VATIKAN

Böyük missiyası olan kiçik şəhər – REPORTAJ

Baxış sayı: 479

Roma ətrafında gəzərkən təsadüfən İtaliyanı tərk edə, sərhədi keçə və başqa bir ölkəyə düşə bilərsiniz. Bu qədim şəhərin tam mərkəzində Vatikan dövləti (Stato della Citta del Vaticano) yerləşir. Buraya ictimai nəqliyyatla və ya piyada gəlmək mümkündür. Qala divarı ilə əhatə olunan dövlət 1929-cu ildə rəsmi olaraq qurulub. Onun kiçik ərazisini bir saatdan az müddətdə piyada gəzmək mümkündür.
Vatikan katolik kilsəsinin başçısı Papanın iqamətgahı kimi tanınır. Vatikan Romanın tam mərkəzində bütün katoliklər üçün müqəddəs olan şəhər-dövlətdir, dünya xristianlığının mərkəzidir. Ona görə də “Böyük missiyası olan kiçik şəhər” adlanır.

 

Səki daşlarında gözə dəyməyən ağ xətt

Katedral binasından çıxıb Müqəddəs Pyotr meydanını keçsəniz, səki daşlarında gözə dəyməyən ağ xətt görə bilərsiniz. Bir çox turist buna əhəmiyyət vermir, lakin bu, İtaliya və Vatikanı ayıran dövlət sərhədidir.

Vatikanın gerbi, bayrağı, mühafizəçiləri və hətta dili – latın dili var. Dünyanın ən kiçik ölkəsi qəzet nəşr edir, radiosu və poçtu fəaliyyət göstərir. Üstəlik, burada hətta dəmir yolu da var, lakin onun uzunluğu cəmi 275 metrdir. 500-ə yaxın vətəndaşının çoxu kilsədə işləyir.

Vatikanın ən mühüm görməli yerləri Müqəddəs Pyotr Meydanı və Katedrali, Sikstin kapellası, Apostol Sarayı və qiymətsiz sənət əsərləri ilə dolu Vatikan muzeyləridir. Sandro Botticelli, Mikelancelo, Rafael və Bernini kimi parlaq sənətkarlar Vatikanda yaşayıblar. Vatikanın 44 hektar ərazisinin 80%-ini tarixi abidələr, heykəllər, sənət əsərləri və bağlar tutur. Bu baxımdan, Vatikan əsl gözəllik və harmoniya adasıdır.

 

Vatikanın ürəyi – Müqəddəs Pyotr bazilikası

Müqəddəs Pyotr meydanı turistlərin və zəvvarların sevimli məkanıdır, çünki burada Papanı görmək və onun xütbəsini dinləmək olar.
Vatikana səfər edən bütün turistlər Müqəddəs Pyotr Bazilikasını (Basilica di San Pietro) ziyarət edirlər. Kilsə  Vatikanın ürəyi hesab olunur. Kilsəyə daxil olmaq üçün uzun-uzadı növbələr olur. İlk Roma Papası Pyotr bu kilsədə dəfn olunub. Əvvəlcə müqəddəsin iddia edilən məzarı üzərində kiçik bir ibadətgah tikilib və 16-cı əsrdə onun binası yenidən qurularaq nəhəng bir kilsəyə çevrilib. Bu dini binanın memarlığı və interyeri üzərində məşhur italyan ustaları Bernini, Mikelancelo və Rafael çalışıblar.

Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük xristian kilsəsidir. Bu möhtəşəm məbədin tikintisi 120 il çəkib. Bu müddət ərzində 18 papa və İntibah və Barokko dövrünün ən yaxşı memarlarından 12-si dəyişdirilib.

Vatikanda bir çox zəvvarın görmək istədiyi Müqəddəs Pyotrun bürünc heykəli var. İtalyan heykəltəraş Arnolfo di Kambionun müəllifi olduğu heykəl 13-cü əsrdə yaradılıb. Heykəldə əli qaldırılmış, möminlərə xeyir-dua verən Müqəddəs Pyotr təsvir edilib. Bura gələn zəvvarlar müqəddəs həvarinin tunc ayaqlarını öpürlər.

Katedralın əzəmətini və gözəlliyini tam qiymətləndirmək üçün günbəzin zirvəsinə qalxa bilərsiniz. Kilsəyə giriş pulsuz olsa da, günbəzə (Kupol) giriş üçün 10 avro ödəməlisiniz. Liftlə qalxdıqdan sonra 355 dar pilləni piyada addımlamaq o qədər də asan deyil. Ancaq bu çətinlik turistə Mikelancelonun günbəzi bəzəyən əsərlərini daha yaxından seyr etməyə və Vatikanın və Romanın nəfəs kəsən panoramasını izləməyə imkan verir.

Həftədə bir neçə dəfə Müqəddəs Pyotr Bazilikasında kütləvi mərasimlər keçirilir. Onlara qatılmaq istəyənlər adətən başlamazdan bir neçə saat əvvəl yer tuturlar.

Papanın iştirakı ilə keçiriləcək mərasimə biletləri pulsuz – Müqəddəs Pyotr meydanında sağ sütunun altındakı tunc qapıdan əldə etmək olar. Onlar tədbir ərəfəsində – 15.00-dan 19.00-a qədər və ya həmin günün səhəri saat 7.00-a qədər verilir. Vatikana səfərimin ikinci günü kilsədə keçirilən mərasimdən papanın çıxışı meydana canlı yayımlanırdı. Öncədən icazəsi olanlardan başqa turistlər kilsəyə buraxılmırdı. İnsan izdihamına qoşulub Papanın çıxışını meydandan canlı izləyənlər arasında olmağın həyəcanını yaşadım…

 

Gözəllik və harmoniya adası

Vatikan muzeyləri dünyada özünü tamamilə təmin edən yeganə muzey kompleksidir. Burada 13 muzey var. Bu muzeylər qiymətsiz memarlıq və incəsənət abidələri ilə məşhurdur. Kolleksiyaçıların hesablamalarına görə, dünyanın ən kiçik dövlətinin ərazisində yerləşən bütün sənət nümunələrinin ümumi dəyəri trilyonlarla ölçülür. Vatikan ilk növbədə heykəlləri ilə seçilir. Mütəxəssislər qeyd edirlər ki, Vatikanın səthinin üçdə iki hissəsini dünya incəsənətinin və memarlığının qiymətli nümunələri tutur. Məsələn, təkcə 2013-cü ildə Vatikan muzeylərini 5,5 milyon insan ziyarət edib. Bütün bunlar Vatikanın dünyanın ən zəngin dövlətlərindən biri olduğunu göstərir. Bir neçə əsr ərzində burada ən məşhur rəssamların və heykəltəraşların əsərləri toplanıb.

Vatikan, YUNESKO-nun tərifinə görə, “bəşəriyyətin bədii irsidir”. Hər gün Vatikan muzeylərini 20-25 min insan ziyarət edir. Hesablanıb ki, muzeylərin hər bir eksponatına baxmaq üçün bir dəqiqə vaxt sərf olunursa və onların sayı 120 000-dirsə, ziyarətçiyə 88 gün lazımdır. İnsanlar ilk növbədə dinindən asılı olmayaraq məşhur Sikstin kapellasını ziyarət etməyə tələsirlər. Vatikan muzeylərini və bazilikasını ziyarət edərkən böyük ustadların əməyinin nəticəsinə heyran olmamaq mümkün deyil. Bu, insan qüdrətinin ən yaxşı şəkildə nəyə qadir olduğunun mükəmməl nümunəsidir. Burada hər şey var: gözəllik hissi, estetika, harmoniya, əzəmət, monumentallıq və təbii ki, heykəltəraşların, memarların və rəssamların istedadı və zəhməti…

Təranə Məhərrəmova
Bakı-Roma-Vatikan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir