atanin-qidalanmasi

Həm ata, həm ər kişilər: Onlar uşaqdan niyə qorxur? – MÜSAHİBƏ

Baxış sayı: 532

Əksəriyyətimiz qadınların doğuşdan sonra depressiya yaşadığı barədə eşitmişdik, bəzilərimiz yaşamışıq, bir çoxumuz da müşahidə etmişik. Amma tək analar yox, atalar da həyat yoldaşının doğuşundan sonra depressiyaya düşə bilir. Mütəxəssislərin fikrincə, kişilərin doğuşdan sonra depressiyaya düşməsinin əsas səbəbi işsizliklə, gəlir azlığı, uşağın maddi təminatını ödəməyi bacara bilməmə qorxusu ilə əlaqəli olur. Belə ki, hər 25 atadan birində müşahidə edilən depressiya uzun zaman davam edir. Araşdırma nəticəsində o da məlum olub ki, depressiyada olan ataların 40 faizi həyat yoldaşına və övladına zorakılıq tətbiq edə bilir.

Məşhur rusiyalı psixoloq Katerina Demina gazeta.ru-ya müsahibəsində gənc valideynlərin uşağın həyatının ilk ilində üzləşdiyi çətinliklərdən danışıb. Psixoloq ailə və cəmiyyətdə bu problemlərin həlli üçün çox sayda səhv edən insanlara məsləhət verib. Kişilərin doğuşdan sonra keçirdiyi psixoloji gərginlik barədə danışan psixoloq bildirir ki, kişilər bu dövrü qadınlar qədər ağır keçirə bilir.

 

– Yaşlı nəslin nümayəndələrindən tez-tez məzəmmətlər eşidirik, indiki dövrdə, bu imkanlar varkən uşağa baxmaqdan, onunla məşğul olmaqdan necə yorulmaq olar? Axı indi paltarı, qabı maşın yuyur, evi robot tozsoran təmizləyir, bazarlığı online sifariş edirsən çatdırırlar. Vaxt çox qalır. Bəs gənc analar niyə yorulur?

-Bunu, adətən, ayda bir saatlıq nəvəsini görməyə gələn nənələr deyir. Axı o ana hər şeylə təkbaşına mübarizə aparır. Ən sakit təbiətə malik, gündə 8-10 saat yatan və az hərəkət edən uşaq belə fərqli psixikaya malik fərqli insandır. Üstəlik, bir ailədə 2-3 uşaq olursa, zəhməti 2-3 qat artır. Nənələr hər şeyin öz dövrlərindəki kimi olduğunu güman edirlər. Elə deyil. İndi uşaqlar hiperaktivdir, çox hərəkət edirlər, çox soruşurlar. Dolayısı ilə analar da çox enerji xərcləməli olur.

 

-Kişilər ilk uşaqdan qorxurlar, bu, doğru ifadədir?

-Ailədə ilk körpə doğulana kimi qadının bütün diqqəti ərinin üzərində olur. Körpə doğulduqdan sonra bu diqqət paylanır, bu, həyatın qanunudur. Kişilər bu halda qadın ruhunda nə baş verdiyini bilmirlər. Qayğı gözləyirlər, amma qayğı göstərmirlər. Qayğıdan məhrum qalan qadının psixologiyasında təbii ki, problem yarana bilər. Ərlə münasibət vacibdir, ər-arvad bir-biri ilə nə qədər yaxındırlarsa, ailə bütövlüyü bir o qədər güvəndədir.

 

– Bunun qarşısını necə almaq olar?

– Gənc anaya, sadəcə, özü ilə tək qalmaq üçün vaxt lazımdır. Bu vaxtı, şəraiti ona vermək lazımdır.

Tam vaxtdan söhbət gedir. Hamama girərkən qazandığı 5 dəqiqəni nəzərdə tutmuram, yaxud çay içərkən qazandığı 5 dəqiqə. Doya-doya yaşayacağı asudə vaxtdan bəhs edirəm. Biz ataya bu vaxtı veririk, “işdən gəlib, getsin dincəlsin”, “yorulub, istirahət eləsin” deyirik, çünki o ailəni təmin edir, istirahət etməlidir. Axı ana da işləyir, üstəlik, iş saatları bəlli olmadan, fasiləsiz, gecə-gündüz. Amma anaya bu şans tanınmır. Təbii ki, hər iki valideynin də belə asudə vaxta ehtiyacı var, amma ata işdən yorulub gələndə istirahət edə bilir, qadın evdə yorulanda istirahət imkanı olmur.

1 yaşındadək uşaqlar anadan ayrılmır, eyni bədənmiş kimi yaşayırlar. Ana müddət ərzində psixiloji çökür, yorğunluğu artır, nəticədə xəstələnir. Şərt deyil fiziki sağlamlığını itirsin, onun ruhu xəstələnir. Çünki onun fiziki bədəni ana olmağa dözür, amma ruhu yük altında əzilir.

 

– Bütün bunlarla yanaşı, bəzi qadınlar üçün analıq digərlərinə nisbətən daha asandır. Niyə?

– Bu, əslində, bir çox amillərdən asılıdır. Məsələn, ananın öz körpəliyi necə keçib, nə qədər pis olub. Əgər xoşbəxt uşaqlıq keçiribsə, əlbəttə, analıq onun üçün o qədər çətin olmayacaq. Amma xoş olmayan bir uşaqlıq dövrü olubsa, onda necə? Bəlkə o özü arzuolunmaz uşaq olub, bəlkə ailədə zorakılıq görüb, bəlkə anası xəstə olub onunla məşğul ola bilməyib? Uşaqlıq illəri nə qədər çox pis olubsa, valideynlik bir o qədər dözülməz olar. Üstəlik, bu məsələdə yetkinlik dərəcəsi vacibdir. Qadın psixoloji cəhətdən nə qədər yetkin olsa, onun analıq xüsusiyyətlərinə tab gətirməsi bir o qədər asan olar, çünki o nə hiss etdiyini, nəyə ehtiyacı olduğunu bilir. Bilməlisiniz ki, həyatınızı siz sistemləşdirməlisiniz, başınıza qəfil nəsə gəlməməlidir. Kənardan dəstək gözləyən, anasından-qaynanasından, həyat yoldaşından kömək gözləyən, hələ mənliyini dərk etməyən yetkinləşməmiş analar üçün, əlbəttə, daha çətindir.

Həmçinin, uşaq doğulanadək ailənin necə həyat sürdüyü də əhəmiyyətlidir. Daim səyahətlərdə olan, gəzməyi sevən cütlük doğuşdan sonra evə qapanırsa, təbii ki, ailədə problemlər olacaq. Aktiv həyat tərzi olan qadın ana olduqdan sonra evdən çölə çıxmırsa, bu, həm öz psixologioyasında, həm də uşağın psixologiyasında özünü göstərəcək. Evdə oturmağın nə qədər darıxdırıcı olduğunu anlaya bilməyən yaşlı nəsil ata-analığın özəl həyatı çox dəyişmədiyi bir vaxtda uşaq böyüdüb.

 

-Biz öz anamız kimi ana oluruq?

-Vacib məsələdir. Ana olan qadının öz anası ilə nə qədər oxşar olması əhəmiyyətli məsələdir. Əgər ana yaxşı bir evdar xanımdırsa, uşaqları ilə daha çox vaxt keçiribsə, övladları da onun xarakterindən özünə pay götürür. Qəbul etməsək belə, biz bir çox hallarda atamız kimi ata, anamız kimi ana oluruq.

 

– Çox vaxt olur ki, uşaq arzulayan və bunun üçün çox əziyyət çəkən qadınlar doğuşdan sonra stress yaşayırlar. Bəs bu ziddiyyət nədir?

– Əgər qadın həqiqətən uzun illər uşaq istəyirdisə, uğursuz hamiləlik cəhdləri, uşaqsalmalar olubsa, bu, onun psixologiyasını yaralayıb, amma özü fərqində deyil. Çox vaxt bu xırdalıqlara fikir verilmir, ciddi qəbul edilmir. Ana qorxu içində hamiləlik keçirir, övladını itirəcəyindən qorxur. Nəticədə, arzulanan, çoxdan gözlənilən bir uşağın doğulması, xoşbəxtlik ilə birlikdə körpəyə ötürülən qorxu və narahatlığa da səbəb olur.

 

– Atalar da belədir?

-Bəli. Atalar da doğuşdan sonrakı depressiyaya girə bilirlər. Onlar artıq yalnız ər deyillər, həm də atadırlar. Bu fikrə alışmaqları zaman alır. Qadınlar ana olmağa hamiləlik dönəmindən hazırlaşırlar, doğduqdan sonra körpəyə alışmaqları zaman almır. Amma atalar bu prosesdən çətin keçirlər. Biz ilk övladı olan kişini özündən sonra ilk qardaşı və ya bacısı olan uşağa da bənzədirik. Travma eynidir çünki. Necə ki, uşaqlar qardaşı və ya bacısı doğulanda valideynlərinin yeni körpəni daha çox sevəcəyini düşünür, kişilər də ilk övladı doğulanda həyat yoldaşının yalnız uşağı sevəcəyini və ona diqqət göstərməyəcəyini düşünür. Düzgün yol atanın bu ailədə həm ər, həm də ata kimi özünü təsdiqinə şərait yaratmaqdır.

 

Tərcümə: Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir