Təkcə may ayının sonuncu həftəsində evdən qaçan 4 azyaşlı olub. Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də Yevlax rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 24-də Xəzər rayonunun Binə qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, mayın 26-da Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 15 yaşlı oğlan və Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Evdən qaçan yeniyetmələrin əksəriyyəti ailədaxili təzyiqdən və zorakılıqdan bu addımı atdığını deyir. Lakin araşdırmalar onu göstərir ki, əsasən rayonlardan qaçıb Bakıya gələn yeniyetmələrin evdən qaçmasına səbəb paytaxtda həyatın daha cəzbedici və mühitin sərbəst olmasına inanmalarıdır.
Evdən qaçan yeniyetmənin kimliyi müəyyən olunandan, tapılıb ailəsinə təhvil veriləndən sonra Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra hakimiyyətlərinə tapşırıqlar verilir, komitənin regionlarda olan mərkəzlərinin psixoloqları həmin ailələrlə işləyir. Əsas məsələ onların cəmiyyətə reinteqrasiyasıdır və reabilitasiya keçilməsi, əsasən də psixoloji dəstək göstərilməsidir. Əgər hüquqi dəstək varsa Komitə bu sahədə də kömək göstərir. Doğrudur, mərkəzi qurum olaraq bu barədə idarəetməni AQUPDK təşkil edir, amma yerlərdə İcra Hakimiyyətləri də bu istiqamətdə işləməlidir. Yerli icra və təhsil orqanları kontakt şəkildə iş apararaq daha yaxşı nəticə əldə edə bilərlər.
Yeniyetmələrin evdən qaçmasına, adətən, zorakılığın səbəb olmasını demək olar. Lakin bu yeganə səbəb deyil. Fiziki, mənəvi və ya iqtisadi asılılıq zəminində yaranan zorakılıq yeniyetməni evdən uzaqlaşdıran səbəblərdən biridir. Ailə böyükləri arasında baş verən zorakılığa şahid olan yeniyetmə bu səbəbdən evdən qaça bilər, amma uşaqların internetin, virtual dostların və çevrənin, habelə real çevrəsinin təsiri altına düşməsi faktı da var. Yalnış xəbərlərin təsirinə düşən yeniyetmələr var, hətta özünü öldürmə hədinə çatdırma halları da baş verir, bunu nəzərə alaraq internet təhlükəsizliyi ilə əlaqədar işlər də aparılır.
Yeniyetmələrin bəzilərinin ona uyğun olmayan mühitə, dini sektalara düşməsi və oradan təsirlənməsi halları da olur. Elə sektalar olur ki, yeniyetmə onun əhatəsinə düşür və ailəsindən uzaqlaşır, bu çevrə yeniyetmələrin beynini, düşüncəsini dəyişir, təhsildən uzaqlaşdırır. Məktəblərdə ciddi iş aparılmalıdır. Təhsil uşaqlara zorakılığın normal bir şey olmamasını tədris etməlidir, ailələrdə iş aparılmaldır.
Evdən qaçan uşaqlar arasında 13-15 yaşlı yeniyetmələr üstünlük təşkil edir. Onların hər biri fərqli səbəbdən evdən qaçır – kimisi evdəkilərlə yola gedə bilmir, kimisi ailə təzyiqini əsas gətirir, bəziləri də sırf azadlıq axtaranlardır. Səbəbi hər nə olur-olsun yetkinlik yaşına çatmayan şəxslərin evdən getmələri təhlükəlidir. Ev ən etibarlı sığınacaqdır.
Bir çox yeniyetmə ailədaxili münaqişələrdən uzaq qalmaq üçün evdən qaçmağa üstünlük verirlər. Evdən qaçmaq yeniyetmə üçün ciddi travma riski yaratmaqla yanaşı, valideynlərin də narahatlığına səbəb olur. Yeniyetməlikdə evdən qaçmağın səbəblərini ümumiləşdirdikdə onların həyəcan və macəra yaşamaq istəyi də tərəzidə ağır gəlir. Həmçinin, ailədə zorakılığa məruz qalma, onlayn çevrəsinin, filmlər, kompüter oyunlarının təsiri, ailəsinin uşağa maddi və mənəvi dəstək göstərməməsi, evdən qaçan bir dostunun hərəkətini təkrarlamaq istəyi də evdən qaçmaq səbəbi ola bilər.
Təcrübə göstərir ki, evdən qaçan uşaqlar çox vaxt yaşadıqları macəranı maraqlı, həyacanlı günlər kimi ifadə edir. Yaşlarından qaynaqlanan səbəbə görə, onlar evdən kənarda onları gözləyən təhlükə barədə çox az düşünürlər. Bəzən təhlükəni hiss edəndə və buna görə evə geri dönməyə çalışanda başlarına bədbəxt hadisələr də gələ bilir.
Etiraf etmək yerinə düşər ki, pandemiyadan sonrakı dövrdə Azərbaycan ailələrində tarix boyu görünməmiş gərginlik müşahidə edildi. Müşahidələr və statistika da göstərir ki, bizim ailələrdə heç vaxt bu qədər evdənqaçma halları, qətl, zorakılıq baş verməyib. Amma məlum evəqapanma prosesindən sonra ilədaxili intizam anlayışı yox oldu, əvəzində azadlıq və demokratiya haqqında danışa-danışa ailələri parçalayan cürbəcür institutlar peyda olub. Bu istiqamətdə KİV-in və cəmiyyətin “rolu” da danılmazdır. İndi əksər media orqanı ailə məsələsinə həssas yanaşmır, ailə sirləri reytinq uğruna faş edilir, bütün bunlar edilərkən isə uşaqların həssaslığı, yeniyetmələrin dəyişkən psixoloji vəziyyətləri nəzərə alınmır.
Hamıya məlumdur ki, qəzet və saytlarda, bəzən televiziya kanallarında internetdə tanış olduğu oğlanla qaçan yeniyetmə qızlar barədə olduqca çox məlumat yayılır. Uşaqların evdən qaçmasında günahkar isə internet amili hesab edilir. Yaşlı nəsil qətiyyətlə əmindir – internet yeniyetmələri yoldan çıxarır. Gənc nəsil isə internetin bu məsələdə günahsız olduğunu deyir. Məsələ burasındadır ki, gənc nəsil evdən qaçmaq istəyən yeniyetmənin internetsiz də bir yol tapa biləcəyinə əmindir. Ata-ana tv proqramlarına çıxıb itkin qızını axtarır, efirdə onu xeyli ağladandan, göz yaşlarını reytinq üçün sümürəndən sonra qızına zəng edib efirə qoşurlar. Qızı da elə o zəngdə, o efirə ötkəm-ötkəm “məni axtarmayın, mən sevgimin dalınca getmişəm” deyir. 14-15 yaşlı yeniyetmədir və bu yaşda evdən sevgi üçün qaçır. Günahı kimdə axtaraq?
Televiziyanın nə qədər təsirli bir vasitə olduğu hamıya məlumdur. O cəmiyyətin istiqamətini də müəyyənləşdirə bilir, əxlaqını da. Yaxşı örnək də ola bilir, pis örnək də. Televiziya verilişlərinin cəmiyyətə töhfə verəcək dövrləri yaxın keçmişdə qaldı. Əvvəl cəmiyyətin yarasını sarıyan televiziya verilişləri indi yaranın qaysağını qopartmaqla məşğuldur. Ümumiyyətlə, mənəvi dəyərlərə uyğun, cəmiyyəti düzgün istiqamətə yönəldən, gənclərimizi gələcəyə yaxşı hazırlayan televiziya proqramları yox dərəcəsindədir. Daha ailəlikcə, böyüklü-kiçikli izlədiyimiz intellektual şoular yoxdur efirdə, əvəzində əxlaqdan yoxsul, yüngül şoular ayaq açıb efirə. O şouların əks-təsirini də evdən qaçan uşaqların, uşağını atıb başqa kişi ilə yaşayan qadınların, qızı yaşda sevgilisi ilə qaçan kişilərin timsalında görürük.
Yuxarıda verdiyimiz statistika yalnız 1 həftə ərzində baş verənlərdir. Əgər belə davam edərsə ailəsından qaçan uşaqlar artacaq, başqasına fiziki zorakılıq tətbiq edən yeniyetmələr çoxalacaq, ailə intizamı, bütövlüyü məsələsi tarixə dəfn ediləcək. Ailələrin sosial-psoxoloji vəziyyəti barədə ciddi sosial araşdırmalar edilməli, problemlə birbaşa peşəkarlar işləməlidir. Bunun üçün xüsusi komissiyalar yaradıla bilər, komissiyalar icra hakimiyyətlərinin strukturunda fəaliyyət göstərə bilər, onlar ailələr ilə işləyə bilərlər. Bununla bağlı metodika hazırlanmalıdır, iş mexanizmi qurulmalıdır. Bu vəsaiti isə konkret olaraq ölkənin sosial-psixoloji durumuna uyğun formada peşəkarlar hazırlanmalıdır, nəinki yad layihələr və proqramları tətbiq etmək.
Lalə Mehralı