konul ceferli

32 yaşında dul qalmış qonşum

Baxış sayı: 860

Qadın olmaq çətindir, mühafizəkar, tabularla zəncirlənmiş toplumlarda isə daha müşkül. Qadınsansa, çətin öz həyatını, arzularını yaşayasan. Kimsə imkan verməz.

Böyük bir “camaat” əngəli hər zaman ayağına dolaşar, hər addımda “kim nə deyər” bıçağını kürəyində hiss edərsən. Bəzən üsyan eləsən də, bir yerdə mütləq dirənib, yenidən təslim olacaqsan. Hər cəhdin sonda məğlubiyyətlə nəticələnəcək. Ona görə yox ki, gücsüzsən. Çünki səni tək özünlə yox, doğmalarınla da “vuracaqlar”. Məsələn, “qızının adına söz çıxar, alan olmaz” kimi axmaq fikirlərlə yüzlərlə qadını boşanmaqdan çəkindirir, ömrünün sonunadək şiddət, təhqir, məhrumiyyətlə dolu yaşama məcbur edirlər. “Camaat”ın məhv etdiyi onlarla qadın hekayəsi danışaram. Hamısı yarımçıq, didik-didik, məhkum olmuş talelərdir.

Nə qədər “ağılsız rəydir, tabe olmaram” desən də, əzizlərini qoruya bilməyəcəyini düşünüb, susur, razılaşmalı olursan. Bununla da daha bir qadın ömrü ala-yarımçıq başa çatır. Hələ yarımqadın olmağın faciəsindən danışmıram. Ətrafınıza baxın, neçə nəfər tam qadın görə bilirsiniz? Varmı? Tanımıram.

Ağlın kəsəndən çox gülmə, qaçma, oğlanlarla oynama, həyətə az düş, ağır ol kimi saymaqla bitməz qadağa siyahını belinə yükləyirlər. Daşı daşıya bildiyin qədər.

Balaca qızlara “Yıxılanda da diqqət et, ətəyin qalxmasın, biabır olarsan”, xəbərdarlığı nəyə desən “dəyər”. Yadımdadır, uşaq vaxtı yıxılanda aldığım yaradan daha çox məni donumun ətəyi narahat edərdi. Tez kənara boylanar, “görən varsa, biabır oldum” qorxusu ilə əsərdim. Kimsə yan-yörəmdə olsaydı, günlərlə xəcalətimdən həyətə düşməz, özümü xalq içində rüsvay olmuş kimi hiss edərdim. İndi gülməlidir, deyilmi? Amma biz o travmalarla böyümüşük.

Bəzən yazırlar, bizim qadınlar sevgili, həyat yoldaşı olmağı bacarmır. Niyəsini də düşünürsünüzmü? Uşaqlıqdan psixoloji zədə ilə yetişən qadından siz necə bir “əsər” gözləyirsiniz?

32 yaşında dul qalmış qonşum var. Saçını boyamır, artan ağ tüklərini olduğu kimi saxlayır. “Rəngləsəm, elə bilərlər ki, həyatımda kimsə var, ona görə bəzənirəm”,-deyir. Min dəfə söhbət etsəm də, xeyri yoxdur. “Ərsiz qadınam, adıma söz çıxar, oğlum böyüyür. Sabah kimsə söz atar, qan düşər”, deyib, həyatını dəfn edib artıq.

Birdir, ya iki? Hansını yazasan? Cəmi üç ilin gəlini olmuş qohumum söyləyir ki, gün ərzində mağazaya bircə dəfə düşürəm. Çörək almağı unutsam da, ikinci dəfə aşağı enmirəm ki, qonşular şübhələnər, kiminləsə görüşdüyümü zənn edərlər.

Şərq toplumunda əksər qaydalar ikilidir. Kişiyə “kişilik” yükləyən hallar qadın üçün rüsvayçılıq sayılır. Hər şeydə belədir. Yəqin eşitmiş olarsınız: “Yazıq qız boşanıb bədbəxt oldu”, söyləyirlər. Bəli, məhz dul qaldığı üçün bədbəxt qəbul edilir. Yenidən ailə qura bilməz ki? Qurar əlbəttə, əgər normal şərtlərlə yaşadığı çevrəsi, cəmiyyəti varsa. Əvvəla dul qadınsansa, çətin səninlə bir subay evlənmək istəyə. Çünki istifadə olunmuş, artıq “ikinci əl” sayılırsan. Əbəs deyil ki, bizdə 50 yaşlı kişi də bakirə axtarır.

Boşanıbsansa, kimsə sənin ağlına, istedadına, qabiliyyətinə, mənəviyyatına baxmaz, özü baxmaq istəsə də, çevrəsi, ailəsi imkan verməz, “yararsız mal” kimi nəzər yetirər. Elə bu cür milli düşüncəni bildiyi üçün də qadınların çoxu boşanmaqdan qorxar, hər əziyyətə qatlaşar, amma ərindən ayrılmaz. Hələ qızın varsa, boyun əyməkdən başqa seçimin heç olmaz. İstisnalar var əlbəttə, amma ümumi mənzərə budur. Dul kişiyə olan münasibət dul qadına eyni deyil. Təfərrüatını hamımız bilirik.

Yanlış anlamayın, qəti boşanmanı təbliğ etmirəm. Bu özü də övlad üçün ayrıca bir travmadır. Amma əgər əzab çəkir, sağlamlığınızı itirir, insan kimi məhv olur, balanız hər gün münaqişə görürsə, ayrılmaq doğru qərardır. Boşanmaqdan qorxmayın. Göründüyü qədər də vahiməli deyil. Ağrılı, amma mümkün addımdır.

Hətta kənardan “işgüzardır, karyera qurub, azaddır” dediyiniz qadınlar da bir şəkildə məhkumdurlar. Hərəsinin bilmədiyiniz zənciri var, ya özünə, ya da kimə görəsə ayağına bağlayıb.

Nə zaman bu axmaq gediş dəyişəcək, kim sındıracaq qadınla bağlı tabuları, bilmirəm. Kişilərin etməyəcəyi bəlli. O zaman çarə özümüzə qalır. Bəlkə də tək-tək gücümüz çatmaz, amma həmrəy olaraq nəsə edə bilərik. Qonşular “Filankəs axşam taksidən düşdü”, deyəndə müzakirə açılmasına imkan verməyək, qadın olduğumuz üçün qadına dəstək olaq. Bunu tək özümüz üçün deyil, böyüyən qızlarımız üçün də edək. Onlara zəncirsiz, azad toplum verə bilməyimiz üçün.

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir