziki xəstəliyin olması, əgər evdə hər hansı bir ev heyvanı saxlanılırsa onun və ya ailə üzvlərindən birinin itirilməsi, evdə kiçik bacı və ya qardaşın olması, ailənin məktəblə bağlı mənfi düşüncələr səsləndirməsi, uşağın məktəbə düzgün hazırlanmaması, maddi imkansızlığa görə digər yoldaşlarından fərqli geyinməsi, məktəbdə müəllimlərin avtoritar münasibəti, uşağın tələbləri yerinə yetirməklə bağlı danlanılması, uşağa lağ edilməsi, yaşayış yerinin dəyişdirilməsi və s.

Terane Eliyeva 2

Məktəblə bağlı psixoloji qorxulara səbəb olan bir çox faktorlar ola bilər ki, onların varlığı hər zaman birbaşa məktəb fobiyasına səbəb olmur. Ona görə də valideynlər bu mövzuda diqqətli olmalı, övladlarında yaranan psixoloji qorxuların nədən qaynaqlandığını mütəxəssis köməyilə vaxtında aşkarlayaraq aradan qaldırmalıdırlar. Bu mövzuda ailə, məktəb və psixoloqun komanda şəklində işləməsi daha faydalıdır. Ailədə valideynlər uşağın qorxu və narahatlığını anlamağa çalışmaqla, tənqid etmədən dinləməklə, evdə də düzgün təlim mühiti təşkil etməklə, məktəb haqqında gözəl, lakin şişirdilməmiş sözlər söyləməklə psixoloji qorxuları aradan qaldırmağa kömək edə bilərlər. Həmçinin valideyn əvvəlcə məktəbdə uşağı müşaiyət edə, daha sonra məktəbdə uşağa ayırdığı vaxtı yavaş-yavaş azaltmaqla tədricən uşağın sinifdə onsuz oturmağına şərait yarada bilər. Əgər uşaq bu vəziyyəti qəbullanarsa, marağına uyğun müxtəlif hədiyyələrlə mükafatlandırıla bilər. Göstərilən hallarda məktəbə adaptasiya ilə bağlı psixoloji qorxular yenə də qalmaqda davam edərsə psixoloqa müraciət etmək mütləqdir.

Mütəxəssis köməyi almadan məktəb fobiyası olan uşağı məktəbə getməyə məcbur etmək gələcəkdə başqa patoloji haların yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, digər psixoloji problemlərdə olduğu kimi məktəb fobiyasına da erkən və düzgün müdaxilə uşağın məktəbə inteqrasiyası prosesində çox vacibdir.

 

Təranə Əliyeva

Pedaqoq-psixoloq

Uşaq psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir