et

“Bahalaşmadan sonra satışlarımız iki dəfə azalıb” – MÜSAHİBƏ

Baxış sayı: 563

 İnflyasiyanın təsir etdiyi sahələrdən biri də ət bazarıdır. Bu tendensiya artan temp üzrə inkişaf etməkdədir. Artıq bazarlarımızda xaricdən gətirilmiş ətlərə daha çox rast gəlirik. Bahalaşmanın ət bazarına necə təsir etdiyini, müştərilərin daha çox yerli, yoxsa xaricdən gətirilən ətə üstünlük verdiklərini öyrənmək üçün bu sahənin peşəkarları ilə söhbətləşdik. Müsahibimiz uzun illərdir peşəkar qəssab fəaliyyəti ilə məşğul olan Səbuhi Hüseynovdur:

 

– Səbuhi bəy, müştəriləriniz hansı ətə daha çox üstünlük verirlər? 

– Ən çox tələbat dana ətinədir. Gündə 70 kiloqram dana əti satılırsa, 20 kiloqram quzu əti satılır. Qoyun ətini təsadüfi halda soruşurlar.

 

– Bəs bu ətlərin arasında qiymət fərqi necədir?

– Qiymət ətin keyfiyyətindən asılıdır. Ən yaxşı ət 14-15 manatadır. Bu qiymətdən aşağı satılan ətin keyfiyyəti yaxşı  olmur. Yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun bir kiloqramı isə 18-20 manatdır. 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur.

.

– Müştəri qıtlığı yaşamırsız?

– Gündəlik alver var. Amma həftə sonları insanlar evdə olduğu üçün alıcı daha çox olur.

 

10 kiloqramdan 2 kiloqrama…

– Müştərilər indi neçə kiloqram ət alırlar? 

– Əvvəl ən azı 3-4 kiloqram alardılar. Bir çox hallarda 7-10 kiloqram sifariş edirdilər. İndi isə bir müştəri maksimum 2-3 kiloqram ət alır.

 

– Mövcud vəziyyət gündəlik ət satışınıza necə təsir göstərib?

– Satışlarımız iki dəfə azalıb. Bahalaşmadan öncə həftə içi hər gün 140-150 kiloqram ət satılardı. Bu rəqəm həftə sonu 170-200 kiloqrama qədər qalxırdı. İndi gündəlik 70-80 kiloqram ət satırıq. Həftə sonu maksimum 100 kiloqram olur.

– Bahalaşmadan sonra bir ayda neçə heyvan kəsirsiniz? 

– Əvvəl ət kəsimi hər gün olardı. Ayda 25-30 heyvan kəsərdik. İndi isə bu göstərici aylıq 10-12-dir. Alıcılıq qabiliyyəti zəiflədiyi üçün həftədə 3-4 baş heyvan kəsirik. Həftə içi iki gündə bir, həftə sonları isə hər gün.

 

“Bir manat belə qalmır”

– Hazırkı qazancınız sizi qane edirmi?

– Əvvəl hər kiloqramdan minimum 3-4 manat qazanc qalırdı. İndi bir manat qaldıqda şükür edirik.

– Bu dəyişikliklər sizin üçün hansı çətinlikləri yaradıb? 

– İnsanların alıcılıq qabiliyyəti aşağı düşüb, satış zəifləyib. Başqa heç bir çətinliyimiz yoxdur.

– Qiymət artımına bayramların və ya mövsümlərin təsiri olurmu?

– Bayramların həmişə ətin qiymətinə təsiri olub. Bu, bayramlara bir həftə qalmış az da olsa, hiss edilir. Mövsüm üzrə bahalaşma əsasən aprel-may aylarına təsadüf edir. Çünki qışda tədbir görülür, yazın sonu isə tədarük bitir, yəni yem, ot azalır. İyun-iyul ayında qiymətlər yenidən sabitləşir.

 

“Heyvan boldur, amma bahadır”

– Heyvanı haradan alırsınız?

– Əsasən Bərdə və Ağcabədidən. Çünki heyvanı rayondan almaq daha sərfəlidir. Həm də Bakıda heyvan bazarı azdır. Rayon heyvanı olmadıqda müştərilər dadından bilir. Rayon heyvanının əti daha dadlı olur. Çünki heyvan orada daha təbii qidalanır. Bakıda heyvanlara çörək kimi qidalar da verilir və nəticədə ətin dadında fərq yaranır.

– Bazarda heyvan sayında azalma hiss edirsiniz?

– Rayonda heyvan boldur. Azalma çox az hallarda olur. Amma bahalıqdır. Fermalarda 50-100 baş mal saxlayırlar, hər həftə on baş satırlar. Azalma əsasən iyun-iyul aylarına təsadüf edir. Sentyabr ayında digər heyvanlar yetişəndə satışa çıxarırlar. O zaman yenidən bolluq olur. Amma bu, qiymətə təsir etmir.

 

Ətin Bakıya gəlişi 30-40 manatdır

– Rayon bazarında müşahidə etdiyiniz dəyişikliklər varmı?

– Əvvəl alqı-satqı zamanı çəki gözəyarı olurdu. Yəni təxmini 100 kiloqramlıq dana alırdıq, gətirib çəkəndə 110-115 kiloqram olurdu. Ucuz idi deyə problem yaratmırdılar. Amma indi hamı tərəzilərlə heyvanın çəkisini bilir. Artıq dəqiq çəkisinə görə qiymət qoyurlar. Məsələn 100 kiloqramlıq dana 1300 manatdırsa, 13 manatdan almış oluruq. Bakıya gəlməyi 30-40 manatdır. Qiymət avtomatik 13 manat 50 qəpik olur. Üzərinə də 1 manat qoyub 14 manat 50 qəpiyə satırıq.

 

Rayonda ətin kiloqramı 13 manatdır

– Bəs rayonlarda ətin qiyməti necədir?

– Rayonlarda ət Bakıdan 1 manat ucuzdur. Rayonda ətin kiloqramı 13 manat – 13 manat 50 qəpikdir. Bakıya gələnə qədər hər heyvanın üzərinə pul əlavə olunur deyə, 1 manat fərq yaradır.

 

– Xaricdən də ölkəmizə ət gətirilir…

– Xaricdən ət gətirilməsi həmişə olub. Sadəcə mövsümi xarakter daşıyır. Bizə ət əsasən Rusiya və Belarusdan gəlir. Əvvəllər Ukraynadan da çox gətirilirdi. Amma müharibəyə görə indi demək olar ki, yoxdur. Qazaxıstandan qoyunlar gəlir. Monqolustandan ucuz qiymətə kəsilmiş ətlər gəlir. 13 manat -13 manat 50 qəpikdən təklif edirlər. Satışı isə 17 manatdır.

– Xaricdən ət gətirilməsinin yerli ətin qiymətinə təsiri varmı? 

– Cüzi də olsa təsir edir. Məsələn, 15 manata satırdıq. Amma indi müəyyən yerlərdə 14 manat -14 manat 50 qəpikdir. Bu ətlər daha çox bazarlarda olur. Oralarda satılan ətlərin 90 faizi xarici ətlərdir. Bazarlarda qiyməti 7-9 manat arasındadır. Xaricdən gətirilən ətlərdən restoranlar da istifadə edir. Amma qəssabxanalarda o qədər də satılmır. Yerli heyvanlarımız daha dadlıdır. Ona görə xaricdən gələn məhsulu almaq bizə sərf etmir.

Ət ucuzlaşır, kəndli əziyyət çəkir

– Necə düşünürsünüz, xaricdən ət gətirilməsi bazardakı problemləri həll edə bilirmi?  

– Xaricdən ət gətirilməsi bazarda qiymətləri ucuzlaşdırsa da, kənd təsərrüfatımıza ziyanı vurur. Çünki kəndlimiz heyvanı yemlə saxlayır. Yem də bahadır, kəndlinin xərcini ödəmir. Bu hal rayondakı sahibkarlara çox mənfi təsir edir. Bir çox fermerlər təsərrüfatlarını ləğv ediblər.

 

“Ətin ucuzlaşması artıq mümkünsüzdür”

– Bundan sonra ətin qiymətində azalma və ya stabilləşmə görə bilərik?

– Ətin bundan sonra ucuzlaşması mümkün deyil. Bu gedişlə qiymət daha da artacaq.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir