menzil

Daşınmaz əmlak bazarında bu il nələr gözlənilir?

Baxış sayı: 428

Artıq 10 gündür ki, 2023-cü illə vidalaşmışıq. Ötən il yaddaşımızda həm də bahalaşma ilə qaldı. İnflyasiyanın ən çox zərbə vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarı və mənzil kirayəsi sektorudur. Vətəndaşlar da, ekspertlər də mənzil qiymətlərindən şikayətçidirlər. Bəs 2024-cü ildə bu sahədə bizi nə gözləyir? Ev sahibi olmaq istəyən şəxslərin bu il üzü güləcəkmi?

 

“Gələn il kirayələr ucuzlaşacaq”

Əmlakçı Samir Rüstəmov dedi ki, gələn il bu sektorda ciddi qiymət artımları gözlənilmir: “2023-cü ildə qiymətlər onsuz da qalxıb. Amma 2024-cü ildə yenitikililərdə çox da artım olacağını gözləmirəm. Köhnə tikililərin qiymətində az da olsa artım var. Hazırda bazarda durğunluqdur. Bu zaman çox da böyük artımlar olmur. Kirayə bazarında isə qiymətlər fantastik həddədir. Əvvəl 450-500 manata olan evlərin qiyməti indi 700 manata qalxıb. Amma gələn il kirayə bazarında da elə böyük qiymət artımları olacağını düşünmürəm. Əksinə, gələn il üçün kirayə bazarında ucuzlaşma gözləyirik”.

 

10 faizə qədər yüksəlmə qaçılmazdır

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə düşünür ki, gələn il də mənzil qiymətləri bahalaşmaya doğru inkişaf edəcək: “Sıçrayışlı artım gözləməsək də, ən azı 10 faizə qədər yüksəlmə qaçılmazdır. Bunu deməyə əsas verən səbəblər var. Məsələn, artıq bazarda ucuz mənzillər qıtlaşır, təklif tədricən azalır. Tələb isə həmişə yüksək olaraq qalır. Digər əsas səbəblərdən biri bu il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri sərtləşdirməsindən sonra çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlərin tikintiyə sərf etdikləri maya dəyərinin artmasıdır. Qiymətin qalxmasının digər səbəblərindən biri də torpaq sahələrinin məhdudlaşması və torpaq bazarında olan bahalaşmadır. Bu gedişlə qiymətlər gələn il də artacaq”.

Ekspert qeyd etdi ki, regionda baş verən proseslər də daşınmaz əmlak bazarına birbaşa təsir göstərir: “Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi daşınmaz əmlak bazarımıza təsirsiz ötüşmür. Xüsusən də qonşu ölkələrdən daşınmaz əmlak almaq üçün insanların ölkəmizə gəlməsi həm kirayə bazarı, həm də mənzillərin qiymətlərini bahalaşdırır”.

Qiymətlər üç min manatdan yüksəkdir

R.Qasımzadə bildirdi ki, artıq kənar ərazilərdə belə bir kvadratmetrini 1000 manatdan aşağı mənzil tapmaq mümkün olmayacaq: “Keçən il deyirdik ki, bi kvadratmetrini 1500 manata ev görməyəcəyik. Amma gələcəkdə 2000 manata da tapa bilməyəcəyik. Çünki bir kvadratmetr üzrə qiymətlər üç min manata doğru inkişaf edir. Paytaxtın mərkəz hissələrində əvvəllər çoxmənzilli binalardan bir kvadratmetri 1500 manata ev tapmaq olurdusa, indi artıq mümkün deyil. Çünki qiymətlər 2000-2500 manat aralığındadır. Bir qədər kənarlarda – Qaradağ, Suraxanı, Sabunçu kimi rayonlarda əvvəl bir kvadratmetri 800-900 manata mənzil tapmaq mümkün idisə, artıq orada da qiymətlər 1200-1500 manat aralığında dəyişir. Tam mərkəz hissələrdə isə evlərin bir kvadratmetri 3000 manat və ondan daha yuxarı təklif olunur”.

 

“Tökülən” binalarda evlər 100 min manatdır

Ekspertin fikrincə, çoxmənzilli binalarda qiymətlər qalxdıqca, bu, təkrar mənzil bazarına da təsir göstərir: “Əgər yenitikililərdə bir kvadrat 3000 manata təklif olunursa, təkrar mənzil bazarında bir kvadratmetrini 1500-2000 manata satan da ona baxıb qiyməti ən azı 2500 manat edir. Nərimanov ərazisində təkrar mənzil bazarında “xruşşovka” layihəli binaların bir kvadratmetrinin qiyməti üç min manata çatıb. “Xruşşovka” layihəli bir otaqlı mənzillər 100 min manat və daha artıq qiymətə təklif olunur. “Kiyev”, “Leninqrad”, “xruşşovka”, “Minsk” layihəli köhnə binalar sökülür, yerinə çoxmənzilli yeni tikililər inşa edilir. Yenisi tikildikdən sonra daha baha qiymətə təklif olunur. Bu da qiymətlərə təsirini göstərir. Bir sözlə, ucuz mənzillərlə vidalaşmalı olacağıq”.

 

Fərdi yaşayış evləri də bahalaşacaq

Müsahibimiz qeyd etdi ki, gələn il hətta fərdi yaşayış evləri də bahalaşacaq: “Həyət evlərində torpaq sahələrinin qiymətinin artması, oktyabrın 1-dən etibarən sənədi olmayan fərdi həyət evlərinin inşasına məhdudiyyətlərin tətbiq edilməsi və kommunalla təminatın həyata keçirilməməsi onu deməyə əsas verir ki, onlarda da bahalaşmanı müşahidə edəcəyik. Fərdi yaşayış evlərinin qiymətinə birbaşa təsir göstərən əsas amil torpaq sahələri ilə bağlıdır. Bir neçə ildir ki, Bakıda torpaq sahələrinin qiyməti artır. Tikinti materialları qiymətlərə o qədər də təsir göstərmir, amma torpaq sahələrinin qiymətinin artması fərdi yaşayış evlərini bahalaşdırır”.

 

Bu evlərin kirayə qiyməti dəyişmir

R.Qasımzadə kirayə mənzil bazarından da danışdı: “Həm çoxmənzilli binalarda, həm də təkrar mənzil bazarında qiymətlərin artması kirayə mənzil bazarına da təsir göstərir. Bu il kirayə mənzil bazarında qiymətlər stabildir. Keçən il kirayə qiymətlərdə 20-25 faizə qədər artımın şahidi olduq. Amma gələn il üçün ən azı yaya qədər qiymətlərin sabit qalacağını düşünürəm. Yayda qiymətlərdə azalma da ola bilər. Hər il tələbələrin regionlara üz tutması ilə əlaqədar kirayə qiymətlərində enmə müşahidə edilir. Amma cari il bu da yaşanmadı”.
Ekspert bildirdi ki, həyət evləri kirayə üçün ən stabil variantlardandır: “Çünki həyət evlərində 150 manatdan beş min manata qədər istənilən qiymətə kirayə evlərə rast gəlmək mümkündür. Qiymətlər həyət evinin təchizatına, rahatlıq imkanlarına, şəraitinə görə dəyişir”.

 

Günlük kirayə mənzillər

2024-cü ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin əmlak qiymətlərinə təsirinə gəlincə, müsahibimiz dedi ki, günlük kirayə mənzillərin qiymətlərində artımlar ola bilər: “Formula 1″, COP29 kimi tədbirlər əsasən sutkalıq mənzil bazarına təsir göstərir. Aylıq kirayə bazarına bir qarışacağı yoxdur. Məsələn, günü 50 manata kirayə verilən mənzillər belə tədbirlər olan ərəfələrdə 80-150 manata olur”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir