erken nikah 1

Nikah və boşanmalarla bağlı qaydalar dəyişdi – Bəs erkən nikahla bağlı nə var?

Baxış sayı: 587

Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Dəyişikliyə əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə edilir. Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır. Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni 3 qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılır.

Bəs görəsən, bu dəyişiklik özündə nələri ehtiva edir? Prosesin elektron şəkildə aparılması bəzi neqativləri aradan qaldıracaqmı? Nəzərə çatdıraq ki, zaman-zaman sosial şəbəkələrdə, mediada pul müqabilində erkən nikah üçün sənədlərin alındığı, qeyri-rəsmi nikahların bu şəkildə rəsmiləşdirildiyi barədə iddialar səsləndirilir.

Qeyd etmək yerinə düşər ki, son vaxtlar erkən nikahla bağlı məsələ çox müzakirə edilir. Hətta qanunvericilikdə dəyişikliyin edilməsi təklif olunmuşdu. Xüsusilə də, erkən nikahla bağlı qanunvericilikdə boşluqların olduğu bildirilirdi.
Bir gün öncə isə 16 yaşlı qızın 32 yaşlı kişi ilə qaçması xəbəri xeyli müzakirələrə səbəb oldu. Belə ki, Baku TV-də Ruslan və Yeganə cütlüyünün bir-birinə qoşularaq qaçması və 2 ay öncə toylarının olması haqda reportaj yayımlanıb. Məsələdə diqqətçəkən məqam isə gəlinin nikah yaşına çatmaması və öz yaşından 2 dəfə böyük olan fiziki qüsurlu 32 yaşlı şəxslə ailə həyatı qurmasıdır.

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı dedi ki, qeyd olunan dəyişikliyin nikah və boşanmalara müsbət və ya mənfi təsiri yoxdur:

uzeyir-sefiyev-sosioloq.jpg (76 KB)

“Burada sadəcə “elektron hökumət” kontekstində biz bu qərarı izah edə bilərik. Əgər söhbət erkən nikahlardan gedirsə, təəssüf ki, bununla bağlı qanunvericilikdə hər hansı dəyişiklik yoxdur. Neçə gündür müzakirə edilən məsələ, 16 yaşlı qızla 32 yaşlı oğlan guya ki ailə qurublar, halbuki 16 yaşlı qızla cinsəl təmas cinayət məsuliyyəti yaradır. Bəhanə gətirirlər ki, könüllü olub, heç dəxli yoxdur, qız qaçırmaq bütövlükdə cinayət məsuliyyəti yaradır. Onsuz da bunun nikah münasibətlərinə heç bir aidiyyəti yoxdur. Erkən nikah halları bəzən nikahdan kənar qapalı şəkildə gedən prosesdir. Ailə qururlar, 17 yaşına çatanda yerli icra hakimiyyəti orqanları ilə danışırlar, guya 17 yaşla bağlı istisna arqumentindən istifadə edirlər, baxmayaraq ki nikah yaşı 18-dir, ya valideynin xəstəliyi, ya da arzuolunmaz hamiləlik olduğuna görə nikah yaşını ertələyib 17 yaşa salırlar. Elə buna görə də yaxşı olardı ki, erkən yaşda nişanlanmaq da cinayət məsuliyyəti yaratsın. Çünki bundan sui-istifadə edirlər”.

Ekspert əlavə edir ki, valideynlər əksər vaxtlarda “övladımız evlənmir, sadəcə nişanlanır” deyə bəhanə gətirirlər:

“Bu adla onlar erkən nikahı həyata keçirirlər. İstisna hal kimi olan 17 yaşına çatan kimi evlənmə məsələsi də aradan qaldırılmalıdır. Fikir verin, bir il ərzində 2300-ə yaxın 17 yaşa qədər analar tərəfindən dünyaya gətirilən övladların sayı statistik məlumatlarda varsa, bu artıq məsələnin ciddiliyini ortaya qoyur. Bir sözlə sözügedən qərarın erkən nikaha, boşanmaya prinsipial təsiri yoxdur və olmayacaq. Bu cür neqativ halların aradan qalxması üçün ilk olaraq istisna yaş həddi olan 17 yaş məsələsi aradan qalxmalı, nişanlanma və adaxlanma kimi törənlərə görə valideynlər məsuliyyətə cəlb olunmalıdır. Çünki o valideynlər erkən nikaha sövq etmək üçün uşaqlarını məktəbdən yayındırırlar”.

 

Afaq Mirayiq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir