Uşağı güvəcə öyrəşdirmək bir çox valideynlər üçün böyük problemə çevrilir. Xüsusilə də bu prosesə analar, qaynanalar, qonşular və s. qoşulduqda.
Cavan ana hər gün onlarla bu kimi əfsanələrə qulaq asmalı olur: “Mənim uşağım 1 yaşına çatmamış özü güvecə gedirdi” və ya “Uşaq 1 yaşında özü başa salmalıdır ki, o güvəcə istəyir” və ya “Sən uşağı vaxtında güvəcə öyrəşdirməsən, o xəstə olacaq” və s. Nəticədə cavan ana stres vəziyyətinə düşür, özünü “günahkar” hesab edir, uşağı zorla tez bir zamanda güvəcə öyrəşdirməyə çalışır (bu isə, təbii ki, lazım olan nəticə vermir).
Əslində isə burada heç bir ciddi problem yoxdur. Bütün sağlam uşaqlar təxminən 3 yaşına kimi “güvəc” elmini tam və uğurla mənimsəyir və daha sonra heç vaxt “unutmur”.
Qızlar oğlanlarla müqayisədə, sakit uşaqlar isə əsəbi uşaqlarla müqayisədə güvəcə daha tez öyrəşir.
İlk növbədə demək lazımdır ki, həkimlərin müşahidələrinə görə, uşaq yalnız 1,5-1,8 yaşında öz təbii təlabatlarını qismən kontrol etməyi bacarır – sidiyini və nəcisini bir müddət saxlaya bilir. O vaxta kimi hər şey qeyri-iradi şəkildə baş verir – dolmuş sidik kisəsi və bağırsaqlar uşağın istəyi olmadan özü özündən reflektiv olaraq boşalır.
Beləliklə, 1,5-1,8 yaşına kimi uşağı güvəcə öyrəşdirmək praktik olaraq mümkün deyil. Əgər siz eşitsəniz ki, hər hansı uşaq 1 yaşında “sərbəst güvəcə gedirdi”, bu sadəcə o deməkdir ki, onun anası müəyyən əlamətlərdən onun istəyini başa düşür və vaxtında uşağı güvəcə oturdurdu. Burada uşaq tərəfindən dərk edilmiş hərəkətdən söhbət gedə bilməz.
Uşağı güvəcə öyrəşdirməyə qərar vermisinizsə, çox səbirli olun. Ola bilsin ki, bunun üçün sizə aylar lazım olacaq. Uşağı cəzalandırmayın, qorxuzmayın, döyməyin. Bu sizin işinizi daha da çətinləşdirəcək. Uşağın psixikasına isə çox mənfi təsir edəcək.
Uşağa rahat, rəngli və keyfiyyətli güvəc alın. Qızlar üçün yumuru, oğlanlar üçün isə oval formasında güvəc uyğun gəlir.
Hal hazırda satışda müxtəlif səs və işıqlarla “təchiz edilmiş” güvəclər var. Lakin həkimlər onlardan istifadə etməyi tövsiyə etmir. Məsələ burasındadır ki, uşaqlar belə güvəcləri oyuncaq kimi qəbul edir (düymələrə basır, içinə oyuncaqlar yığır və s.) və bu onlara yalnız mane olur.
Güvəc aldıqdan sonra uşağa onun “təyinatını” (uşaq dilində!) başa salın. Uşağı güvəcə otuzdurun. Lazım olan nəticə əldə edilməsə də, uşağı 5 dəqiqədən artıq güvəcdə saxlamayın ki, güvəcdə oturmaq uşaq üçün oyuna çevrilməsin. Uşaq istəmədikdə, onu zorla güvəcdə saxlamayın.
Güvəci tualet otağında və ya hamamda saxlayın. Hər istifadədən sonra gigiyenik vasitələrin köməyi ilə əsaslı surətdə yuyun. Uşağa güvəclə oynamağa icazə verməyin.
Səhər və günorta yuxudan oyandıqdan sonra, yeməkdən, gəzməkdən gəldikdən sonra uşağı güvəcə otuzdurun. Lazım olan “nəticə” əldə olunubsa, uşağı mütləq tərifləyin.
Bəzən valideynlər maraqlanır ki, uşağı güvəcə öyrəşdikdə “pampers”lərdən istifadə etmək olarmı? Həkimlərin müşahidələrinə görə, “pampers” güvəcə öyrəşməsinə mane olmur. “Pampers” saxlamaq olar. Hal hazırda “tuman” şəklində “pampers”lər buraxılır. Güvəcə oturduqda uşaq onları aşağı salır (tuman kimi) sonra da geyinir.
Gün ərzində uşaqdan tez-tez soruşun: “Güvəcə istəmirsən?”.
Öyrənmənin əvvəlində uşaq tez-tez “səhvlər” edəcək. Vaxt keçdikcə “səhvlərin” sayı azalacaq. Səbirli olun.
Təxminən 2 yaşında uşaq öz bağırsaqlarını, 3 yaşında isə sidik kisəsini kontrol etməyə bacarır. Lakin bəzən hətta 2,5-3 yaşında olan uşaq yorulduqda və ya başı oynamağa qarışdıqda sizə xoşagəlməz “sürpriz” edə bilər. Bu halda da uşağı cəzalandırmayın.
4 yaşında uşaqların bir çox hissəsi gecə saatlarında sidik ifraz etmək üçün oyanır. Əgər 4 yaşından sonra uşaq gecə saatlarında sidik ifraz etmək üçün oyanmır və yataq yerini isladırsa, mütləq bu haqda pediatrla məsləhətləşin. Lazım olduqda pediatr uşağı digər mütəxəssislərə göstərməyi tövsiyə edəcək.
Əgər uşaq bütün sizin cəhdlərinizə baxmayaraq, güvəcdən istifadə etmək istəmir, ağlayır, isterikaya düşür və s. bu haqda nevropatoloq və uşaq psixoloqu ilə məsləhətləşin.