valideyn

Övladlığa götürə bilmirsinizsə, himayə edin – TƏKLİF

Baxış sayı: 380

Azərbaycanda övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb. Bütün prosedur online şəkildə həyata keçirilir. Hazırda ölkəmizdə “Himayədar ailə” modelinin də tətbiqinə hazırlıq işləri aparılır. Məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaradılmasıdır.

 

Tamamilə online – daha şəffaf, daha operativ

Övladlığa uşaq götürmək istəyən valideyn-namizədin özü, “Himayədar ailə” olmaq istəyən şəxslərin özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər tərəfindən notariat orqanına müraciət edilir və övladlığa götürmə ilə bağlı ərizə alınır. Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd “ASAN Loqin” vasitəsilə Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradır. Şəxsi kabinetdə valideyn-namizəd müraciət bölməsini doldurub, təsdiq edir və müraciət baxılmaq üçün Sosial Xidmətlər Agentliyinə yönəldilir.

Sosial Xidmətlər Agentliyi tərəfindən müraciət təsdiq edildikdən sonra valideyn-namizəd uçota alınmış hesab olunur. Övladlığa uşaq götürmək istəyən valideyn-namizədin və “Himayədar ailə” olmaq istəyən şəxslərin və bu şəxslərlə birlikdə eyni ünvanda yaşayan digər şəxslərin sağlamlıqla bağlı arayışları tələb edilir.

ƏƏSMN-nin elektron səhifəsində əks edilmiş hazırkı məlumatlara görə, mövcud övladlığa götürülə biləcək uşaqların sayı 27 nəfərdir. Sağlam uşaqların sayı 15, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sayı 1, sağlamlığında müxtəlif xarakterli problemlər olan uşaqların sayı 11, oğlan uşaqlarının sayı 14, qız uşaqlarının sayı 13 nəfərdir.

 

Himayə et, ailə ol

“Himayədar ailə” modeli, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

Övladlığagötürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bu modelin tətbiqinin məqsədi himayədar ailələri düzgün qiymətləndirib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.

Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. Yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları himayədar valideyn ola bilərlər. Bunun üçün tələb olunan öhdəlikləri tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsindən oxumaq mümkündür.

Ümumiyyətlə, “Himayədar ailə” metodu olduqca effektiv bir üsuldur. Övladlığa vermə məsələsi həm həssas məsələdir, həm də dövlət siyasətidir. Uşaqların təhlükəsizliyi məsələsi ən vacib məsələdir. Ona görə də uşağın kimə verildiyi, hansı ailəyə övlad ola biləcəyi, o ailədə uşağın təhlükəsizliyinin təminatı, sevgi ilə əhatə olunması məsələləri son dərəcə diqqətlə işlənməlidir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir