restoran

Restoranlarda milyonlar xərcləyirik

Baxış sayı: 426

Pandemiyadan sonra Bakıda restoran biznesi özünə gəlməyə başlayıb. Şəhərin mərkəzində fəaliyyət göstərən ictimai iaşə obyektlərində yer tapmaq mümkün deyil. Hətta bəzi restoranlar sıxlığın qarşısını almaq üçün müştərilərə vaxt limiti də tətbiq edirlər. Bu sahədəki inkişafı Dövlət Statistika Komitəsinin hesabatı da təsdiqləyir. Bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib. Bu göstəricinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə 33.9 milyon manat çoxdur.

Maraqlıdır, bu artım nəyin göstəricisidir? Bizim insanlarda da restoranda nahar, şam etmək vərdişi formalaşmağa başlayıbmı? Ümumiyyətlə, bu sahənin gələcəyi necə proqnozlaşdırılır?

Suallara cavab tapmaq üçün restoran sahibləri və mütəxəssislərlə söhbətləşdik.

Müasir gənclik yemək mədəniyyətini dəyişir

Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis Anar Zeynalov deyir ki, restoranlara ödənilən pulların artmasının ilkin səbəbi ödənişlərin birbaşa kassaya vurulmasıdır: “Əvvəllər restoranlar işləyirdi, qəbz verilmirdi. Rayonlarda ümumiyyətlə, qiyməti kağıza yazırdılar. İndi şəffaflıq olduğuna görə, rəqəmlər getdikcə artır. Bununla yanaşı, qida məhsullarının qiymətinin artması da rəqəmlərə təsir edir. Bakının rayonlarında, regionlarda da restoranlar, hotellər açılır. Ona görə də bu rəqəmin bir ildə 20-25 faiz artması normaldır”.

Son illər restoranlarda səhər yeməyi ənənəsi də diqqət çəkən nüanslardandır. Xüsusilə həftəsonları bron etməmiş səhər yeməyi üçün yer tapmaq mümkün deyil. Mütəxəssis deyir ki, tendensiya hər il dəyişir: “Məsələn, beş il öncə Azərbaycanda kofeşopları tapmaq çətin idisə, indi hər yerdə var. Çayxor millət olmağımıza baxmayaraq, artıq insanlarda kofe mədəniyyəti formalaşıb. Səhər yeməyi də həmçinin. Məsələn, bundan öncə bizim mentalitetimizdə səhər yeməyinə getmək yox idi. Amma indi bazarda tələbat var. Bu tendensiyaları yeni nəsil inkişaf etdirir. Valideynlərimizin əksəriyyətinə deyəndə ki, gedək çöldə səhər yeməyi yeyək, deyəcəklər evdə var, niyə çöldə yeyək. Müasir gənclik belə düşünmür və bu vərdişi dəyişir”.

 

“İnsanlar heç vaxt əyləncələrindən qalmırlar”

Bu sahənin gələcəyinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, dünyada ən böyük bizneslərdən biri restoran biznesidir: “İnsanlar heç vaxt əyləncələrindən qalmırlar. Söhbət tək yeməkdən getmir, orada keçirdiyi asudə vaxt da əhəmiyyətlidir. Hazırda əsas tendensiya sağlam qidadır. İnsanlar bir vaxtlar məşhur olan “fast food”dan uzaqlaşır, sağlam qidaya yönəlirlər. Buna görə, restoran biznesinin ölkəmizdə də gələcəyi böyükdür”.

 

Bəs restoran sahibləri nə düşünürlər?

Restoranlar şəbəkəsi olan Turxan Əlizadə təsdiqləyir ki, bu il onun dövriyyəsi ötən ildən yaxşı olub: “Pandemiya, müharibə dövrü, işçilərin xəstələnməsi bizə ciddi şəkildə təsir etmişdi. Tendensiya yavaş-yavaş inkişaf edir. Əvvəllər masalarımız 10 idisə, indi 15-ə qaldırdıq. Yaxud, pizza aparatlarımız əvvəl 10 ədəd bişirə bilirdisə, indi 20 ədəd bişirir. Bu da, təbii ki, dövriyyəni artırdı”.

Sektorun inkişafına gəldikdə isə, gənc sahibkar deyir ki, tələbat var, amma bu sahədə peşəkar işçi tapmaq çətindir: “Məsələn, ofisiant kimi fəaliyyət göstərmək istəyən əməkdaşlarımızın 95 faizi gəncdir və işə keçici iş kimi baxırlar. Xaricdə 40, 50 yaşlı insanlar bu sahədə işləyirlər. Bizdə isə bundan utanırlar. Səbəb gəlir deyil, çünki peşəkarlar çox yaxşı pul qazanırlar. Məsələn, xaricdə 10 il işləyirlər, təzə gələn heyətə də mentor olurlar. Restoran mədəniyyətində ən böyük problem budur”.

Restoran biznesinin gələcəyinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu sahə ölkəmizdə ən yaxşılardandır: “Biz yeməyi, içməyi, əylənməyi sevən millətik. Ona görə bu sahənin inkişafı və mədəniyyətin formalaşması qaçılmazdır”.

Restorana müraciət edənlərin sayında 10-12 faiz artım var

Bakıda məşhur restoranlardan birinin sahibi olan Fikrət Xəlilov isə deyir ki, sentyabr ayı ictimai iaşə biznesinin artım ayıdır: “İyun, iyul, avqust ayları bu biznesdə passivlik müşahidə olunur. Çünki yay ayları olduğu üçün insanlar bağlara köçür, rayonlara gedirlər. Sentyabr ayında isə hər kəs qayıdır və bu aktivlik təbiidir”.

Mütəxəssis 2019-cu illə müqayisədə restorana müraciət edənlərin sayında 10-12 faiz artım olduğunu da bildirdi: “Elektron kassa aparatlarının quraşdırılması, əhalinin daha çox nağdsız ödənişlərə üstünlük verməsi avtomatik olaraq biznesin şəffaflaşmasına gətirib çıxarıb”.

Qərb ailə modelinə keçidi müşahidə edirik

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirdi ki, son vaxtlar əhalinin restoran mədəniyyətinin formalaşmasını, qərb ailə modelinə keçidi müşahidə edirik: “Bizim də ailələr evdə yemək bişirməkdən imtina edir, restoranlara gedirlər. Digər tərəfdən, Azərbaycan artıq tanınmış turizm destinasiyasıdır. Səfərdə olan insanın aldığı əsas xidmət də qidalanmadır. Restoran biznesi son illər bir çox transformasiyalara məruz qalıb. Məsələn, steyk üçün ət Braziliyadan, Avropadan gətirilir. Təxminən 15 il bundan öncə bizim restoranlar buna qarşı idi və öz heyvanımızın ətindən istifadə edirdilər. Sonradan məlum oldu ki, steyk üçün heyvan xüsusi yetişdirilir. İndi Bakıda məşhur steyk yerləri fəaliyyət göstərir”.

 

Bir milyard 300 milyonluq dövriyyə

Mütəxəssis vurğulayır ki, ictimai iaşə sektorunun dövriyyəsi pandemiyadan öncəki illərlə müqayisədə hotellərin və turizm agentliklərinin birgə dövriyyəsindən iki dəfə artıq olub: “İctimai iaşənin il ərzində təxmini dövriyyəsi bir milyard 200 milyon – bir milyard 300 milyon arasında dəyişib. Biz hazırda həm restoran biznesinin inkişafının, həm də ictimai iaşə mədəniyyətinin formalaşmasının şahidiyik”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir