talismanlar

Fərqli ölkələrin uğur talismanları

Baxış sayı: 529

İsrail (qırmızı ip)

Qırmızı ip İslama qədərki dövrdə bir neçə xüsusiyyətlərə malik olub. İsraildə biləyə qırmızı ip bağlamaq əslində bir ənənədir. Bu ölkəyə səyahət edən hər kəs qolunda belə bir iplə qayıdır. İsraildə inanırlar ki, qırmızı ipdən düzəlmiş qolbaq yəhudilərin böyük allahlarından  biri Raxilenin rəmzidir. Onun türbəsi də qırmızı iplərlə dolanıb. Sağlamlığa nəzarət etməklə yanaşı, şəxsi həyata təsir edən bu güclü qoruyucu talisman sahibinə müxtəlif sahələrdə uğur və şans gətirir. Bu ayində iplərin düyünlənmə üsulunun da mühüm detallardan biri olduğu hesab edilir. Məsələ ondadır ki, ipə yeddi düyün atmaq üçün siz ruhən özünüzə yaxın olan birini seçməlisiniz. Eləcə də qırmızı ipin pulla alınması vacibdir, onu öz əllərinizlə toxumaq və hazırlamaq olmaz. Əslində qırmızı ipin sehrli gücünə bir çox xalqlar inanırdı. Məsələn, slavyanlar inanırdılar ki, sol biləyə qırmızı ip bağlamaq maddi rifahı yaxşılaşdırır, sahibinə uğur və şöhrət gətirir. Deyirlər ki, o, qan dövranını yaxşılaşdırır, baş verə biləcək bütün bəla və müsibəti insanın üzərindən götürür. Qırmızı iplərin insanın fikir və qərarlarına təsir göstərə biləcəyi də iddia olunur. Belə iplər insana öz təfəkkürünü təkmilləşdirməyə, özünü inkişaf etdirməyə və yeni zirvələrə çatmağa yardım edir.

 

İsveç (oyuncaq Dala atları)

Bu oyuncaq atlar İsveçin milli simvolu hesab olunur. Dala atlarının yaranma tarixi XVI əsrə aiddir. Deyilənlərə görə, bir xarrat oturacaq düzəltdikdən sonra artıq qalan taxtadan uşaqları üçün bu atı düzəldib. Yarandığı gündən bəri insanlar tərəfindən sevilən oyuncaq atlar, onların düşüncələrinə, hər bir evə uğur gətirirdilər. Lakin nədənsə müdriklik, sədaqət və ləyaqəti canlandıran bu simvol kilsə tərəfindən qadağan edildi.

 

Tibet (xoşbəxtlik gətirən tibet naxışı)

Üzərində xoşbəxtlik qovşağı kimi tanınan tibet naxışları olan əşyaların xoşbəxtlik və uğur gətirdiyinə inanırlar. Qədim Şərq talismanı sayılan bu naxış fen-şuyda tez-tez uğur və firavanlıq simvolu kimi istifadə olunurdu. Qədim Tibet fəlsəfəsinə əsasən bu naxış, həmçinin öz sahibini pislikdən,bədnəzərdən qoruyaraq, onun həyatına harmoniya və sakitlik gətirirdi. Belə talismanı yaxınlarına hədiyyə etməklə siz ona həm də uzun ömür hədsiz məhəbbət və tükənməz yaradıcılıq enerjisi bəxş etmiş olursunuz.

Şərq ölkələri və İsrail (Hamsa simvolu)

Hamsa simvolu, həmçinin Fatimənin əli də adlandırılır. Bu simvolun mənşəyi Mesopatamiya sayılır.  Qədim zamanlardan Hamsanın xüsusi qoruma gücünə malik olduğuna inanılır, eyni zamanda, bu simvol uğur simgəsidir. Talisman kimi istifadə olunan Hamsa adətən hər bir evdə olmalı idi. Qədim inanclara görə, hər bir evə uğur və ruzi-bərəkət gətirən bu simvol həmçinin insanları pis gözlərdən qoruyurdu.

 

Türk xalqları (göz muncuğu)

Bədnəzərdən qorunmaq üçün uşaqlara, bəzən isə lap böyüklər də göz muncuğu taxır.  Göz muncuğunun mavi rəngi qədim zamanlardan bəri qorunma prinsipini təmsil edir. Rəvayətlərə görə, Çingiz xan mavi rəngi müqəddəs hesab edirdi və suyu məhz mavi bardaqdan içirdi. Onun verdiyi qərarlar mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən nəsilə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələri mavi rəngdə tikdirirdilər. Onların düşüncələrinə görə, mavi rəng insanları bədnəzərdən qoruyurdu.Son illərdə üzərində göz muncuğu işarəsi olan zinət əşyalarına olan maraq durmadan artır. Bəziləri onları qorunmaq, digərləri isə sadəcə aksessuar kimi  bəyəndiyi üçün taxır.

 

Yaponiya (Maneki Neko)

Yaponiyanın uğur gətirən talismanı Maneki Neko bir çox adla tanınır, məsələn, “uğur gətirən pişik”, “əl edən pişik”, “çağıran pişik”, “işarə verən pişik”. Bu balaca keramikdən düzələn pişiklərin üzərində “xoşbəxtlik gəl artıq” sözləri yazılıb. Maneki Nekonun təmsil etdiyi mənada fərqlidir. Ümumilikdə, pişiyin qalxan sol əli evin qorunmasını təmin edərək, həmçinin sahibinə bütün işlərində uğur gətirir. Qədim əfsanəyə görə, orijinal pişik ilk dəfə Tokionun Setaqaya ərazisində yerləşən Gotokuci məbədində tapılmışdır.Hazırda keramik və plastikdən müxtəlif ölçülərdə hazırlanan bu balaca figurlar             Yaponiyada yaşayan hər bir sakinin  evində var.

 

Çin (əjdaha simvolu)

Çin folklorunda və mifologiyasında əjdaha əfsanəvi gücə malik olan bir məxluqdur. Əjdaha simvolu ənənəvi olaraq, mərhəməti və əzəmətin qüdrətini ifadə edir və xüsusi olaraq suyu, yağışı, tufanı və daşqını idarə etmək gücünə malikdir. Çində əjdaha simvolu, həmçinin gücü, güvəni və buna layiq olan insanlar üçün uğuru simvolizə edir. Əjdaha ümumiyyətlə, mədəniyyət simvolu kimi də istifadə olunur və Honkoqda Çinin əsas simvolu olaraq beynəlxalq brend kimi məşhur Brand Honq Konq layihəsinin bir hissəsidir.

 

İngiltərə (üçyarpaqlı yonca)

İngiltərənin əsas simvolu olan üçyarpaqlı yonca sevgi,ümid və inamı təcəssüm etdirir. Bir çox xalqların inanclarında öz əksini tapan bu qədim simvol müvəffəqiyyət rəmzi sayılır. İngiltərədə bir çox aksessuar və zinət əşyalarının üzərində üçyarpaqlı yonca şəkili görə bilərsiniz. İnsanların düşüncələrinə görə, əldə etdikləri bu tip əşyalar onlara uğur gətirə bilər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir