Valideyn

Övladlığa uşaq götürmək üçün hansı tələblər var?

Baxış sayı: 391

İnsanların zaman-zaman şikayətləndiyi məsələlərdən biri də övladlığa uşaq götürməklə bağlıdır. Hansı hallarda uşaq övladlığa götürülə bilər? Kimlərin uşaq övladlığa götürmək hüququ var?

Bu məsələlərə aydınlıq gətirən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov bildirir ki, yalnız yetkinlik yaşına çatmayanlar övladlığa götürülməsinə icazə verilir. Üstəlik, mütləq uşağın doğumu müvafiq qurumda qeydə alınandan sonra buna icazə verilə bilər.

Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Amma ər və yaxud da arvad özünün nikahdan olmayan uşağını, yaxud həyat yoldaşının uşağını övladlığa götürə bilər.

Vahid Sadıqov qeyd edir ki, uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Hakim əcnəbilərin övladlığa uşaq götürməsinə hansı hallarda yol verildiyini də açıqladı. Onun sözlərinə görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin uşaq övladlığa götürməsinə o halda icazə verilir ki, həmin uşaqları ölkədə daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmasın. Yaxud da uşaqları öz qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə onların əcnəbilərə övladlığa verilməsi mümkündür.

“Uşaqlar ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron informasiya ehtiyatlarında vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan vətəndaşı olmayan, lakin elektron informasiya ehtiyatlarında vahid uçota alınmış uşaqların isə ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 il müddət keçdikdən sonra yol verilir”, – Vahid Sadıqov bildirib.

Hakim övladlığa götürmək hüququ olan şəxslərin kimliyinə də aydınlıq gətirdi. O bildirib ki, ögey ata və ya ana, eləcə də qohumları istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25 müəyyənləşdirilib. Nikahda olmayanlar üçün isə yaş həddi 30-dur.

Bundan başqa, ögey ata və ya ana, habelə qohumları istisna olmaqla, övladlığa götürmək istəyən, lakin nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşaq arasında yaş fərqi 18-dən az olmamalıdır:

“Məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda, müəyyən edilən yaş həddi və yaş fərqi azaldıla bilər. Uşağın övladlığa verilməsi zamanı yuxarıda göstərilən tələblər nəzərə alınmaqla, nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 il) müddətində nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə), habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir”.

valideyn

Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan və yuxarıda qeyd olunan yaş senzinə dair tələblərə cavab verən şəxslər övladlığa götürən ola bilərlər:

  • məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
  • məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
  • qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
  • əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
  • səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
  • məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
  • barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
  • ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

Vahid Sadıqov deyir ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər: “Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla, yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən, minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır. Göstərilən tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyənlərlə birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir”.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir